ABŞ atom sualtı gəmisi fantastik texnologiya ilə təchiz edilir

OXUNUB: 39 SİYASƏT

ABŞ-ın hesablama palatasının yoxlamalarına əsasən, "Columbia” sinfindən olan yeni ABŞ sualtı gəmiləri Pentaqonun açıqladığı texnoloji hazırlıq səviyyəsinə cavab vermir.

Auditorların hazırladığı hesabat "The National Interest”in diqqətindən kənarda qalmayıb.

Yoxlamalardan sonra müəyyən olunub ki, "Columbia” sinfindən olan sualtı gəmilərdə istifadə olunan yeni texnoloji çözümlərin özünü doğrultması üçün əlavə təkmilləşdirməyə və sınaqlara ehtiyac var. Hesabatda qeyd olunur ki, sözügedən innovasiyalar gəminin iş səmərəliliyi baxımından böyük əhəmiyyət kəsb edir və ilk növbədə inteqrasiyalı enerji sistemi, nüvə reaktoru, raket şöbəsi və daimi maqnitlə təchiz olunan mühərrikə aiddir.

Hesablama palatasına görə, hazırda bu sistemləri nə dərəcədə səmərəli işləyib-işləməyəcəyi məlum deyil, belə ki, bu kimi qurğular üçün buna qədər heç bir prototip yaradılmayıb və sınaqdan keçirilməyib, digər tərəfdən, bir çox funksiyalar eksperimental deyil, yalnız nəzəri cəhətdən isbatını tapıb.

Qurum ABŞ Hərbi Dəniz Qüvvələrini "Columbia” sinfindən olan sualtı gəmilərin texnoloji imkanları ilə bağlı faktları təhrif etməkdə ittiham edir. Belə ki, yeni texnologiyaların sualtı gəmilərdə ciddi nasazlıqların səbəb ola biləcəyi, yeni qurğuların istehsalının ləngiyə biləcəyi istisna edilmir. ABŞ hərbi dəniz donanması "Columbia” sinfindən olan sualtı gəmilərin  hazırlanması barədə 2020-ci ilə kimi  hesabat verməkdən azad olsa da, bu gəmilərin hazırlanmasına artıq 8.7 milyard dollar vəsait xərclənib.

Pentaqon Hesablama Palatasının "Columbia” proqramının qiymətləndirilməsi ilə bağlı hazırladığı sənəddə qeyd olunanlarla razılaşmır.

Hərbçilər auditorlara cavab məktubunda bildiriblər ki, gəmilərin hazırlanmasında potensial risklər nəzərə alınıb.

"The National Interest” bildirir ki, ABŞ-da tarixən federal hökumət Hesablama Palatasının  narahatlıqlarını Pentaqonun and-amanlarından daha üstün tutub.

"Columbia” sinfindən olan atom sualtı gəmiləri "Ohio” sinfini əvəz etməlidir. Hər bir yeni gəmi "Trident II” sistemli 16 uzaqmənzilli raketlə  təchiz olunacaq. Hələlik bu qəbildən 12 gəminin istehsalı planlaşdırılır. İlk sualtı gəminin inşasının 2028-ci ildə başa çatacağı gözlənilir.

İcmal.Az

RƏYLƏR