Cəlaloğlunun “konfederasiya” təklifinə etiraz gəldi

OXUNUB: 127 SİYASƏT

Azərbaycanın Türkiyə ilə konfederasiyaya getməsinə heç bir zərurət yoxdur.

Bunu İcmal.Az-a açıqlamasında millət vəkili Musa Quliyev ADP sədri Sərdar Cəlaloğlunun bir müddət öncə səsləndirdiyi təklifə münasibətini bildirərkən bildirib.

Onun sözlərinə görə,hələ illər öncə Ümummilli Lider Heydər Əliyev bu məsələyə öz dəqiq qiymətini verib ki, Türkiyə ilə Azərbaycan bir millətin iki dövlətidir:

"Biz də istəyirik, arzu edirik ki, dünyada türkdilli xalqların dövlətləri daha da çox olsun.Dövlətlər çox olursa, bir-birlərini beynəlxalq aləmdə də dəstəkləmək imkanları daha çox və daha geniş olur. Yəni, BMT-də, Avropa Şurasında, ATƏT-də bir-birini dəstəkləmək imkanları daha böyük olur.Bununla yanaşı, bir-birinə hərbi, siyasi, iqtisadi baxımdan kömək etmək imkanları olur.Ona görə türkdilli dövlətlərin sayı nə qədər çox olursa, olarsa, bir o qədər yaxşıdır. Hətta, arzumuz odur ki, muxtar respublikaları olan türkdilli xalqalar da gələcəkdə öz müstəqilliklərini əldə etsinlər və dövlətlərini yaratsınlar. Biz bu istiqamətdə düşünməliyik”.

Deputat hesab edirb ki, konfederasiya artıq keçmiş bir mərhələdir:

"Azərbaycan da artıq oturuşmuş bir dövlətdir və hətta, biz gələcəkdə Azərbaycanı daha böyük bir dövlət görmək niyyətindəyik. İnşallah, buna da nail olacağıq, tarix bunu bizə qismət edəcək. Ona görə də Türkiyə ilə konfederasiyaya getməyin nə Türkiyə üçün, nə də bizim üçün xeyri var. 

Bu günlərdə buna hansısa tarixi, hərbi, siyasi zərurət də yoxdur. Azərbaycan dünyada tanınan dövlətlərdən biridir.Kosmos dövlətidir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmuş ölkədir və dünyada, o cümlədən, regionda da olduqca böyük nüfuza malikdir. Dünya tərəfindən də hüquqi,demokratik,sivil ölkə kimi qəbul olunur.İndi Azərbaycanı başqa bir dövlətlə birləşdirmək, hüquqlarını aşağı salmaq tarixi nailiyyətlərimizi inkar etmək deməkdir. 

Biz bu yaxınlarda müstəqilliyimizin yüz illiyini qeyd etdik və bundan da fəxr edirik. Müstəqil dövlətimizin yaranmasından yüz il keçəndən sonra təzədən biz öz müstəqilliyimizi itirək və ya hansısa konfederasiyaya gedək, bu, düzgün olmaz. Buna heç bir zərurət yoxdur.Mən hesab edirəm ki, biz iki qardaş və qonşu dövlətlər kimi güclənməli, inkişaf etməli və bir-birimizə bütün platformalarda dəstək olmalıyıq”.

İcmal.Az

RƏYLƏR