2019-cu ilin sosial-iqtisadi mənzərəsi - İCMAL

OXUNUB: 1830 index-manşet İQTİSADİYYAT

Yola salmağa hazırlaşdığımız 2019-cu il Azərbaycanda sosial-iqtisadi zənginliyinə görə əvvəlki illərdən ciddi şəkildə fərqləndi və sözün əsl mənasında "İslahatlar ili” oldu. Belə ki, Prezident Administrasiyası, Nazirlər Kabineti, eləcə də müxtəlif dövlət qurumları ilə bağlı kadr və struktur islahatları həyata keçirildi, əhalinin və biznesin maddi vəziyyəti yaxşılaşdırıldı, böyük əhəmiyyətə malik müəssisələrin, infrastruktur obyektlərinin açılışı oldu. Ölkədən kənarda da maraqlı hadisələr baş verdi. "Report” ilin sosial-iqtisadi mənzərəsini təqdim edir:

Energetika

2019-cu ildə də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ölkə iqtisadiyyatının hərəkətverici qüvvəsi oldu. Şirkətin bir neçə ildir ki, Sumqayıtda inşa etdirdiyi və qeyri-neft sektorunda ən böyük layihəsi sayılan karbamid zavodu istifadəyə verildi. Bununla da, Azərbaycan Avropa və Latın Amerikası ölkələrinə karbamid ixrac etməyə başladı. Ölkə daxilində isə bu məhsula Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrolizinq” ASC müştəri çıxdı.

Karbamid zavodu ilə yanaşı, "SOCAR Polymer” MMC-yə məxsus yüksək sıxlıqlı polietilen zavodunun da açılışı oldu. Müəssisənin məhsullarının Rusiyaya ixracına başlanıldı. Bu arada Türkiyənin "Tekfen” şirkəti "SOCAR Polymer”də 10% paya malik oldu. Bunun 5%-i SOCAR-dan, 5%-i isə "PAŞA Holdinq” MMC-dən alındı.

Bu il SOCAR yeni müəssisələr istifadəyə verməklə yanaşı, Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi və yenidən qurulması layihəsi çərçivəsində zavoda yüksək təzyiq altında işləyən 11 ədəd LPG (maye qaz) çənləri gətirdi. SOCAR-ın Qazaxıstanın "KazMunayQaz” şirkəti ilə imzaladığı Anlaşma Memorandumuna əsasən isə Bakıya "Sətti” qazma qurğusu gətirildi.

2019-cu ildə Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısının açılışı oldu. Beləliklə, Azərbaycana məxsus təbii qazın qitə ölkələrinə nəqlinə doğru bir addım atıldı. Mərasim Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində baş tutdu. Bolqarıstanın cənubundakı Kirkovo kəndi yaxınlığında isə Bolqarıstan-Yunanıstan İnterkonnektorunun təməlqoyma mərasimi keçirildi. Bu kəmər Azərbaycan qazını Bolqarıstana nəql etməyə imkan verəcək.

Avropaya qaz ixrac etməyə hazırlaşan Azərbaycan hökuməti həm də ölkə daxilində əhaliyə verilən "mavi yanacağ”ın aşağı tariflə illik istehlak həcmini 1 700 kubmetrdən 2 200 kubmetrə çatdırdı.

Bu il Azərbaycanın neft sektorunda hər hansı açılış mərasimi olmasa da, mühüm satınalma baş verdi. Macarıstanın MOL şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 9,6%, Azərbaycan neftinin əsas ixrac kəməri - Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərindən isə 8,9% pay almaqla bağlı saziş imzaladı. Bu paylar ABŞ-ın "Chevron” şirkətinə məxsusdur.

İl elektroenergetika baxımından da yaddaqalan oldu. Bakıda "Şimal-2” elektrik stansiyası, "Müşfiq" və "Zamrat" yarımstansiyaları istismara verildi. Azərbaycan enerji sistemlərini optik kabellə Gürcüstanla əlaqələndirdi, Avropaya elektrik enerjisi ixrac etməyə başladı.

Maliyyə

2019-cu ildə Azərbaycanda əhalinin sosial rifahı nəzərəçarpacaq dərəcədə yüksəldildi, ölkədə minimum əmək haqqı və pensiya ilk dəfə yaşayış minimumunu üstələdi. Belə ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, maaşların aşağı həddi iki mərhələdə artırılaraq 130 manatdan 250 manata, pensiyaların aşağı həddi isə yenə də iki mərhələdə artırılaraq 116 manatdan 200 manata çatdırıldı. Əmək haqqı artımları dövlət sektorunda 1 milyon nəfəri, özəl sektorda isə 350 min nəfəri əhatə etdi və dövlətin illik xərclərini təxminən 2 milyard manat artırdı. Pensiya artımları isə 750 min nəfərə şamil edildi və dövlət büdcəsinin yükünü 450 milyon manat artırdı. Təqaüd və müavinətlərdə də artımlar oldu və ümumilikdə bu sosial paketlər 4,2 milyon insana aid edilərək 3,9 milyard manatlıq əlavə illik maliyyə yükünə çevrildi.

Bu il həmçinin manatın 2015-ci ildəki ikili devalvasiyasının Azərbaycan vətəndaşlarına vurduğu ziyan aradan qaldırıldı. Prezident İlham Əliyevin imzaladığı "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmana əsasən xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarına qədər olan əsas kredit borclarının devalvasiya hesabına artmış hissəsi dövlət büdcəsinin vəsaiti hesabına ödənildi. Bu proses təxminən 900 min insanı əhatə etdi. Onlardan 600 mininə kompensasiya, 300 mininə isə illik cəmi 1%-lə, 5 il müddətinə milli valyutada yeni kredit müqaviləsi bağlamaq təklif olundu. İl ərzində vətəndaşlara 645 milyon manat kompensasiya ödənildi, 123 min borcalanın 242 milyon manat məbləğində kreditləri güzəştli şərtlərlə restrukturizasiya edildi, 205 milyon manat faiz və dəbbə pulu silindi, 42 min borcalanın kreditləri tam bağlandı. Maliyyə yükü 1 milyard manatdan çox olan bu addımla Azərbaycan post-sovet məkanında problemli kreditlərin həlli üçün daha sistemli və əhatəli yanaşma nümayiş etdirdi, əhalinin maraqları yüksək səviyyədə nəzərə alındı, eləcə də bank sektoruna dəstək verildi.

 

Banklardan söz düşmüşkən, 2019-cu ildə onların sayında dəyişiklik baş vermədi, yəni ötən il olduğu kimi bu il də heç bir bank bağlanmadı. Bununla yanaşı, Maliyyə Bazarlarına Nəzarət Palatası 16 kredit ittifaqının, 1 bank olmayan kredit təşkilatının (BOKT) lisenziyasını ləğv etdi, 3 BOKT-a isə lisenziya verdi.

Sığorta bazarında da yeniliklər oldu. 2010-cu ildən Azərbaycanda qeyri-həyat sığortası üzrə fəaliyyət göstərən Fransanın AXA sığorta qrupu ("AXA Mbask” Sığorta Şirkəti ASC) bazarı tərk etməyə qərar verdi, ölkədəki həyat sığortası şirkətlərinin sayı isə ötən il yaradılmış "Xalq Həyat Sığorta” ASC-nin lisenziya alması ilə 3-dən 4-ə çatdı. Bu il yaradılmış "Meqa Həyat Sığorta” ASC-yə lisenziyası verilməsi isə gələn ilə qaldı. Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta”) şəhid ailələrinə kompensasiya ödəməsi, eləcə də bu şirkət də daxil olmaqla bəzi sığortaçıların fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması da ilin yadda qalan hadisələrindən oldu.

Qiymətli kağızlar bazarı da yeniliklərdən kənarda qalmadı. İl ərzində Azərbaycanda ilk dəfə beynəlxalq maliyyə institutu – Qara Dəniz Ticarət və İnkişaf Bankı milli valyutada (manatda) istiqraz buraxdı. Bundan başqa, "Bakı Fond Birjası” QSC-nin listinq qaydaları yeniləndi. Son nəticədə bəzi bankların səhmləri listinqə daxildi, bəzi bankların səhmləri isə fond bazarının daha yüksək seqmentinə keçirildi. Dövlətə məxsus "Azərbaycan Beynəlxalq Bankı” ASC isə uzun fasilədən sonra səhmdarlarına dividend ödəməyə qərar verdi. Bankın özəlləşdirilməsi isə bu il də baş tutmadı.

2019-cu ildə Azərbaycanda valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməsi proseduru sadələşdirildi. Maliyyə bazarlarındakı yoxlamalara tətbiq edilmiş məhdudiyyət isə aradan qaldırıldı.

Struktur islahatları çərçivəsində 4 ildir ki, fəaliyyət göstərən Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilərək səlahiyyətləri Azərbaycan Mərkəzi Bankına (AMB) verildi. Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) da AMB-yə birləşdiriləcəyi ilə bağlı ehtimallar isə özünü doğrultmadı. Fonddan söz düşmüşkən, bu il qurum ləğvedicisi olduğu banklarda, o cümlədən "Bank Standard” QSC-də 10 min dollara qədər qorunmayan əmanəti olan vətəndaşlara güzəştə getməli oldu. Bununla da, kreditorlar 3 illik mübarizədən sonra məqsədlərinə qismən nail oldular. İl ərzində Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti isə daha 1 il uzadıldı.

2019-cu ildə AMB-nin İdarə Heyəti faiz dəhlizinin parametrlərini 8 dəfə nəzərdən keçirdi. Ölkədə uçot dərəcəsi tədricən 9,75%-dən 7,5%-ə, faiz dəhlizinin yuxarı həddi 11,75%-dən 9,25%-ə, aşağı həddi isə 7,75%-dən 5,75%-ə endirildi. Bu il tənzimləyici qurum valyuta ehtiyatlarını və ölkədəki pul bazasını bir qədər artırdı, dövriyyədə olan 10 manatlıq pul nişanlarını yenilədi, eləcə də Bakı Dövlət Universitetinin yaradılmasının 100-cü ildönümü, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yaradılmasının isə 20-ci ildönümü münasibəti ilə yeni yubiley pul nişanları buraxdı.

ARDNF-dən söz düşmüşkən, 2019-cu ildə qurumun icraçı direktoru dəyişdi. İndiyə qədər Fonda rəhbərlik edən Şahmar Mövsümov Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri təyin olundu, onu köhnə vəzifəsində isə müavini İsrafil Məmmədov əvəz etdi. Fondun aktivləri isə ilk dəfə 40 milyard dolları keçdi. Bu, Azərbaycanın valyuta ehtiyatlarının da məbləğinə təsir etdi və 4 illik fasilədən sonra ölkə yenidən 50 milyard dollardan artıq ehtiyata malik oldu.

Biznes

2019-cu ildə Azərbaycan Dünya Bankının "Doing Business” hesabatında 34-cü yeri tutdu və dünyanın 20 ən islahatçı ölkəsindən biri oldu. Hökumət biznesin, o cümlədən mikro, kiçik və orta sahibkarlığın (MKOS) inkişafı üçün bir sıra addımlar atdı.

Kadr və struktur islahatları çərçivəsində iqtisadiyyat naziri Şahin Mustafayev vəzifəsindən azad edilərək baş nazirin müavini, vergilər naziri Mikayıl Cabbarov vəzifəsindən azad edilərək iqtisadiyyat naziri, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov isə vəzifəsindən azad edilərək Prezident Administrasiyanın dövlət nəzarəti şöbəsinin müdiri təyin edildi. Vergilər Nazirliyi və ƏMDK ləğv edilərək səlahiyyətləri İqtisadiyyat Nazirliyinə verildi.

Bu il Prezident İlham Əliyev "MKOS subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi qaydası”nı təsdiqlədi. Bununla da, iş adamları marketinq üçün dövlətdən 20 min manata qədər dəstək almaq imkanı qazandılar. Bundan başqa, ölkədə vahid dövlət satınalmaları portalı yaradıldı, dövlət-biznes elektron reyestrinin yaradılmasına başlanıldı, Vergi Məcəlləsi bir qədər də təkmilləşdirildi, Vergi Ombudsmanı institutu fəaliyyətə başladı.

Biznesə dəstək addımları Dövlət Gömrük Komitəsini də əhatə etdi. Gömrük-keçid məntəqələrində "Yaşıl dəhliz” buraxılış sistemi işə düşdü, "Elektron növbə"nin tətbiqinə start verildi. Komitə həmçinin blokçeyn texnologiyalarının tətbiqinə başladı. Bundan başqa, Azərbaycan-Rusiya sərhədində, Samur çayı üzərində yeni körpü açıldı.

2019-cu ildə Azərbaycanda "Elektron ipoteka və kredit zəmanət” sistemi istifadəyə verildi, sahibkarların götürdüyü kreditlərə dövlət zəmanəti üçün təminat tələbi aradan qaldırıldı. İş adamları üçün "Mobil məhkəmə” yaradıldı, kommersiya məhkəmələrinin yaradılmasına başlanıldı.

İl ərzində Azərbaycan xaricdəki ticarət evlərinin sayını 7-yə, şərab evlərinin sayını isə 3-ə çatdırdı. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Ticarət Evi, Rusiyanın Yekaterinburq şəhərində isə Azərbaycan Şərab Evi açıldı. Bakıda isə Ukrayna Ticarət Evi fəaliyyətə başladı.

Sənaye

2019-cu ildə də Azərbaycanda hökuməti sənayenin inkişafını diqqət mərkəzində saxladı. Şərur rayonunda Sənaye Məhəlləsinin yaradılmasına qərar verildi, Ağdaş rayonunda isə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit verdiyi Biyan Sənaye Parkının açılışı oldu.

Bundan başqa, Hacıqabul Sənaye Məhəlləsində "Azərmaş” ASC-nin Rusiyanın "Qaz Qrup” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun, İranın "Qartal” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə isə avtobus və yük avtomobilləri istehsalı zavodunun təməli qoyuldu. Məhəllədə həmçinin Rusiya investisiyalı "Penopleks” izolyasiya məhsulları istehsalı zavodunun inşasına başlanıldı.

Pirallahı Sənaye Parkında isə "Diamed" şpris istehsalı zavodu və dərman vasitələrinin istehsalı üzrə ixtisaslaşmış Azərbaycan-Rusiya birgə müəssisəsi "R-Pharm” istifadəyə verildi. İki ölkə həmçinin Bakının "Zabrat” aeroportunun ərazisində vertolyotların əsaslı təmiri və servisi mərkəzinin təməlini qoydu.

Balaxanı Sənaye Parkında isə 2017-ci ilin sentyabr ayından istehsal olunan mebel məhsullarının ABŞ-a ixracına start verildi.

Bu il "Anglo Asian Mining” şirkəti Azərbaycanda yeni mis və qızıl yataqları kəşf etdi. "Azərxalça” ASC-nin isə Qəbələ və Qobustan rayonlarında yeni filialları açıldı.

Kənd Təsərrüfatı

 

2019-cu ildə də Azərbaycanda aqrar sahədə islahatlar davam etdirildi. Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Fitosanitar Xidməti, Dövlət Baytarlıq Xidməti, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Aqrar Xidmətlər Agentliyi yaradıldı. Bununla da, fermerlərə "vahid pəncərə” prinsipi ilə xidmət göstərilməsinə başlanıldı.

Bundan başqa, ölkədə aqrar sahədə innovasiyaların tətbiqi genişləndirildi. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) işə düşdü və fermerlərlə bağlı vahid məlumat bazası formalaşdırıldı. Gələn ildən fermerlərə subdisiyalar EKTİS-in altsistemi oln Subsidiya İnformasiya Sistemi (SİS) vasitəsilə veriləcək. Burada qeydiyyatdan keçməyən fermerlər subsidiya ala bilməyəcək.

Yeri gəlmişkən, bu il Azərbaycanda subsidiyalarnın məbləğinin müəyyən edilməsi ilə bağlı qaydalar yeniləndi. Prezident İlham Əliyevin təsdiqlədiyi "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”na əsasən, müxtəlif bitki növləri üzrə əkin əmsalları müəyyən edildi. Gələn ildən həmin əmsallar baza məbləğinə (200 manat) vurulacaq və bu yolla subdisiyaların məbləği müəyyən ediləcək.

Bu il Azərbaycanda həm də Türkiyə təcrübəsi əsasında aqrar sığorta mexanizminin yaradılmasına başlanıldı, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun nizamnaməsi təsdiq edildi.

 

İl ərzində Nazirliyə məxsus "Aqrar Tədarük və Təchizat” ASC "Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” (AFAQ) layihəsini, "Dövlət Aqrar Ticarət Şirkəti” MMC isə aqroekoturizmlə bağlı "Şəhərdən Kəndə” layihəsini reallaşdırmağa başladı. "Aqrolizinq” ASC isə builki taxıl mövsümündə sahəsi 50 hektardan az olan fermerlərə hamıdan əvvəl xidmət göstərməsi ilə yadda qaldı.

Taxıldan söz düşmüşkən, bu il Azərbaycanda 3,2 milyon ton taxıl yığıldı. Bunun 2,3 milyon tonu ərzaq buğdası oldu. Barama istehsalının həcmində isə son 21 ilin rekordu qeydə alındı – 634 ton. Pambıq yığımının həcmi isə 295 min ton təşkil etdi ki, bu da pambıqçılıqla bağlı dövlət proqramının qəbul olunduğu 2016-cı ildən bəri rekord həddir.

Digər mühüm yeniliklər isə Azərbaycanda fermer kooperativlərinin yaradılmasına başlanılması, Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulmuş Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və "Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışı oldu.

İnfrastruktur

2019-cu ildə Azərbaycanın dəmir yolu nəqliyyatında mühüm yeniliklər baş verdi. "Azərbaycan Dəmir Yolları” QSC Əvvəlcə Bakının mərkəzindən Sabunçu qəsəbəsinə qədər, daha sonra isə Abşeron rayonunun Pirşağı qəsəbəsinə qədər dəmir yolu xəttini istifadəyə verdi və bu istiqamətdə yeni sürət qatarları işə düşdü. Pirşağıda qatarların və avtomobillərin bir-birinə mane olmadan hərəkət etməsi üçün avtomobil tuneli istifadəyə verildi. Pirşağıdan Sumqayıt şəhərinə qədər olan (ümumilikdə Abşeron dairəvi) dəmir yolu xəttinin açılışı isə gələn ilin fevral ayına qaldı.

Bu il həm də Bakı-Gəncə sürətli elektrik qatarının yolda olma müddəti yarım saat azaldılaraq 4 saat 15 dəqiqədən 3 saat 45 dəqiqəyə endirildi. Bu, qatarın sürətinin 135 km/saat-a çatdırılması hesabına oldu. Bundan başqa, qatarda geniş haqqı adi yerlər üzrə 15 manatdan 10 manata, biznes yerləri üzrə isə 50 manatdan 25 manata endirildi. Qatarın marşrutunun Ağstafaya qədər uzadılması istiqamətində işlərə başlanıldı. Paralel olaraq Qəbələyə dəmir yolu xəttinin çəkilişi davam etdirildi, Şahdağa dəmir yolu xəttinin çəkişi üçün layihələndirmə işlərinə başlanıldı. 

İl ərzində Azərbaycana "İsveçrə”nin "Stadler” şirkətinin istehsalı olan daha 2 ədəd ikimərtəbəli qatar gətirildi və ölkədə bu növ qatarların sayı 9-a çatdırıldı. İsveçrə şirkəti Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edəcək sərnişin qatarını da Azərbaycan paytaxtına çatdırdı. Bakı-Tbilisi qatarı isə ilk dəfə olaraq sərnişin lokomotivi ilə yola salındı.

"Bakı Metropoliteni” QSC isə bu il "Xətai” və "Bakmil” stansiyalarının yenidən qurulmasını başa çatdırdı, "Qara Qarayev” və "Memar Əcəmi” stansiyalarının hər birində 2, "Ulduz” və "Nəriman Nərimanov” stansiyalarının arasında isə yenə də 2 yeni ventilyator quraşdırdı. Bundan başqa, qurum Rusiyanın "Transmaşholdinq” SC-nin daxil olan "Metrovaqonmaş” ASC-dan aldığı 6 yeni qatarı (30 yeni vaqonu) Bakıya gətirdi, şirkətlə yaxın 3 il ərzində daha 12 qatarın (60 vaqonun) alınmasına dair müqavilə imzaladı. Tərəflər həmçinin qatarlara xidmət göstərilməsi barədə müqaviləyə imza atdılar.

2019-cu ildə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi ilə "Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa olunmuş neft tankeri istifadəyə verildi. Eyni zamanda "Azərbaycan” adlı gəmi-bərə suya salındı. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC isə Avropanın aparıcı logistika qovşağı ilə əməkdaşlığa başladı, Avropadan Orta Asiyaya və Çinə yük daşımalarının genişləndirilməsi məqsədi ilə saziş imzaladı, Qazaxıstan və Türkmənistan limanları ilə birlikdə rəqəmsal platforma yaratmağa start verdi.

Bu il Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda Mərkədan-Qala, regionlarda isə Mingəçevir-Beyləqan avtomobil yollarını istifadəyə verdi. Bakı Nəqliyyat Agentliyi isə "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışını etdi, paytaxtın küçələrində velosiped yollarının çəkilişinə başladı.

2019-cu ildə Azərbaycanda yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılmasına başlanıldı. Bu iş İpoteka və Kredit Zəmanət Fonduna həvalə olundu. Mənzil İnşaatı Dövlət Agentliyi isə ilk layihəsi olan Yasamal Yaşayış Kompleksindən güzəştli şərtlərlə mənzil satışını davam etdirdi və evə sahib olan ailələrin sayını 1 385-ə çatdırdı.

İl ərzində Bakıda ƏMDK-nın Əmlak Xidmətləri Məkanı açıldı. Komitə həmçinin daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada verilməsinə başladı, bununla da kağız çıxarış dövrünə son qoyuldu.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə tikintiyə və istismara icazə prosedurunu elektronlaşdırdı. Komitə bunun üçün Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN Xidmət”) ilə birlikdə "bir pəncərə” prinsipi ilə fəaliyyət göstərən "Elektron portal”ı istifadəyə verdi. Nəticədə məmur-sahibkar ünsiyyəti minimuma endirildi, tikinti və istismara icazə alınması müddəti azaldıldı. Qurum paralel olaraq Bakının Baş Planı üzərində işləri də davam etdirdi və Almaniyanın "AS+P” şəhərsalma şirkətini bu prosesə cəlb etdi.

Turizm

2019-cu il Azərbaycanın turizm sektoru üçün də əhəmiyyətli il oldu. Ölkəyə gələn xarici vətəndaşların sayı ilk dəfə 3 milyon nəfəri keçdi. "ASAN Xidmət”ə məxsus "ASAN Viza” sistemi vasitəsilə isə 1 milyonuncu viza verildi. Həmin viza Fransa vətəndaşına qismət oldu. Bu arada Xarici İşlər Nazirliyi isə Türkiyə vətəndaşları viza tələbini ləğv etdi.

Bu il Dövlət Turizm Agentliyi də turizmin inkişafı üçün az iş görmədi. Qurum Şəki, Quba, Gəncə və Lənkəranda Destinasiya Menecmenti Təşkilatı yaratdı, ölkədəki 7 qoruğu ("Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, "Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, "Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu, "Xınalıq” Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğu, "Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu, "Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu (Şəki şəhəri "Karvansaray” Mehmanxana Kompleksi daxil olmaqla), "Kiş” Tarix-Memarlıq Qoruğu) əhatə edən Qoruqları İdarəetmə Mərkəzi formalaşdırdı, 300-dən çox turizm şirkəti və müəssisəsinin iştirakı ilə 15 rayonda "Regional biznes mühiti” turu keçirdi. Bundan başqa, Agentlik Gürcüstanın paytaxtı Tbilisidə də nümayəndəlik açdı. Bununla da, xarici ölkələrdəki turizm nümayəndəliklərimizin sayı Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Çin, Hindistan və Rusiyadan sonra 7-yə çatdı.

Turizm sahəsində digər mühüm yeniliklər isə Bakıya səfər edən turistlər üçün "Bakı Kart”ın ("Baku Card”) satışa çıxarılması, Azərbaycanın ilk şərab marşrutunun yaradılması, Naftalan nefti, Duzdağ və palçıq vulkanları ilə bağlı turizm məhsullarının təkmilləşdirilməsi oldu.

İKT

2019-cu ildə informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsi də yeniliklərdən kənarda qalmadı. "Azərkosmos” ASC-yə məxsus 2-ci telekommunikasiya peyki - "Azerspace-2” kommersiya fəaliyyətinə başladı. Səhmdar cəmiyyəti həm də Rusiyanın Peyk Rabitə Şirkəti (Russian Satellite Communications Company – RSCC) ilə əməkdaşlıq sazişi imzaladı. Sənədə əsasən, iki ölkə birgə peyk rabitəsi və yayım xidmətləri təqdim edəcək.

Azərbaycan Qazaxıstanla birlikdə isə Avropa və Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasına başladı. Bunun üçün iki ölkə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsinə start verib. Bundan başqa, Azərbaycanla Belarus arasında rabitə sahəsində memorandum imzalandı. Bunun üçün elektron imzadan istifadə edildir ki, bu da MDB məkanında ilk təcrübə oldu.

IKT sahəsində digər mühüm yeniliklər Azərbaycanda kibertəhlükəsizlik məqsədi ilə yeni xidmətin, eləcə də "PostPay” elektron pul kisəsinin istifadəyə verilməsi oldu.

Dünya

2019-cu ildə dünya bazarında "Brent” markalı neftin 1 barelinin qiyməti 55-75 ABŞ dolları, WTI markalı neftin 1 barelinin qiyməti isə 45-65 dollar arasında dəyişdi. Bununla belə, Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) üzv olan və olmayan ölkələrin əmtəə birjalarında "qara qızıl”ın qiyməti ilə bağlı narahatlığı azalmadı. İl ərzində neft istehsalçıları gündəlik hasilatın həcminin azaldılması ilə bağlı "OPEC+” sazişinin müddətini gələn ilin I rübünün sonuna qədər uzatdılar, azalma göstəricisini isə 1,2 milyon bareldən 1,7 milyon barelə çatdırdılar.

Bu il dünyada investorların qiymətli metallara, o cümlədən qızıla tələbatı artdı. Son nəticədə qızılın 1 unsiyasının qiyməti ilk dəfə 1 500 dolları keçdi. Bu, qlobal səhm və istiqraz bazarlarına qeyri-müəyyənliyin artması fonunda baş verdi.

Əvəzində dünyanın valyuta bazarlarında vəziyyət sabitləşdi. ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini bir neçə mərhələdə 2,25-2,5%-dən 1,5-1,75%-ə endirdi. Avropa Mərkəzi Bankı isə faizləri sabit saxlamağa üstünlük verdi. Azərbaycanla qonşu ölkələrdən Türkiyədə uçot dərəcəsi 24%-dən 12%-ə, Rusiyada isə 7,75%-dən 6,25%-ə endirildi. Yalnız Gürcüstanda Rusiya ilə münasibətlərdə yaranmış gərginlik nəticəsində milli valyutanın dəyərdən düşməsinin qarşısını almaq üçün uçot dərəcəsi 6,5%-dən 9%-ə çatdırıldı.

2019-cu ildə ABŞ-la Çin arasında ticarət müharibəsi qismən səngidi və iki ölkə müəyyən razılığa gəldi. ABŞ Çin məhsullarının idxalına tətbiq etdiyi gömrük rüsumlarını azaltmağa, Çin isə ABŞ-ın kənd təsərrüfatı məhsullarının idxalını artırmağa söz verdi. ABŞ-ın müttəfiqi sayılan Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi ("Brexit”) ilə bağlı 2016-cı ildən başlamış proses isə bu il də yekunlaşmadı. 

İl ərzində Beynəlxalq Valyuta Fondunun direktoru dəyişdi. İndiyə qədər bu vəzifəni tutan Kristin Laqard Avropa Mərkəzi Bankına sədr təyin edildi. Onun keçmiş vəzifəsinin icrası isə vaxtilə Dünya Bankının icraçı direktoru olmuş Kristalina Georgiyevaya həvalə olundu. 


RƏYLƏR