650 minlik “Lamborghini”, Türkiyə səfirliyi qarşısında atışma və Şərurdan gələn oliqarx...

OXUNUB: 2826 Özəl Seçilmiş Önəmli

Yeni dərs ilinin ilk günündə Bakıda, Dövlət İqtisad Universitetinin qarşısında görünən 650 minlik "Lamborghini” medianın diqqətini vaxtilə virtualaz.org və haqqin.az saytlarının gündəmə gətirdiyi mövzuya - oliqarxlara və onların uşaqlarının milyonlarla dollarlıq oyuncaqlarına yönəltdi.

Çünki xəbər yayıldı ki, bu "Lamborghini” nazir uşaqlarına məxsus olmasa da hər halda uzun müddətdir ki, hakimiyyətdəki güclü əlaqələri sayəsində tikinti biznesində yaxşı mövqelər qazanan, eyni zamanda adı dəfələrlə mənzil fırıldaqlarında keçən, "Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatının tələbə oğlu Allahverdi Axundova məxsusdur.

Dərhal sual yarana bilərdi ki, axı nə olsun?! Şərurdan olan İsfəndiyar Axundov pullarını bizneslə qazanıb və necə xərcləməyi də özü bilər. İstəsə dərs ilinin başlaması münasibətilə tələbə oğluna 650 minlik "Lamborghini” alıb onun Dövlət İqtisad Universitetində "hamıdan birinci” olduğunu nümayiş etdirər, istəsə Abramoviç kimi nəhəng yaxta alıb dünya səyahətinə çıxar...

Lakin  bura Azərbaycandır. "Şərurlu İsfəndiyar” isə amerikalı tikinti maqnatı Donald Tramp deyil. Onun biznesi ilə bağlı həmişə ciddi suallar olub və yenə də var. "Google”da kiçik axtarış aparmaq kifayətdir ki, onun adının mənzil dələduzluğuna dair saysız-hesabsız qalmaqallarda çəkildiyinə, tikinti kooperativləri tərəfindən aldadılaraq pulları əllərindən alınmış çoxsaylı vətəndaşların prezidentdən başlamış ən müxtəlif instansiyalara yazdıqları saysız-hesabsız şikayətlərdə baş rolda yer aldığına şahid olasan. Bu barədə bir qədər sonra...

Hələlik isə oliqarxın tələbə oğlunun 650 min dollarlıq "Lamborghini”si ilə bağlı yayılmış xəbərlərə reaksiyası haqda.

Belə görünürdü ki, uşaqlarının bahalı oyuncaqlarını və onlarla saatda 280 kilometr sürətlə necə şütüdüklərini həvəslə sosial şəbəkələrdə reklam etməsindən xəbərsiz olan digər oliqarx atalar kimi İsfəndiyar Axundov da xəbər yayılanda oğlunun öz "Lamborghini”sini İnstagramda artıq reklam etməsindən məlumatsız olub.

Nəticədə o, xəbəri hiddətlə təkzib etməyə üstünlük verdi. "Bu, yalandır, uydurmadır, mənim oğlumun elə maşını yoxdur” - dedi.

Allahverdi Axundov

Ancaq çox keçmədən jurnalistlər eşələyib tapdılar ki, İsfəndiyar Axundovun oğlu, həmin Allahverdi Axundov özünün İnstagram səhifəsində həmin maşının fotosunu paylaşaraq "My new car, lambo#aventador” haştagından istifadə edib. Yəni 10 LN 200 nömrə nişanlı həmin superkarın "Şərurlu İsfəndiyar”ın oğluna məxsus olduğuna heç bir şübhə yeri qalmadı.

Bəs "Şərurlu İsfəndiyar” bu fakta nə dedi?

Bu dəfə o, təkzibin mənasız olduğunu görüb hücuma keçdi. Oliqarxın "Yeni Müsavat”a açıqlamasından sitat: "Hə, nə olsun? Mənim vertolyotum da var. Bunun kimə nə aidiyyəti var? Həmin maşın oğlumundur. Mənim oğlum neyləyib? Şəhərdə vertolyot sürməyib ki… Maşın sürüb də. Başqa nə iş görüb?”

Maraqlı məntiqdir, elə deyilmi? Yəni "Şərurlu İsfəndiyar” hesab edir ki, onun dövlətə nə qədər vergi ödədiyi, biznesinin nə dərəcədə şəffaf olduğu barədə nəhəng sualların qaldığı bir vaxtda oğlu şəhərdə vertolyot sürsə, bəlkə buna təəccüblənmək olardı. Axı onun oğlu başqa nə iş görüb? Şəhərdə əlisilahlı dolaşıb qabağına çıxanı güllələməyib ki? Hərçənd ki, "Şərurlu İsfəndiyar”ın belə oğlu da var.

Yəqin illər əvvəl Bakıda, Türkiyə səfirliyinin qarşısında baş vermiş səs-küylü atışma hadisəsi çoxlarının yadından çıxmayıb. 2005-ci ildə həmin şərurlu maqnatın digər oğlu Şahin Axundov Türkiyə səfirliyinin qarşısında mübahisə etdiyi Anar İsmayılov adlı şəxsin avtomobilinə "Vinçester”dən, yaxud tapançadan bir neçə dəfə atəş açmışdı.

O vaxt "Şərurlu İsfəndiyar” oğlunu məsuliyyətdən yayındırmağa nə qədər can atsa da ölkə rəhbərliyinin işə müdaxiləsindən sonra "şərurlu kovboy” həbs olundu və 5 il həbs cəzasına məhkum edildi.

"Şərurlu İsfəndiyar”

Bəs "Şərurlu İsfəndiyar”ın oğlunun dərsə 650 min dollarlıq "Lamborghini” ilə getməsinin kiməsə dəxli varmı? 

Belə görünür ki, var. Məsələn, vergi orqanlarına. Əgər bu iş adamı oğluna 650 min dollarlıq avtomobil alıbsa, deməli, onun büdcəyə ödədiyi vergilər milyonlarla hesablanmalıdır. O zaman "Şərurlu İsfəndiyar” büdcəyə nə qədər vergi ödədiyini də oğlunun "Lamborghini”si kimi belə rahatlıqla hamıya nümayiş etdirə bilərmi?

Bu vergi məsələsi qalsın bir kənarda. Amma "Şərurlu İsfəndiyar” adının illərdir dəfələrlə tikinti sahəsində baş verən maxinasiyalarda çəkilməsinə nə deyərdi? Məsələn, onun haqqında prezident İlham Əliyev başda olmaqla ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına ünvanlanmış çoxsaylı şikayətlərdən birində deyilir ki, "Şərurlu İsfəndiyar” "VEDİ-E” MMC və "SAFARİ-N” adlı tikinti şirkətlərinin bir qrup vətəndaşı aldatmasının arxasında dayanan əsas fiqurdur.

Ötən il bir nüsxəsi də mətbuata təqdim edilmiş həmin şikayətə görə, 2007-2008-ci illərdən etibarən "VEDİ-E” MMC-nin Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi binada mənzil almaq üçün adıçəkilən şirkətlə müqavilə bağlayıblar. Bu şirkətin təsisçisi Elmir Məhərrəmov, direktoru isə Qoşun Rəhimovdur.

Müqavilə əsasında şirkət vətəndaşlardan 1 milyon manatdan çox vəsait alıb. Lakin vətəndaşlara "VEDİ-E” MMC-nin inşa etdiyi binada mənzil almaq qismət olmayıb. Çünki şirkət tikinti işlərini bir müddət sonra naməlum səbəblərdən dayandırıb. Orada işləyən fəhlələr buraxılıb. Vətəndaşlar "VEDİ-E” MMC-nin direktoru Qoşun Rəhimovun qəbulunda olublar. Lakin o, məsuliyyəti "SAFARİ-N” MMC-nin üzərinə atıb. Bəlli olub ki, bu işdə "VEDİ-E” MMC podraçtı, "SAFARİ-N” MMC isə sifarişçidir. 

Bu şirkətin direktoru isə İmran Axundovdur. O, "Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun qardaşıdır.

Yaxud "Kamran” MMC tikinti şirkətinin eyni ssenari ilə vətəndaşları aldadan, bir mənzili bir neçə adama satıb pulları mənimsəyən 5 vəzifəli şəxsi barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin qaldırdığı cinayət işində "Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundovun da barəsində istintaq aparıldığını necə gizlədəsən? Axı bu haqda idarənin rəisi Kamran Əliyev özü mətbuat konfransında deyib.

Ancaq "Şərurlu İsfəndiyar” o qədər güclü əlaqələrə malik oliarxdır ki, onun barəsində illərdir edilən şikayətlərin, aparılan istintaqların, tikinti maxinasiyalarının qurbanlarının keçirdiyi müxtəlif aksiyaların heç bir təsiri olmayıb. O zaman sual yaranır: doğrudan da bu adamın tələbə oğluna "Lamborghini” almasının kimə nə dəxli var?

İcmal.Az

RƏYLƏR