26 yaşlı gəlin ərini niyə öldürdü? – TƏFƏRRÜAT

OXUNUB: 715 HADİSƏ

Bakıda ərini öldürməkdə təqsirləndirilən 1990-cı il təvəllüdlü Gülər Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

İcmal.Az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxs və şahidlər ifadə verib.

İttihama görə, hadisə 2016-cı il noyabrın 7-də Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. Gülər Mirzəyeva həyat yoldaşı, 32 yaşlı Şəmsi Babayevi bir bıçaq xəsarəti ilə qətlə yetirərək onu öldürüb.

Bildirilir ki, gənc cütlük bir neçə il əvvəl ailə həyati qurub. Ali təhsilli olan Gülər 2 il əvvəl ana olub. Lakin yeni doğulan övlad da ailəyə xoşbəxtlik gətirməyib. Gülərlə Şəmsi tez-tez adi məişət məsələləri üstündə dalaşırlarmış. Ümumiyyətlə, qohumları onların xasiyyətlərinin bir-birinə uyğunlaşmadığını, bir-birlərindən narazı olduqlarını bildiriblər.

Noyabrın 7-də, səhər saatlarında növbəti dəfə ərlə arvad mübahisə edib və əsəblərinə hakim ola bilməyən Gülər Mirzəyeva mətbəxdən götürdüyü bıçaqla ərini vurub.

Gülər Mirzəyeya Naxçıvan Dövlət Universitetinin filalogiya fakultəsinin məzunudur və iki yaşlı övladı var. Gülər Mirzəyeva Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə təqsirli bilinir.

Zərərçəkmiş tərəfin iddiasına görə, Gülər Mirzəyeva qətli tək törətməyib. Bu işdə təqdirləndirilən qadının atası və qardaşı da ittiham olunmalıdır.

Şəmsi Babayevin hüquqi varisi kimi atası Qnyaz Babayev tanınıb. Onun vəkili Bəxtiyar Hacıyev əvvəlki prosesdə vəsatət verərək Gülərin qətli tək yox, atası və qardaşı ilə birgə törətdiyini deyib, işin istintaqa qaytarılmasını istəyib. Amma vəsatət təmin edilməyib.

Prosesdə 3 saylı Şəhər Klinik Xəstəxanasının həkimləri ifadə verib. Xəstəxananın cərrahı Səbuhi Talıbov bildirib ki, həmin gün növbədə olub. Onun sözlərinə görə, xəstə qəbul şöbəsinə gətiriləndə artıq həyat əlamətləri olmayıb: "O, artıq dünyasını dəyişmişdi. Sonra da prokurorluqda ifadə verdim. Həmin ifadəni təsdiqləyirəm”.

Digər şahid, xəsətəxananın işçisi Tural Əliyev qeyd edib ki, yaralı xəstəxanaya gətirilən zaman həyətdə səs-küy olub. Onun sözlərinə görə, yaralını xəstəxanaya gətirən Gülər Mirzəyeva olub: "Qucağında körpə uşaq da var idi. Qışqırıdılar ki, yaralı var. Onlar xəstəxananın yolunu bilmədikləri üçün çöl qapıya gəlmişdilər. Biz də xərək gətirib xəstəni qəbul şöbəsinə apardıq. Müayinə zamanı məlum oldu ki, o, artıq dünyasını dəyişib”.

Vəkil Bəxtiyar Hacıyev vəsatət verərək mərhumun xalası Gülxanım Babayevanın əlavə şahid kimi dindirilməsini istəyib. Vəkil vəsatətini belə əsaslandırıb ki, Gülxanım Babayeva mərhumla həyat yoldaşının münasibətlərində yaranan problemləri bilən əsas şahidlərdəndir. Məhkəmə vəsatəti təmin etməyib.

Növbəti proses sentyabrın 8-də davam edəcək.

 

İcmal.Az

RƏYLƏR