60 şagird Bakı Türk Liseyinə saxta arayış təqdim edib - Qalmaqal

OXUNUB: 588 Özəl HADİSƏ

Bir qrup valideyn Türkiyə Cumhuriyyəti Dəyanət Vəqfinin Bakıda fəaliyyət göstərən Bakı Türk Liseyi ilə bağlı "Yeni Sabah”a müraciət ediblər.

Onlar azərbaycanlı şagirdlərin bu il kütləvi şəkildə həmin liseydə təhsil almaq üçün sənəd verdiklərini bildirirlər. Belə ki, cəmi 140 şagird yeri üçün 3 mindən çox müraciət olunub.

Liseydə təhsil yüksək səviyyədədir və bu il yeni tətbiq olunan attestat imtahanlarında tam bal toplayan iki şagırd də məhz bu liseyinin yetirmələridir. Bu səbəbdən də valideynlər ciddi səy göstərirlər ki, övladları liseyə qəbul olunsun. Hətta bunun üçün vəsait xərcləyərək uşaqları özəl kurslar göndərirlər. Bu qədər böyük ölçüdə tələbi görən lisey rəhbərliyi qəbul üçün bu ildən "Hünər” kursları adı ilə hazırlıq kursu da təşkil edib. Bir neçə gün sonra liseyə qəbul imtahanı keçiriləcək. 

Qeyd edək ki, liseyə qəbul 5-ci sinifi bitirən və 6-cı sinifə başlayan şagirdlər üçündür.

Redaksiyamıza müraciət edən valideynləri isə başqa bir məsələ narahat edir: "İndi bizə bəlli olur ki, keçən tədris ilində imtahanda nəticə əldə edə bilməyən şagirdlərdən bəziləri 6-cı sinifdə oxumaqlarına baxmayaraq, yenidən imtahanda iştirak etmək istəyirlər. Yəni 6-cı sinif şagirdi 5-ci siniflər üçün nəzərdə tutulan imtahanlarda iştirak edəcəklər. Valideynlərin bu narahatlığı ilə bağlı müraciətlərinə lisey rəhbərliyi cavab vermir. 

Onların reaksiyası yalnız "gələcəkləri varsa, görəcəkləri də var” formasında olub. 

Axı neçə ildir hazırlaşan şagirdlərin haqqını tapdalamağa necə göz yummaq olar?! 

Niyə, 6-cı sinif olduğu bilinən şagirdlərin adları rəhbərliyə təqdm edildiyi halda məktəbin bazasında olan siyahı əsasında tam yoxlayıb saxta sənədin olub olmamasını müəyyənləşdirib imtahandan kənarlaşdırmırlar? Məhz imtahandan sonra şəxsiyyət vəsiqəsi ilə yoxlayacaqlarını bildirirlər. Sənəd qəbulunda vəsiqə tələb olunmayıb,yalnız arayış verilib. Saxta sənədlə qəbul olan arxayınlıqla şəxsi işini də saxtalaşdırıb təqdim edəcək  və təhsil alacaq.

Nə qədər fakt var əllərində, ən əsas müəllimlər keçən ildən fərdi hazırladıqlarını tanıyır, amma göz yumurlar.

Bütün valideynlər lisey rəhbərliyindən bu yöndə addım atmağını və onlara tez bir zamanda adekvat açıqlama verilməsini gözləyir”.

Valideynlər liseyə sənəd verən şagirdlərlə bağlı araşdırma aparıblar və 60 nəfər 6-cı sinifi bitirən şagird liseyə sənəd verib. Onlar bir il geri düşməyə razı olaraq məhz liseydə təhsillərini davam etdirmək istəyirlər: "Onlar hətta 5-ci sinifi bitirmələri haqda saxta arayışlar da təqdim ediblər. Axı 6-cı sinif şagirdi ilə 5-ci sinif şagirdinin qavraması eyni ola bilməz və yuxarı sinif şagirdlərinin imtahana buraxılması bizim haqqımıza girmək deməkdir”. 

Valideynlər lisey rəhbərliyindən 6-cı sinif şagirdlərinin adlarının imtahan siyahısından çıxarılmasını tələb ediblər.

Qeyd edək ki, imtahan iyunun 16-da keçiriləcək.

Məsələ ilə bağlı Liseyin mövqeyini yaymağa hazırıq.

RƏYLƏR