" Azərbaycan öz ərazisindədir, öz tarixi, əzəli kəndinə sahib çıxıb" - Deputat

OXUNUB: 634 Özəl GÜNDƏM SİYASƏT
Artıq Xocalı rayonun Fərrux kəndi də Azərbaycan Ordusunun nəzarətindədir. Kənd Əsgərandan 16 km, Xankəndidən 32 km məsafədə yerləşir.

Bu kənd həm də bütövlükdə Ağdam rayonunun təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir.

Xatırladaq ki, daha əvvəl Azərbaycan Müdafiə Nazirliyi martın 26-sı səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərdikləri ilə bağlı məlumat yaymışdı.

10 Noyabr bəyanatının 4-cü bəndinə əsasən qanunsuz erməni birləşmələri həmin ərazilərdən çıxarılmalı idi. Artıq iki il keçməsinə baxmayaraq bu məsələ öz həllini tapmayıb və Rusiya sülhməramlıları 10 noyabr razılaşmasının müddəalarına əməl etmək əvəzinə onu pozurlar.

Məsələni 7NEWS.az-a şərh edən Milli Məclisin deputatı Elşən Musayev, öz növbəsində, üçtərəfli razılaşmanın 4-cü bəndinə uyğun olaraq erməni separatçılarının Qarabağdan çıxmalı olduqlarını qeyd edib.

"Bəli, Fərrux kəndi artıq bizdədir. Hətta bunu Fərrux Zəfəri də adlandıra bilərik. Doğma kəndimizdir, yaxşı edib qayıtmışıq. Bu, kimisə, ələlxüsus da Rusiyanı, onun Müdafiə Nazirliyini niyə belə narahat edir ki? Azərbaycan məgər başqasının ərazisinəmi girib, haranısa işğalmı edib? Xeyr. Azərbaycan öz ərazisindədir, öz tarixi, əzəli kəndinə sahib çıxıb. Düz də edib. Hətta ən doğru olanı edib.

Üçtərəfli razılaşmanın 4-cü bəndinə uyğun olaraq erməni separatçıları Qarabağdan çıxmalı idilər. Çıxmasalar çıxardılmalı idilər. Çıxdılarmı? Çıxmadılar. Ona görə indi özümüz çıxarırıq", - deyə deputat bildirib.

Onun sözlərinə görə, BMT-nin Qətnamələrini 44 günlük Vətən Müharibəsi dövründə necə özümüz icra etdiksə, üçtərəfli razılaşmanın müddəalarını da yenə özümüz təkbaşına icra edirik.

"Bu bizim haqqımızdır. Bu bzim suveren hüququmuzdur. Bura bizim ərazimizdir. Odur ki, Rusiyanın Müdafiə Nazirliyi Azərbaycana irad tutmaq əvəzinə getsin üçtərəfli razılaşmadakı bəndləri bir də yaxşı-yaxşı oxusun, gerçəklikləri görsün.

Eyni zamanda Rusiyanın nəzərinə çatdırmaq lazımdır ki, 2 dövlət arasında imzalanan 22 fervral tarixli "müttəfiqlik münasibətləri haqda” bəyanata zidd hərəkətlər etmək, addımlar atmaq olmaz. Rusiya isə bunu edir və nə təəssüf ki, çox açıq formada edir. Erməni separatçılar Fərrux kəndi ətrafında mövqe qazananda Rusiya hara baxırdı, neyləyirdi? Mane olurdumu? Razılaşmalar, Azərbaycanın suveren hüquqları Rusiyanın yadına düşürdümü? Xeyr. Tam əksinə, Rusiya həmin vaxt erməni ünsürlərinin hərəkətini sakitcə seyr edirdi, hətta məqamı gələndə onları bəsləyirdi. Ona görə indi məsləhət verməyə, irad tutmağa da haqqı yoxdur. Azərbaycan nə edirsə düz edir. Ümumiyyətlə cənab Prezident İlham Əliyev hansı addımı nə zaman atmağın lazım olduğunu hamıdan gözəl bilir", - deyə Elşən Musayev vurğulayıb.

RƏYLƏR