3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirildi

OXUNUB: 610 SOSİAL
Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018–2020-ci illər üçün Milli Fəaliyyət Planının "Sağlamlıq imkanları məhdud olan uşaqların ailələrinə tibbi-sosial dəstək göstərilməsi üçün beynəlxalq və yerli səviyyədə fəaliyyət göstərən ictimai birliklər və xeyriyyə fondları ilə əməkdaşlığın genişləndirilməsi” bəndinə uyğun olaraq bu istiqamətdə mütəmadi tədbirlər həyata keçirilir. Bu məqsədlə 3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi ilə birgə "Loqos” un Azadlıq filialında sağlamlıq imkanları məhdud olan 30 nəfərə yaxın uşağın təmənnasız müayinəsi, həmçinin onların valideynləri üçün məlumat-tematik toplantı təşkil edilib.
        Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, səhiyyə üzrə mütəxəssislər, həkimlər, Mərkəzin psixoloqları, aidiyyəti mövzular üzrə çıxışlar edilib.
      Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin icraçı direktoru Leyla Rəhimova  çıxış edərək əvvəlcə Mərkəzin fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün onlara digər vətəndaşlarla bərabər imkanların yaradılması hər zaman olduğu kimi bu gün də mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova Komitə nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyəti və göstərdiyi xidmətlər haqqında məlumatları diqqətə çatdırıb. O, ölkəmizdə  uşaqlara göstərilən diqqət və qayğıdan danışıb, xüsusilə, sağlamlıq imkanlar məhdud uşaqların cəmiyyətə inteqrasiyasının yaradıcılıq potensiallarının üzə çıxarılmasının vacibliyini vurğulayıb.  
Daha sonra "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin baş psixoloqu Elmira Mirzəyeva "Sağlamlıq İmkanları məhdud uşaqların valideynlərinə  psixoloji dəstək” mövzusunda, "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin baş uşaq psixoloqu Anara Quliyeva "Sağlamlıq          İmkanları məhdud uşaqların cəmiyyətə                                        inteqrasiyası” mövzusunda çıxış edərək, sağlamlıq imkanlar məhdud uşaqlarla həyata keçirilən psixoloji və digər müvafiq xidmətlərin əhəmiyyətini qeyd ediblər.

Tədbir çərçivəsində "Loqos”  Psixoloji və Nitq İnkişaf Mərkəzinin baş uşaq psixoloqu  Anara Quliyeva tərəfindən sağlamlıq imkanları məhdud uşaqların təmənnasız  diaqnostik terapiyası keçirilib. 
Eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sağlamlıq imkanları məhdud olan uşaqlar üçün hədiyyələr paylanılıb.
 
 

Edit
 
 

RƏYLƏR