“3-4 ay qabaq ərəblər Tarqovıya qız tutmağa çıxırdılar, indi qızlar ərəb tutmağa çıxır”

OXUNUB: 908 SOSİAL

Təvazökarlıqdan Tarqovı qədər uzaq olsa da, deməliyəm ki, sadə adamlarla söhbətim hər zaman yaxşı tutur. Oturub saatlarla söhbət edirik, danışırlar, dinləyirəm. Bu, jurnalist üçün çox vacibdir.

Dünən axşam saat 8 radələrində "Gənclik”də bir taksi sürücüsü ilə maraqlı söhbətim oldu. Yad adam deyildi, qohumum, məhlə uşağı idi. 
Demək, sakitcə metro tunelinə enib qarşı tərəfə keçmək istərkən qulağıma belə bir səs gəldi: "Ay üstaa od tökülsün, az marıtla bax, yaşlı adamsan, şəkərin qalxajax, yenə dilin qatdanajax”.

Səs də tanış idi, ləhcə də, baməzə təhkiyə də. Başımı döndərdim, gördüm, bizim Əfiş (uşaq vaxtı ona elə deyirdik, indi yaşı 40-ı adlamış adamdır). O, bu sözləri özündən böyük taksist həmkarına deyirdi. Həmin taksi sürücüsü isə metronun üstündə gəzişə-gəzişə telefonla danışan, bir az da cazibədar geyinmiş qadına baxırdı.

Görünür, o adamın bir-iki dəfə dilinin qatlanması olayı olmuşdu deyə, Əfiş ona xəbərdarlıq edirdi.

Dayandım, Əfişlə görüşdüm, xoş-beş, on beşdən, bir-birimizin sülaləsinin hal-əhvalını öyrənəndən sonra bir az da məmləkət məsələləri barədə danışası olduq.

Sizə zarafat gəlməsin, bu ölkədə məmləkət dərdni taksi sürücüləri qədər çəkən yoxdur.

Qohumum metro üstündə telefonla danışa-danışa gəzişən qadına işarə edərək dedi: "Şəhərin zayı çıxıb”.

İlk dəfə taksi sürücüsündən belə bir ifadəni 35 il öncə eşitmişəm. O vaxt bir yaşlı taksist bu sözü boyunlarının dalında uzun saç saxlayan (italyan müğənnilər Al Bano və Toto Kutunyo kimi) gənclərə baxa-baxa demişdi. Əmin olun ki, bundan 35 il sonra da bir yaşlı taksi sürücüsü o dövrün gənclərinin geyimini, saçını göstərib elə deyəcək.

Xüləs, eloğlum danışmağa başladı ki, pozğunluq, əxlaqsızlıq baş alıb gedir, ərəblərin ölkəmizə ayaq açmasından bəri daha da zibili çıxıb. "Dünən burda duranlardan biri maşına 18 yaşında bir qız götürüb, qız fəxrlə deyirmiş ki, bu gün beş ərəblə görüşüb, hərəsindən də ... dollar pul alıb”.

Əfiş kişinin səsləndirdiyi rəqəmi özüm bilə-bilə yazmıram, reklama gedər, o rəqəm fahişəlik peşəsini seçib-seçməmək qarşısında tərəddüddə olan qadınların müqavimətini qırar.

"Təsəvvür elə ki, 3-4 ay qabaq ərəblər Tarqovıya qız tutmağa gəlirdilər, indi qızlar ərəb tutmağa gedirlər, a kişinin oğlu”, - Əfiş deyir və and içir ki, bu, artıq kütləvi hal almağa başlayıb.

Əlbəttə, bu ölkədə həyatın pərdəarxası məsələlərini incəliyinə qədər bilən iki peşənin sahibindən birinin təmsilçisinin sözünə inanmamaq mümkün deyil. Adamın yalanı yoxdur. Son həftələr hamı bu barədə danışır.

"Nərimanov məhkəməsini köçürüblər buralara, "banditizm”in yanına. Hər gün ora cavan qadınlar, gəlinlər aparırıq, boşanmağa gedirlər. Bir-iki ilin gəlinləridir. Bəziləri dərdlərini açıb danışır, görürsən ki, hamısı dolanışıq üzündən boşanır. Boşanandan sonra da bir yarısı hərlənib-fırlanıb Tarqovıya gedəcək, ərəb tutmağa", - kəndçim söhbətinə davam edir.

Onunla söhbətdən belə anlaşılır ki, bu ölkəyə gələn əcnəbiləri burada yalnz eyş-işrət, əyləncə, seks maraqlandırır. Əfiş danışır ki, o gün "Neolit”ə müştəri aparıbmış, görüb ki, bir qrup iranlı turist qadınlı-kişili yeyib içib çıxırlar, hamısı da sərxoşdur: "Biz görmüşük ki, kişi məclisdə içər, küt olar (burada bir-iki hərflik düzəliş var), arvad onun qoluna girib maşına aparar. Bunlarda tərsinəydi. Arvadlar piyan idi, kişilər onların qoluna girmişdilər ki, yıxılmasınlar. Sonra da gəlib bizə dinsiz deyirlər”.

Bəli, vəziyyət bu cürdür. Cənub-şərq ölkələrinin eyş-işrət həvəskarları Bakını mərkəz seçiblər və hər gün buralara axışırlar. 
Bu duruma turizm sektorundakı partlama, sıçrayış kimi də baxmaq olar. Ancaq nəzərə amaq lazımdır ki, bu cür turistlərin ölkəmizə axını artıdqca məhkəmlərdə boşanan cütlüklərin sayı da artır.

İki gün əvvəl də yazmışdım ki, bu gedişlə "Regionun Taylandı”na dönə bilərik. Adamın qanına toxunur. 5 manata görə ölkəmizin adı niyə fahişəxana kimi çıxsın ki?/musavat

 

İcmal.Az

RƏYLƏR