Daha bir “papanın gül balası”nın cinayəti ortaya çıxdı- Məşhur şirkət rəhbərinin oğlu da adam vurubmuş

OXUNUB: 316 Banner-Musavat Banner-Olkə.az Özəl TƏHLİL

Sürücüsü döyülən MMC sahibinin oğlu da avtomobillə adam öldürüb və cəzadan yayınıbmış…

Avtobus sürücüsünə hücum edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun həbsi gündəmdən düşmür. Baş Prokurorluq generalın oğlunun həbs edilməsi ilə bağlı açıqlamasında bildirib ki, 2017-ci il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi "BMW” markalı, Az 10 OG 300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatçılığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

 

Baş Prokurorluğun məlumatında həmçinin qeyd edilir ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib. Faktla bağlı 2017-ci il 4 iyul tarixdə Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Rüstəm Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini, həqiqi hərbi xidmətə çağırış Baş İdarəsinin rəisi Novruzəli Orucov tutduğu vəzifədən azad olunub.

General oğlunun təqib, sonradan vurub xəstəxanalıq etdiyi sürücü "Xaliq Faiqoğlu” MMC-nin 85 saylı marşrutunda çalışıb. Gələn məlumata görə, MMC sahibinin oğlu da general Novruzəli Orucovun oğlundan geri qalmır.

Editor.az  Azpolitika.info-ya istinadən xəbər verir ki, "Xaliq Faiqoğlu” MMC-nin faktiki sahibi Faiq Seyidovun oğlu Xaliq Seyidov da kübar həyat tərzi keçirməyi xoşlayır.
Sitat: "Xaliq Seyidov atasının vergidən yayındırdığı vəsaitlər hesabına özünə bir neçə bahalı avtomobil alıb. Məsələn, iş adamının oğlunun sərəncamında Az 10 LU 090 dövlət nömrə nişanlı ”Mercedes GL”, Az 10 OF 090 dövlət nömrə nişanlı "Range Rover” və digər avtomobillər var. Xaliq Seyidov bir xeyli bundan öncə paytaxtın Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi törədib. O, avtomobilini yüksək sürətlə idarə etdiyindən qarşısına çıxan piyadanı vurub. Piyada isə aldığı ağır xəsarətlərdən hadisə yerindəcə keçinib. Xaliq Seyidov heç nə olmayıbmış kimi hərəkət edib və hadisə yerindən qaçıb. Baş vermiş yol-nəqliyyat hadisəsinin üstündən xeyli müddət keçsə də, şirkət rəhbərinin oğlu məsuliyyətə cəlb olunmayıb…”
Həmin yol nəqliyyat hadisəsi 2014-cü ildə "Memar Əcəmi” metro stansiyasına yaxın ərazidə baş verib. Maraqlıdır ki, bu məlumatlar mətbuatda getdikdən sonra da hüquq-mühafizə orqanlarının əməkdaşları biznesmenin oğlunun barəsində heç bir ölçü götürməyiblər. Xaliq Seyidov nəinki həbsə alınıb, heç şərti cəzaya belə məhkum edilməyib.

General oğlu sürücünu vuraraq həbsə düşsə də, holdinq sahibinin oğlunun adam ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək azadlıqda gəzməsi sual doğurmaya bilməz.


Qeyd edək ki, "Xaliq Faiq oğlu” MMC-nin nəzarətində xeyli sayda marşrut xətti var. Bunlar 18, 22, 27, 37, 49, 52, 53, 54, 57, 61, 65, 76, 79, 85, 119, 188, 199 saylı marşrut xətləridir. Bu şirkətin sürücülərinin vətəndaşlarla kobud davrandığı bu yaxınlarda Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumatda da qeyd edilib. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova "APA-Economics”ə bildirib: "Konkret olaraq ”Xaliq Faiqoğlu” MMC ilə bağlı bizim əlimizdə digər daşıyıcıların, habelə sərnişinlərin konkret şikayətləri var. Şikayətlərdə şirkətə məxsus avtobusların sürücülərinin kobud qayda pozuntuları, avtobusların müasir standartlara cavab verməməsi qeyd edilib…”

General oğlunun diz çökdürüldüyü qanunun qarşısında Faiq Seyidovun oğlu Xaliq Seyidov da dayandırılmalıdır. Əks halda, növbəti rezonans doğuracaq hadisənin qəhrəmanının adı indidən bəllidir.

 

 

 

İcmal.Az

RƏYLƏR