“Media haqqında” yeni qanun daha əhatəli və genişdir” - Vüqar Zifəroğlu

OXUNUB: 375 GÜNDƏM SOSİAL
Məlum olduğu kimi, "Media haqqında” yeni qanun layihəsi Milli Məclisin və medianın müzakirəsinə verilib. "Media Haqqında Qanun” mətbuatın mövcud problemlərinin həllinə nail olmaq üçün hansı imkanları yaradacaq. Və yaxud mediamız hansı problemlərlə üz-üzədir? Qaldırılan məsələlər nə dərəcədə qanedici və obyektivdir? Bu və digər məsələlərlə bağlı hafta.az-a müsahibə verən BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu maraqlı məqamlara diqqət çəkib.

- Vüqar müəllim, bu günlər "Media haqqında” yeni qanun layihəsinin Milli Məclisdə bir sıra media orqanlarının nümayəndələri ilə müzakirəsinə şahidlik edirik. Təqdim olunan qanun layihəsi və ilkin müzakirələri nə dərəcədə əhatəli, qanedici və obyektiv hesab etmək olar?

- Milli Məclisdə təşkil olunan müzakirə kifayət qədər geniş, əhatəli oldu və böyük bir heyətlə təşkil edilmişdi. Müzakirələrdə təxminən 40-a yaxın media qurumunun rəhbəri, media mütəxəssisləri, eyni zamanda 10-dan artıq deputat iştirak edirdi. Hər kəs öz fikirlərini bildirdi, suallar cavablandırıldı, müəyyən məqamlara aydınlıq gətirildi. Yəni, qanunun Məclis komitələri ilə birgə təşkil edilən müzakirəsini kifayət qədər məhsuldar və dinamik hesab etmək olar. Qeyd edim ki, bu müzakirələr Milli Məclisdən əvvəl də aparılıb. Düşünürəm ki, bundan sonrakı müzakirələr də mütəxəssislərlə, media quruluşu rəhbərləri ilə görüşlərin keçirilməsi ilə davam edəcək. Heç şübhəsiz ki, məlum müzakirələrin daha geniş media seqmentində müzakirəyə çıxarılması ilə bağlı subyektiv yanaşmalar da ortaya çıxır. Yaxud, ola bilər ki, qanunun müzakirəsi hansısa media orqanlarında aparılmasın. Amma bizə məlumdur ki, Milli Məclisdə başlanan geniş tərkibli müzakirələrdən əvvəl ayrı-ayrı informasiya portallarında, digər media quruluşlarında və MEDİA -da media rəhbərlərinin iştirakı ilə müzakirələr aparılıb. Yəni qanunun müzakirəsi ilə bağlı proses gedir.

- Yeni layihədə bir çox dəyişikliklərə imza atılacağı, o cümlədən "Televiziya yayımı haqqında” və "KİV haqqında” qanunların qüvvədən düşəcəyi qeyd olunur. Hansı dəyişiklikləri zəruri hesab edirsiz, bu, media sistemində mövcud olan hansı boşluqları aradan qaldıra biləcək?

- Bu, ümumiyyətlə, vahid media qanununun hazırlanması baxımından əhəmiyyətlidir. Sadalanan ayrı-ayrı qanunların yerinə medianı tənzimləyəcək tək qanun aktının qəbul olunması özlüyündə müsbət haldır. Media haqqında qanunla tam tanış oldum. Ümumilikdə qanunda yeni tendensiyalar da öz əksini tapıb.

Yeni qanun müasir mediada istifadə olunan məqamlarla bağlı anlayışların şərhini təqdim edir. Qanunda media savadlılığı məsələsi var. İlk dəfə olaraq KİV haqqında qanunvericiliyə media subyekti olaraq onlayn medianın gətirilməsi, vahid kart məsələsi və sair bu kimi məsələlər kifayət qədər maraqlı və müasir tendensiyalara cavab verən məqamlar kimi qiymətləndirilə bilər. Etiraf edək ki, KİV haqqında qanun köhnəlmişdi və müasir çağırışlara cavab vermirdi. Bu mənada, müasir çağırışlara cavab verən qanunun hazırlanmasına ehtiyac var idi. Müzakirə zamanı da həmkarlarımız qeyd etdilər ki, burada jurnalistlər, yəni biz maraqlı tərəfik. Təbii ki, biz istəyirik ki, bu qanunda hər şey istədiyimiz kimi öz əksini tapsın. Lakin nəzərə almaq lazımdır ki, qanun qarşılıqlı münasibətləri tənzimləyən bir aktdır. Bu mənada bütün maraqlar nəzərə alınmalıdır. Burda jurnalist kimi yalnız mənim marağım deyil, eyni zamanda mənim jurnalist olaraq xidmət etdiyim cəmiyyətin də maraqları təmin olunmalıdır.

Bəli, müzakirələrdə kifayət qədər maraqlı təkliflər oldu, rəylər səsləndi, düzəlişlər təklif edildi. Mənim də qanunla bağlı bir sıra təkliflərim oldu. Ümid edirəm ki, komissiyaların təşkil etdiyi sonrakı müzakirələrdə bunlar nəzərə alınacaq.

- Sizin təklifiniz nə ilə bağlı idi?

- "Media savadlılığı” məsələsinin qanunda yer alması şəxsən mənim üçün çox maraqlı gəldi, qanunvericiliyə gətirilməsinə sevindim. Amma ona çox az yer ayrılıb. Müasir jurnalistikada media savadlılığı çox ciddi məsələdir. İstər Qərbdə, istərsə də Türkiyədə media savadlılığına diqqət və geniş yer ayrılır. Bu, bizim qanunvericilikdə çox cüzi şəkildə, 3 cümlə ilə təqdim olunur. Milli Məclisdəki çıxışımda da qeyd elədim ki, bu maddəni daha geniş açmaq lazımdır. Media savadlılığı məsələsi geniş bir anlayışdır. Qərbdə, Türkiyədə media savadlılığı platformasından elə istifadə edirlər ki, bu, bütövlükdə cəmiyyətin maarifləndirilməsi işinə xidmət edir.

Konvergent jurnalistika ilə bağlı məsələlərin daha aydın şəkildə təqdim edilməsi çox yaxşı olardı. Bu hər hansı media quruluşu yalnız bir platformadan auditoriyası ilə işləmir. Müasir jurnalistikanın tələbləri dəyişib.

Ümumilikdə qanunla tanış olanda hiss edirsən ki, üzərində doğrudan da ciddi əmək sərf edilib. Əslində bir sıra suallara cavab da var. Sadəcə ola bilər ki, bəzi məqamlar daha sadə dildə verilsə yaxşı olar və ya daha aydın şəkildə təqdim edilməlidir.

- Deməli, əsas problemin onun icrası ilə bağlı olduğunu deyə bilərik?

- Təbii ki, qanunda nəzərə tutulan bir sıra məqamlarla bağlı icra mexanizminin necə təşkil ediləcəyi də maraqlıdır və yəqin ki, gələcəkdə bununla da bağlı mütəxəssislərin iştirakı müəyyən müzakirələr təşkil ediləcək. Yeni qanun KİV haqqında köhnə qanunumuzdan (2001-2019) daha əhatəli, daha geniş, çoxşahəlidir. Jurnalistika ilə bağlı müasir tendensiyalar nəzərə alınıb. Hər kəs müqayisə apara bilər.

- Bildirilir ki, internet televiziyaların fəaliyyət göstəməsi üçün lisenziya almaları məcburi xarakter daşımayacaq. Yəni lisensiya almayan internet televiziyaları da öz fəaliyyətini maneəsiz davam etdirə biləcəklər. Bu, internet televiziyalarının inkişafında hansı maneəni aradan qaldırmış olacaq?

- Bu qanun heç bir halda azad şəkildə fəaliyyət göstərməyi məhdudlaşdırmır. Bayaq qeyd etdiyim kimi, yeni tendensiyaların, yeni çağırışların qanuna gətirilməsinin özü çox müsbət haldır. Biz burda artıq bir sistemliliyi, işlək bir mexanizmin təklif edilməsini görürük. Məsələn, konvergent jurnalistikanı götürək. Mən orda da qeyd etdim ki, konvergent jurnalistikanın daha geniş açılmasına ehtiyac var.

Bu gün biz faktiki olaraq medianın konvergensiyasını görürük və bunun içindəyik. Yəni informasiya portalıdır, TV-si də var, qəzetdir, saytı da var, internet televiziyası da var. Burda şaxələnmə baş verir. Bildirmək istərdim ki, bu məqamı orada tək mən yox, başqa mütəxəssislər də qeyd etdilər. Yaxud başqa çox ciddi bir məqamı qeyd edim - 7-ci fəsildə jurnalistlərin fəaliyyətləri var: maddə 70, 71, 72... Mən bu fəsilə mütləq jurnalistin sosial məsuliyyət məsələsinin də əlavə edilməsini təklif etdim. Soruşa bilərsiniz, buna nə ehtiyac var. Hər hansı bir qanun hüquqi tənzimləmədir. Lakin jurnalistikada özünütənzimləmə də var. Ümumiyyətlə jurnalistin fəaliyyəti üçün tanınan azadlıq, əsla onu cəmiyyət qarşısında daşımalı olduğu məsuliyyət hissindən azad etmir. Bu vacib məqamın qanunda əksi üçün ayrıca bir maddənin əlavə olunması doğru olardı. Xüsusilə də indiki müharibə şəratində. Qarabağda baş verən proseslər müstəvisində düşmən bizim media məkanımıza müəyyən dezinformasiyalar ötürməyə çalışır. Təbii ki, burda obyektivlikdən, qərəzsizlikdən, vicdanlılıqdan söz gedir. Yəni bütün bu meyarlar sosial məsuliyyət hissidir.

- Vüqar müəllim, yenilənən Media qanunu fonunda istərdim bu gün media və jurnalistikadakı mövcud vəziyyətlə bağlı müəyyən məqamlara da toxunasız. Bizim müasir mediamız hansı üstünlüklərilə diqqət çəkir, nədə gecikir, yaxud bu Media cəmiyyətin güzgüsü rolunu oynaya bilirmi?

- Həsən bəy Zərdabi yazıb ki, hər qəzet öz məmləkətinin aynasıdır. Biz jurnalistlər bəzən həm də öz mediamıza çox tənqidi yanaşırıq. Bəli, ümumi götürəndə Azərbaycan jurnalistikasında problemlər var. Sadəcə, biz əl-ələ verib bu problemlərin aradan qaldırılması yollarını axtarmalıyıq. Bununla bağlı təkliflər verməklə yanaşı, onun həlli yolunda aktiv olmalıyıq. Məsələn, bu gün "reket jurnalistikası” ciddi problem olaraq qalır. Milli Məclisdə olan müzakirədə də bu məsələyə toxundum. Mən deyərdim ki, bu, 90-cı illərin ortalarından bizə "miras” qalan və Azərbaycan jurnalistikasına ləkə gətirən bir problemdir. Bu ləkə əvvəl qəzetlərlə bağlı idisə, indi saytlara, onlayn tv-lərə də sirayət edib. Bu baxımdan, həmkar olaraq bu məsələlərdə mövqe ortaya qoymağımız olduqca vacibdir. Məsələn, kimə xoş gələr ki, bir bölgəyə qohumunun, dostunun yanına gedəndə, orda ona deyələr ki, "sənun həmkarın gəlmişdi, belə etdi, yola saldıq”. Hərdən elə sözlər eşidirsən ki, deyirsən axı mən, yaxud mətbuatda şərəfi ilə çalışan, neçə əziyyətə qatlaşan həmkarlarımın heç biri bu sözəri eşitməyə layiq deyilik. Həlli nə qədər mürəkkəb görünsə də, əslində çətin deyil. Bu cür neqativ məsələlərin üzərinə həmkar olaraq getməliyik.

Digər tərəfdən, Azərbaycan jurnalistikasında müasir çağırışlara adaptasiya məsələlərində də problemlər var. Söhbət onlayn medianın alətlərindən lazımi şəkildə, tam istifadə etməkdən gedir. Konvergent jurnalistikanı təsadüfən demədim. Söhbət müasir internet və rəqəmsal alətlərin bizim qarşımızda açdığı imkanlardan düzgün istifadə etməkdən gedir. İnformasiya ilə iş prosesi 10-15 il bundan əvvələ baxanda tamamilə fərqlənir. Hətta janrlar öz xüsusiyyətlərini dəyişib. Məsələn, 20 il əvvəl mən jurnalistikada oxuyanda rəhmətlik Famil müəllim esse janrını bizə bədii-publisistik janr kimi keçirdi. Yaxşı, bu gün esseyə olan tələb necədir? Bu gün beynəlxalq jurnalistikada esse artıq analitik elementləri də özündə ifadə edən janr kimi qəbul olunur, təbii ki, bədii elementləri də saxlamaqla. Artıq informasiyaya baxış dəyişib, jurnalistika, media dəyişib, yeni formatlar ortaya çıxıb, bu gün artıq bloggerlikdən danışırıq. 15 il qabaq bu qeyri-ciddi qəbul olurdu. Lakin bu gün bloggerlik jurnalistikzda ciddi bir axın, ciddi bir istiqamətdir. Bu yenilənməyə sosial medianı da əlavə etmək olar. Bu da bir problem və istiqamətdir. Məsələn, professional media ilə sosial media arasında fərqlər, gedən mübarizə müzakirə predmetidir. Suallar yaranır - biz bu gün professional media olaraq sosial medianın arxasınca getməliyikmi. Getməyimiz doğrudurmu, getməyə bilərikmi və ya necə etməliyik ki, bu münasibətlər qarşılıqlı olsun. Məsələn, biz BDU Jurnalistika fakültəsində onlayn media, yeni media, sosial media, vətəndaş jurnalistikası, media savadlılığı, datalarla iş prosesi istiqamətində tədris aparırıq, bunları tələbələrimizə izah edirik. Lakin nəzərə alaq ki, bu gün jurnalistikada yalnız bizim tələbələr deyil. Bu səbəbdən görüləcək iş çoxdur. Əlavə treninqlər, təlimlər, kursların təşkili vacibdir. Bu mənada, məsələn, Media İnkişaf Agentliyinin təşkil etdiyi təlimlər çox maraqlıdır və hər bir jurnalistə həmin təlimlərdə iştirak etməyi tövsiyə edirəm.

- İstənilən fəaliyyət növünün uğurlu iş ortaya qoya bilməsi üçün peşəkarlıqla yanaşı müəyyən vəsaitin olması da tələb olunur. Məsələyə bu aspektdən yanaşsaq, necə hesab edirsiz, media orqanı öz məhsulunu sata bilirmi və real olaraq Azərbaycan jurnalistikasında bunun üçün hansı imkanlar, bazar mövcuddur?

- Ümumiyyətlə, media-biznes, media iqtisadiyyatı, media-menecment ayrı bir sahədir. Biz bunu universitetdə tədris edirik. Amma ümumilikdə daha geniş anlamda bu prosesin izlənməsi, sistematik təcrübələrin öyrənilməsi ilə daha uğurlu nəticə əldə etmək olar və bu çox vacib məsələdir. Bizdə isə belə bir tendensiya yaranıb: "media-biznes, media-iqtisadiyyatı, medianın özünü maliyyələdirməsi, maliyyə cəhətdən müstəqil olması”nı deyən kimi, ağlımıza ilk gələn nə olur - REKLAM. Bəli, reklam media quruluşunun inkişafı baxımından əhəmiyyətlidir, bunu heç kim inkar edə blməz. Amma tək reklam olmamalıdır. Sən həm də istehsal etdiyin məhsulu, informasiyanı satmağı bacarmalısan.

- Amma mətbuat orqanları öz məhsulunu pulsuz paylayır, niyə?

- Milli Məclisdə aparılan son müzakirələrdə bu məsələyə də toxunuldu. Bu gün Azərbaycan mediasında ciddi bir problem var - "copi-past” - plagiat problemi. Peşəkar saytlarda öz müxbirləri xəbərlər hazırlayır, 10-15 sayt isə götürüb o məlumatların 1-ci cümləsini dəyişməklə öz saytlarında verirlər. Razılaşarsız ki, bu gün Azərbaycan saytlarının 3-4-nə baxmaq kifayətdir ki, bütün portal və saytlarda gedən xəbərlər barədə məlumatlı olasan. Problem budur. Oxucu informasiya almaq istəyirsə, bunun üçün pul verir. Və bu pulu nə üçün verdiyini bilir. Ona görə də oxucunu maraqlandırmaq lazımdır.

- Burada həm də hər hansı bir media orqanının öz piarı, özünü necə tanıda bilməsi də problem olur. Onun jurnalist qrupunu saxlamaq, piar aparmısı üçün vəsaitə ehtiyacı var.

- Siz dediyiniz kimi, bunun üçün o qədər də böyük vəsait lazım deyil. Zatən professional media quruluşlarına maddi yardımlar edilib və yenə edilir. Həmin vəsaitlə əməkdaşlarının pulunu verib, piarını da apara bilər və sair. Bu istiqamətdə iş düzgün qurulsa, sabah o yardıma da ehtiyac qalmaz. Siz öz brendinizi yaradın, imicinizi formalaşdırın, bundan sonra reklam da olacaq, abunələr də, təqdim etdiyiniz kontentiniz də satılacaq. Bəli, burda hər bir media quruluşunun özünün brendini yarada bilməsi məsələsi, piarını düzgün qurması problemi var.

Gəlin Qərblə müqayisədə bir müqayisə aparaq. Təqribən 90-cı illərin axırlarında Qərbdə "Washington-post”, "New York Times”, "BBC”, "CNN” kimi məşhur media şirkətləri internetin kütləviləşməsi ilə bağlı gedən dəyişiklikləri düzgün təhlil edərək, onlayn platformaya keçid etməyə başladılar. Bəs bu proses Azərbaycanda nə vaxt getdi? 2000-ci illərin axırları müəyyən mənada bunu bizdə müşahidə etməyə başladıq.

- Sanki ötən illərin qəzetçiliyinin daha ciddi, daha məhsuldar olması məsələsi özünü büruzə verir. Ötən illərdə jurnalistlər daha operativ və daha çevik fəaliyyət göstərir, mətbuatda sağlam rəqabət hissi formalaşırdı. Jurnalist hər hansı bir məlumatı hamıdan tez vermək üçün özünün çevikliyini qoruyurdu.

- Əslində, bu bizim yaralı yerimizdir. Mən qəzetdə işləyəndə səhər redaksiyaya gedirdim, planlaşma olurdu, sonra xəbər dalınca gedirdik. Bir də axşam saat 19:00-da eksklüziv xəbərlər, açıqlamalar, müsahibələrlə redaksiyaya qayıdırdıq. İndi necədir? Mən bizim o professional ənənəni qoruyan quruluşlardan danışmıram, yenilərdən danışıram. Tutaq ki, bizim professional media quruluşlarımız - "Hafta.az”da, Musavat.com-da, Axar.az-da, Modern.az-da, Trend-az-da gedən xəbərləri götürüb, ora-burasını dəyişib verirlər öz saytlarında. Təbii ki, bununla nə reklam cəlb etmək olar, nə də kontent satmaq.

Başqa bir analogiyanı da aparım: Xarici mediada - xəbərləri nəzərdə tutmuram, maraqlı və orijinal kontentdən söhbət gedir, məsələn, ciddi araşdırmalar, təhlillər, eksklüziv müsahiblər, maraqlı süjetlər – kontentin bir hissəsi açıq verilir, lakin tam mətnlə tanış olmaq üçün ödəniş etməlisən. Məsələn, ABŞ-ın "New York Times” və digər aparıcı mətbatında bizim bir çox tələbələrimiz buraxılış işləri işləyərkən arxivə baxmaq və ya hansısa analitik təhlili əldə etmək üçün ödəniş edirlər.

Sual olunur: bəs biz niyə bunu edə bilmirik. Və ya biz, əlahəzrət auditoriyanın marağını, onun ödəniş edəcək şəkildə maraqlandıracaq kontent təqdim edə bilərik? Bu artıq professionallıq məsələsidir. Biz isə maliyyə dedikdə yalnız reklam nəzərdə tuturuq.

Jurnalistika yenilənir, hər gün dəyişir. Yeni-yeni çalarlar əlavə olunur, dəyişikliklər baş verir. Biz özümüzü bu dəyişikliklərə cavab verəcək səviyyəyə çatdırmalıyıq - araşdırmaqla, öyrənməklə, oxumaqla. Əgər mən jurnalistikadan pul qazanmaq istəyirəmsə, bu yeniliklərdən xəbərim olmalıdır.

RƏYLƏR