“100 MANAT VERMƏSƏN, BURAXMAYACAM…” – Kənd təsərrüfatı yarmarkalarının görünməyən üzü (FOTO, VİDEO)

OXUNUB: 2037 Seçilmiş Önəmli HƏFTƏLİK İCMAL Özəl İQTİSADİYYAT
Heç kəsə sirr deyil ki, ölkəmizə xaricdən gətirilən geni dəyişdirilmiş meyvə və tərəvəzlər qat-qat baha qiymətə satılır. Alıcılıq səviyyəsi aşağı olan əhalinin keyfiyyətli və ucuz yerli məhsulla təmin edilməsi məqsədilə bir neçə ildir ki, paytaxtın rayonlarında səyyar kənd təsərrüfatı yarmarkaları fəaliyyət göstərir.

Kənd təsərrüfatı naziri Heydər Əsədov dəfələrlə yarmarkaların keçirilməsində məqsədin, fermerlərin məhsullarının bazara çıxarılmasına kömək etmək və süni qiymət artımının qarşısını amaqdan ibarət olduğunu desə də, reallıqda bunun əksi müşahidə olunmaqdadır.

Yarmarkalarda piştaxtaların pulla satılması, müvafiq sənədləri olan tədarükçü sahibkarların icra hakimiyyəti nümayəndələri və polis işçiləri tərəfindən əraziyə buraxılmaması, əvəzində alverçilər üçün hər cür çərait yaradılması adi hala çevrilib. Ən pisi də odur ki, bütün bunlar Kənd Təsərrüfatı Nazirliyinin (KTN) yarmarkalara təhkim olunan nümayəndələrinin gözü qarşısında baş verir. Məsələn, 17-18 iyun tarixində Xətai rayonu M.Hadi küçəsində keçirilən yarmarkada olduğu kimi. Həmin yarmarkada icra hakimiyyəti və polis orqanları əməkdaşlarının haqsız müdaxilələri fermerlər arasında ciddi narazılığa və hətta qarşıdurmaya səbəb olub.

Prezident Aparatının tapşırığına da məhəl qoyulmur…

Özünü Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi kimi təqdim edən Firuz Məmmədov adlı şəxs 100 nəfərdən çox fermerin yarmarka keçirilən əraziyə buraxılmasına qadağa qoyub. Hansı ki, əslində KTN-in rəsmi icazə sənədi ilə rayonlardan məhsul gətirən hər bir sahibkar təhkim edildiyi ərazidə yerlə təmin olunmalıdır. Yarmarkaya buraxılmayan və aramsız yağışın altında qalan məhsullarının zay olacağını görən yüzədək sahibkar Prezident Aparatına şikayətə yollanıblar. Orada əlaqədar şəxslər sahibkarların şikayətini dinlədikdən sonra onlara bildiriblər ki, problem dərhal həll olunacaq, artıq Xətai İcra Hakimiyyətinə müvafiq tapşırıq verilib və fermerlər məhsullarını həmin yarmarkada sata bilərlər. Lakin sahibkarlar yarmarkaya qayıdanda yenə eyni mənzərə ilə üzləşiblər. Yenə fermerlər nə yarmarka üçün nəzərdə tutulan çadıra, nə də onun ətrafındakı əraziyə buraxılıblar.

Əraziyə baxış keçirdiyimiz vaxt məlum oldu ki, M.Hadi küçəsində təşkil olunan yarmarka üçün nəzərdə tutulan ərazi böyük olsa da, satış üçün qurulan çadırın sahəsi 8 rayondan rəsmi sənədlə gələn 170 fermeri yerləşdirmək üçün çox kiçikdir. Belə ki, çadırın eni təxminən 18 metr, uzunluğu isə 100 metrdir. 170 fermerə rəsmi icazə sənədi verən və həmin yarmarkaya yönləndirən KTN-i isə bu uyğunsuzluq qəti maraqlandırmır. Bu da azmış kimi, çadırda icazə sənədilə gələn gerçək fermerlərdən cəmi 30-40 nəfər yerlə təmin olunub. İçəridə alver edənlərin əksəriyyəti isə əyri yollarla icazə sənədi alan alverçilərdir.

Hacıqabul rayonundan gələn sahibkarlar yarmarkaya buraxılmadıqları üçün tonlarla məhsullarının zay olduğunu dedilər. Bu da azmış kimi, Çevik Polis Alayının əməkdaşları tərəfindən də təzyiqə məruz qaldıqlarını bildirdilər. Külli miqdarda zərərə düşən sahibkarlar onların hərəsindən 100 manat rüşvət tələb olunduğunu iddia edirlər. Ancaq vermədikləri üçün yarmarkaya buraxılmadıqlarını söyləyirlər. Şikayətçilər bildirdilər ki, icra hakimiyyətinin nümayəndəsi Firuz Məmmədov əvvəl onlardan çadırdan kənarda məhsullarını satmaq üçün 70 manat yer pulu alıb, indi isə 100 manat tələb edir. Hacıqabuldan gələn sahibkar Kamran Qəhrəmanov iddia etdi ki, F.Məmmədov rəsmi icazə sənədi olmasına rəğmən, ondan 100 manat tələb edir və bu pulu ödəməsə, yarmarka ərazisinə buraxılmayacaq: "Rüşvət vermədiyimizə görə Hacıqabul rayonundan gələn 11 sahibkardan cəmi 2 nəfərə içəridə yer verilib”.

O da məlum oldu ki, Şəmkir rayonundan gələn 36 sahibkar öz şəxsi təsərrüfatlarından 72 ton məhsul gətirib. Lakin 36 nəfərdən cəmi 5 nəfər içəridə yerlə təmin olunub. Astara rayonundan gələn 18 sahibkardan isə 4 nəfərə yer verilib. Astaradan olan fermer, 2-ci qrup əlil Aşurəli Babayev gətirdiyi 900 kq tərəvəzin 200 kilosunun çürüdüyünü söylədi. Çıxılmaz vəziyyətdə qalan bəzi sahibkarlar yaşayış binalarının qarşısında alver etmək istəsələr də, onlara küçə ticarətinin qadağan olunduğu bildirilərək, ərazidən uzaqlaşdırılıblar. Şəmkir rayonundan gələn sahibkar Ədalət Hüseynov cari ilin 6 ayı ərzində min bir zəhmətlə becərdiyi məhsulun üç tonunun burada zay olduğunu dedi. Zərərçəkmiş sahibkarlar biz ərazidə olarkən, yarmarkaya təhkim olunan icra hakimiyyəti numayəndələri və KTN-in burdakı təmsilçisi Samir adlı şəxsdən onlara dəyən zərərin kim tərəfindən ödəniləcəyini soruşdu. Onlar da öz növbəsində, məsuliyyəti bir-birinin üzərinə atdı .

İcra hakimiyyətinin nümayəndəsi yarmarkada pendir satdırır…

Sahibkarlar bildirdilər ki, buradakı dözülməz vəziyyətin əsas günahkarı Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyidir. Yarmarkaların təşkilatçısı olan nazirlik fermerlərə icazə sənədi verərkən, satış ərazisini nəzərə almır. Nəticədə, 100 nəfərlik yerə 300 icazə sənədi verir. Həmçinin icra hakimiyyəti nümayəndələrinin özbaşınalığına da bilərəkdən göz yumur. Yaranan sıxlıq nəticəsində, məmurlar üçün rüşvət almağa münbit şərait yaradılır. Bu özbaşınalığın nəticəsi olaraq, yarmarkadakı alverçilər əsl fermerləri sıxışdırır, bu da qiymətlərin bahalaşmasına səbəb olur. Hətta şikayətçilər bildirdilər ki, icra hakimiyyətinin ərazi üzrə təmsilçisi F.Məmmədov yarmarka içərisində özü üçün "biznes açıb” – pendir satdırır. Bütün bu qeyd olunanlarla bağlı F.Məmmədovun özünə müraciət etdik. Ancaq Xətai İH-nin nümayəndəsi deyilənlərə aydınlıq gətirməkdən boyun qaçırdı və fermerlərin özlərini günahlandırdı.

Əlaqə saxladığımız KTN-nin mətbuat xidmətinin rəhbəri Murtuzəli Haciyev isə bildirdi ki, yaranmış durumla bağlı nazirliyin heç bir günahı yoxdur(?!). Nazirlik yerlə təmin edilməsi mümkün olmayan fermerlərə Keşlə Bazarına üz tutmağı məsləhət görüb.

Söhbət etdiyimiz fermerlər isə deyir ki, tək Keşlə Bazarı deyil, digər bazarlara da getmələrinə baxmayaraq, onlara yer verilməyib. Bir sözlə, ortadakı mənzərə odur ki, fermerin öz məhsulunu gətirib yarmarkada həm alıcıya, həm də özünə sərfəli olan qiymətə sata bilməməsi üçün hər şey edilir. Bəs belə olan təqdirdə, ümumilikdə alverçi yuvalarına çevrilən bu yarmarkalara nə ehtiyac var?AzPOLİTİKA.İNFO/







RƏYLƏR