Elşən Musayev: “Putin ondan ehtiyat edir. Hətta, qorxur”

OXUNUB: 2566 KÖŞƏ GÜNDƏM Seçilmiş Önəmli

1991-ci ildə Leninqradın ilk mer seçkilərinə qatılan Anatoli Sobçak köhnə tələbəsi və köməkçisi Putindən soruşur: "De görüm, bu seçkidə mənim üçün ən böyük maneə olan rayonlar - "Kolpinskiy”, "Kirovskiy”, "Vıborqskiy” və "Puşkinskiy”də qələbəni necə təmin edə bilərik?. Vladimir xeyli susur, ardınca isə cavab verir: "Sadəcə məni o bölgəyə təhkim edin. Qalan məsələlərlə işiniz olmasın”

Həmin rayonların hər birinin seçkidə öz namizədi varmış. Putin də bunu bildiyi üçün camaatla söhbəti belə qurur. Ki, bəs sizin rayondan öz namizədiniz qalib olmalı, ən çox səs ona ünvanlanmalıdır. Çün,  adam burda doğulub, boya-başa çatıb. Ayıbdır, kənardan gələni birinci etməyin. Amma...lütfən ikinciliyi də bizə, mənim müəllimimə verin. Necə? Məsələn, bunu rayon və kənd ağsaqqaları ilə şifahi razılaşma əsasında həll etmək olar. Böyük nəsillərdən ikicə qrupunu Sobçakın lehinə yönəltsəz ikinciliyi ala biləcəyik.

Centlimen söhbəti həmin regionda seçkinin taleyini həll edən nüfuz sahiblərinin xoşuna gəlir və onların köməkliyi ilə Sobçak həqiqətən bu dairələrin hər birində ikinciliyi alır.

Sadəcə məsələ burasında idi ki, namizədlər yalnız öz dairələrində birinci olmuşdular. Kənarda isə sonuncu. Sobçak isə hamısında ikinci olaraq nəticə etibarilə əsl birinciliyi qazanmışdı...

***

Putin nəhəng liderdi. O qədər nəhəng ki, hətta kürəyinin yerə dəyməyinin yarımca santi-metrliyində belə demarş eləmək gücündədir. Ona görə rəqibləri Rusiya ilə bağlı siyasi proqnoz verməkdə daim çətinlik çəkirlər. Üstəlik, hər zaman şok ya da naqdaun yaşayırlar. Gerçəkdən heyrətamizdir: necə olur ki, sanksiyalarla 4 yanı qapanan insan belə bir vəziyyətdə Bəşər Əsədi qoruma altına almağı, Ərdoğana çevriliş və sui-qəsdlə bağlı dəqiq kəşfiyyat məlumatı ötürməyi bacarır? Məntiqlə axı başı özünə qarışmalıdır, deyilmi?

Hələ olsun, Krım mövzusu. Bu istiqamətdə bütün sülhsevərlərin fikri eynidir: Yolverilməzdir! Ukraynaya qarşı böyük haqsızlıq edilib. Ayrıca, Rusiya dünyanın ən böyük ərazisinə sahib olduğu halda torpaqlarının az qala yarısı istifadəsizdir. Və...yuxarı abzasdakı fikirlər yenə eyni məntiqə cilalanır: yüz problemin qovşağında Krım məsələsi Putinin ağlına hardan girdi? Həm də bu bashabasda, bu vurhavurda?

Təxminən 3 ay öncə İsveçrədə görüşdüyüm ingilis politoloq isə başqa bir ilginc açıqlamada bulunacaqdı: "Qərb dairələri Krımın ilhaqına düz 2 gün 4 saat gecikib. Yəni, planlamaya görə Krımı ruslar deyil, onlar zəbt eləməli idi. Təbii, daha qlamur əsnada -  məsələn,  "bölgədə sərhədlərin toxunulmazlığına yardım” formasında...Putinin kəşfiyyatı isə yenə öz sözünü dedi. Rusiya tərəfi xəbər tutan kimi məkana öz qoşununu yeritdi və beləcə düşmən tərəfə növbəti gözdağını verdi. Ardınca ortalığa çıxan qəfil Donbas söhbətinin sətiraltı jesti də gün kimi aydındır: Putin Qərbin "B”, hətta "C” ssenarisindən də xəbərdar olub və "bölgədə nəzarəti kimsəyə vermərəm” – mesajını ünvanlayıb. Açıq və aqressiv formada!

***

Təxminən bir ay sonra isə Rusiyada Prezident seçkiləri keçiriləcək və hamının maraqla izlədiyi müxalif namizəd – Navalnıy marafona buraxılmayıb. Adekvat İctimai fikir də belədir: "Putin ondan ehtiyat edir. Hətta, qorxur”.

Oysa, Navalnıy siyasi meydana aktiv formada nə zaman daxil olub, ilk öncə o dövrü xatırlayın. Hətta dəqiq tarixi. Alınmadısa, mən xatırladım. Boris Nemtsovun ölümündən dərhal sonra! Bloqqerin ilk böyük mitinqi ilə müxalif liderin qətli arasında cəmi 11 gün məsafə var. Düzdür, o vaxta qədər artıq Moskva meri olmaq uğrunda yarışa qatılmışdı. Amma, unutmayaq: biabırçı şəkildə də uduzmuşdu.

Yaxşı bəs Nemtsov kim idi? – həmin an aqressiv, narazı kəsimin mütəşəkkilliyini təmin edə biləcək yeganə insan. (bu haqda məxfi analitiklərin yuxarı dairələrə dəfələrlə məruzə etdiyi bildirilir) Amma hətta göstərdiyim "dəmir” səbəbə rəğmən belə, mənim şəxsi qənaətim bundan ibarətdir: həmin vaxt Nemtsov Putin üçün nə böyüklükdə təhlükə olsa da onun qətlini Rusiya Prezidentinin daxildəki  düşmənləri təşkil etmişdi. Ki, şübhələr rəhbərin üzərinə yönəlsin. Və...bir məqamı da qeyd etmək yerinə düşər: Nemtsov həqiqətən eynən Saakaşvili kimi maraqlı obraz idi. İdarə olunan olsaydı, Putinin işinə tamamən yarıyardı. Fəqət, öldürüldü. Belə məqamda isə Putin artıq məcburən yeni siyasi situasiyaya uyğun davranmaq məcburiyyətində qaldı: madam düşmənləri Nemtsovu aradan götürüb, onun reputasiyasını korlamağa çalışıb, o zaman təcili şəkildə yeni + oxşar bir obraz tapıb ortalığa çıxarmaq lazımdır. Sadəcə idarəolunan obraz. Ki, cəmiyyətdə "müxalif susaması” sindromu yaşanmasın. Uzun müzakirələrdən sonra 7 namizədin içindən Navalnıyın namizədliyi təsdiqlənir, dərhal da siyasi sferaya yönləndirilir. Bu haqda ən obrazlı fikri (atmacanı) Rusiya Prezidentliyinə keçmiş namizəd, milyarder Proxorov aylar öncə verdiyi müsahibəsində söyləyib: "Mənim üçün də dövlət özü mitinq keçirsə və yalnız tribunada çıxışımı tələb etsəydi, Navalnıydan yüz dəfə daha gözəl danışardım”

Əlqərəz, bu qədər sadəlöhv olmayın. Navalnıy yad biri deyil.

Sobçak isə ailənin üzvüdür. O ikinci kursda oxuyarkən atasını itirib və bu dönəmdən etibarən onun və anasının hətta maliyyə yükü də Putinin üzərində olub. Düzdür, deyilənə görə Sobçak Putini hələ də atasının köməkçisi gözündə görür və onu xarzmatik lider kimi qəbul eləmir. Amma ortalıqda doğmalıq faktoru + siyasi güc nisbəti var. Ayrıca, Sobçak özünü şüurlara şou nümayəndəsi kimi yeridib. Ona yalnız daha çox tanınmaq və yaxşı reklam lazımdır. "Ağsaqqal” da bu şansı ona çox görmür.   

Digər namizədlər də həmin qəbildən. "Özününkü” deyil, amma mənasızdır. Məsələn: Suraykin, Titov, Yavlinskiy...Əsas da sonuncu mənə "bizim” Əli Kərimlini xatırladır: ömürlük prezidentliyə həsrət – kontekstində. Sadəcə tək fərq var. Biri anadangəlmə baykot aşiqidir, seçkiyə MSK deyil, "facebook” üzərindən qatılır. Digəri isə dədə-baba qaydası ilə.

***

Ümumən tarixin son 30 illik xronologiyası artıq təsdiqini tapmış ciddi bir həqiqəti özündə ehtiva edir: Ciddi qarşıdurma olmadan və çevrilişsiz hakimiyyətə gələn siyasi varislər (öncəki siyasətin davamçıları) öz ölkələrini daha sabit və daha effektiv mərhələyə daşıya bilirlər. Putin də Yeltsinin siyasi varisidir, əzəli düşmənləri isə həmin Yeltsinin vaxtından, yəni "91”dən o yana qalanlardı. Və deyim ki, Qərbin beyin mərkəzləri məhz bu cür oturuşmuş siyasi liderlərə qarşı vuruşmaqda acizdirlər. Devirdiklərni də nəsilliklə çıxdaş edirlər ki, xalq - çevrilişdən sonrakı biabırçılığı görəndən sonra onların övladlarını bəh-bəhlə hakimiyyətə dəvət edə bilməsin. Eynən, Qəddafinin övladı dəvət olunduğu kimi. Diqqət edin: İran İslam inqilabından sonra modernizmə susayan və hələ də onun nisgilini yaşayan kütləni Şah Məhəmməd Rza Pəhləvinin övladları idarə edə bilərdi. Fəqət, hamısı qərib Amerikada intihar(?) elədi. Səddamın övladları öldürüldü. Qəddafinin ailəsində bircə kişi qaldı, o da təsadüfən, Qandi ailəsi həmçinin. Siyasi iddasını yenicə ortalığa qoyan Kastronun oğlu yenə intihar (?) səbəbilə asılmış vəziyyətdə tapılır. Ya da lap olsun uzaq tarix: Kennedinin bütün nəsli eyni aqibəti yaşayır. Nədir bu? İntihar anlayışı yalnız devrilmiş, terrora uğramış liderlərin övladlarının boyunamı biçilib? Yox, təbii. Sadəcə belə lazımdır. "Dərin dövlət”in təbirincə...

***

Putini tanıyanlar onun ağladığını cəmi 2 dəfə görüblər. Bir, bundan daha öncəki seçki günündə - qələbə münasibətilə tərəfdaşlarının qarşısına çıxarkən, bir də Anatoli Sobçakın dəfnində.

İndi isə ağlamağa mövzu və lüzum qalmayıb.  Əksinə, bu vaxta qədər tökülən göz yaşının hər iki səbəbi artıq eyni paraleldə dayanıb, yetərincə də xoş ovqatla asosasiya olur.

Seçki də, Sobçak da.

Elşən Musayev, millət vəkili

RƏYLƏR