BNA rəhbərliyi “tamah dişi”nin ağrısını necə kəsir: Yığılan milyonlar, korrupsiya və küçələrdəki xaos

OXUNUB: 1536 GÜNDƏM TƏHLİL
Hazırda fəaliyyətindən ciddi narazılıq edilən strukturlar siyahısında "liderliyi” Bakı Nəqliyyat Agentliyi (BNA) tutur desək, yanılmarıq. Yaradılma səbəbi əslində paytaxtın nəqliyyat xaosuna son vermək olan bu qurum gözləntiləri nəinki doğrultmadı, əksinə indi bu sektordakı vəziyyətin daha bərbad olduğunu düşünənlərin sayı artmaqdadır.
Sfera.az xatırladır ki, Nəqliyyat Nazirliyi müstəqil qurum kimi ləğv olunub Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildikdən sonra hər kəsdə nəhayət nəqliyat sektorunda irəliləyişlərin olacağına dair ümüdlər yaranmışdı. Amma...
Amması ondan ibarətdir ki, 2016-cı ildən fəaliyyətə başlayan  Bakı Nəqliyyat Agentliyi müsbət mənada heç nəylə yadda qalmadı. Bu gün ictimai nəqliyyatdan istifadə edən hər kəs bu qurumun fəaliyyətindən narazıdır. Məsələn, hərəkətin pik saatlarında paytaxt dayanacaqlarında əsl izdiham yaranır, marşrut xətlərində aparılmış dəyişiklik və islahatlar isə hələ ki, öz nəticələrini vermir.
Amma maraqlı nüans ondan ibarətdir ki, BNA nəqliyyat sistemindəki problemləri həll edə bilmədiyi halda tez-tələsik avtomobillərin parklanması məsələsini "tənzimləmək” qərarına gəldi. Paytaxt küçələrinə quraşdırdıqları nəzarət kameraları ilə minik avtomobillərinə dayanma-durmaya görə 20 AZN məbləğində cərimə yazırlar. Qurumun rəhbəri Vüsal Kərimli hesabat konfransında çıxışı zamanı agentliyin 2 ayda 53 min protokol yazdığını açıqlayıb. Yəni, qurum 2 ay ərzində 1 milyon manatdan çox cərimə yazıb. Amma məsələ heç bu da deyil.
Məsələ odur ki, sürücülərin ucdantutma cərimələnməsi (bəzi hallarda isə haqsız olaraq – sfera.az) BNA mövcud problemi həll edirmi? Yaxud həll edə biləcəkmi? Mövcud reallıq optimist düşünməyə əsas vermir. Çünki hələ də paytaxt küçələrində tıxacdır. Günün pik saatlarında vəziyyət daha da acınacaqlı olur. Cərimələrin tətbiqi isə davamlı olacaq. Nəzərə alsaq ki, BNA-nın nizamnaməsində göstərilir ki, yığılan dövlət büdcəsinə ödənməsi kimi bir məcburiyyəti yoxdur, o zaman mənzərəylə bağlı yarımçıqlıq tamamlanmış olur. BNA rəhbərliyi bu yolla "tamah dişinin” ağrısını kəsməyə çalışır.
Məlumat üçün bidirək ki, bu heç də yeni ssenari deyil. Əksinə sabiq nəqliyyat naziri Ziya Məmmədovun açdığı cığırla irəliləmək eşqidir. Bir zamanlar keçmiş nəqliyyat naziri Ziya Məmmədov da taksilərə nəzarəti ələ keçirmək üçün oxşar və mümkün bütün metodlardan istifadə edirdi. İndi BNA və BNA rəhbərliyi də zamanında Məmmədovun üsulundan yararlanır. Nəinki parklanmaya, hətta sərnişinləri düşürmək və götürmək üçün də taksilərə cərimələrin yazılması nümunəvi xidmət deyil, nəzarət imkanlarına sahiblənməkdir. Maraqlı olan isə həm də budur ki, tutaq ki, avtomobil hərəkətdə olarkən nasazlığın yaranması səbəbindən maşın yolun kənarına çəkilirsə, həmin avtomobilin sürücüsünə də cərimə yazılır ki, bunu heç bir məntiqlə izah etmək olmaz. Bunun yalnız bir adı var: özbaşınalıq..
Bunlar hər kəsin paytaxt küçələrində gündəlik müşahidə etdiyi hallardır. Amma indi yerli mediada BNA rəhbərliyinin adı halandırılan səs-küylü ittihamlar, rüşvət və digər qanunsuzluqlarla bağlı nüanslar daha intensiv görünməkdədir. Bu baxımdan Bakı Nəqliyyat Agentliyinin sədr müavini Elçin Mustafayevin adı qarışan böyük korrupsiya skandalı ciddi rezonansa səbəb olub. Gündəmin əsas müzakirə mövzularından birinə çevrimiş ilginc olayın detalları isə aşağıdakı kimidir:
"Ötən il Bakı şəhərinin inzibati ərazisində piyada səkiləri və eynisəviyyəli piyada keçidlərində pandusların təşkili işləri üçün tender keçirilib. Tenderin qalibi Elçin Mustafayevin faktiki sahibi olduğu "Econ” şirkəti olub. Həmin işlər görülüb. Dövlət büdcəsindən 2 milyondan artıq vəsait bu məqsədə sərf olunub, amma iş icraçısı Ricat Arif oğlu Şeyxəliyevin pulu bu günə qədər verilməyib.
"Yeni Müsavat”a üz tutan iş icraçısı deyib ki, Elçin Mustafayev müxtəlif şəxslərin arxasında gizlənməklə onun pulunu ödəməkdən yayınır:
"”Econ" şirkətindən dəvət aldım. Şirkət Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi tərəfindən "Lot.1" üzrə - Bakı şəhərinin inzibati ərazisində piyada səkiləri və eynisəviyyəli piyada keçidlərində pandusların təşkili işlərinin satınalınması məqsədilə keçirilmiş açıq tenderin qalibi çıxmışdı. Tender komissiyasının 14 noyabr 2017-ci il tarixli protokoluna əsasən ”Econ" MMC qalib elan edilmiş və həmin təşkilatla 29 noyabr 2017-ci il tarixdə müvafiq satınalma müqaviləsi bağlanıb. Mən sonradan bildim ki, "Econ” Bakı Nəqliyyat Agentliyinə yad bir şirkət deyil. "Econ”un faktiki sahibi Bakı Nəqliyyat Agentliyinin sədr müavini Elçin Mustafayevdir. Tendersiz də Elçin Mustafayevin şirkəti həmin işi gördürə bilərdilər. Məni işə dəvət edəndə dedilər ki, piyada səkiləri və eynisəviyyəli piyada keçidlərində pandusların təşkili işlərini görəcəyik və hər kvadrat metr işə görə 60 manat zəhmət haqqı alacağıq".
Sfera.az bildirir ki, haqqı pozulmuş iş icraatçısı başqa mətləblərdən, BNA-nın şok maxinasiyalarından da söz açıb. Oxumağa davam edək:
"Mustafayev Bakı Nəqliyyat Agentliyində sədr müavinidir. İşlər də Bakı Nəqliyyat Agentliyinin sifarişi ilə ”Econ" tərəfindən görülürdü. Mən iş icraçısı olaraq işə başladım. Onlarla usta, fəhlə dəvət edib tikintini apardıq. Ümumilikdə 150-yə yaxın işçimiz olub. Tikinti normalarına görə pandusların altına beton qatı tökülməli, armaturlar toxunmalı, dəmir torlar qoyulmalı idi. Amma biz işə başlayanda dedilər plitələri elə torpağın üstündəncə yerə düzün. Sifarişçi onlardır, təchizat da onlarlıq olduğundan biz iş icraçısı olaraq sifarişi deyilən qaydada yerinə yetirməli idik. Belə də etdik. Dəfələrlə iradımı bildirdim, dedim ki, bu cür döşənmədən az sonra piyada keçidləri, panduslar dağılıb sıradan çıxacaq. Dedilər ki, siz işinizi görün, narahat olmayın. Bu gün kim gedib həmin plitələrdən birini qaldırsa, görəcək ki, plitələrin altında nə beton var, nə də betonun içində dəmir tor. Nəcəf  Sadıqov, Fərid adlı təchizat şöbəsinin müdirləri deyirlər ki, işinizi biz dediyimiz qaydada görün, pulunuzu alın, qalan işlər bizlikdir. Yəni dövlətə verdikləri hesabatlarda yazıblar ki, pandusların və piyada keçidlərinin altına armatur, dəmir tor qoyulub, beton tökülüb. Faktiki isə bunların heç biri olmayıb".
Görünən isə odur ki, bir vaxtlar yaradılmasına böyük ümüdlər bəslədiyimiz BNA həmin ictimai etimadın üzərindən qalın bir xətt çəkmiş oldu. Bu həm də prezident İlham Əliyevin onlara göstərdiyi yüksək etimada layiq olmamaq deməkdir. Həmin etimada layiq olmayanların son aqibəti isə kimsəyə sirr deyil. BNA rəhbərliyi bu haqda düşünsə pis olmazdı, təbii ki, əgər pul qazanmaq üçün cızdıqları planlardan vaxt tapa bilsələr./sfera
7NEWS.az

RƏYLƏR