ABŞ-nin Ermənistandakı səfirinin Qarabağla bağlı sərsəm bəyanatı qərəzdən başqa bir şey deyil - ŞƏRH

OXUNUB: 156 SİYASƏT
ABŞ-nin Ermənistandakı səfiri Linn Treysi erməni mətbuatına müsahibəsində reallıqdan uzaq və sərsəm fikir söyləyib. Səfir iddia edib ki, guya ABŞ Qarabağda yaşayan əhalinin öz gələcəyini müəyyən etmə hüququnu tanıyır. Görünür, ABŞ səfiri hələ də regionda baş verən proseslərdən xəbərsizdir və ya bilərəkdən bu cür ziddiyətli bəyanat verib.

Azərbaycan 44 günlük Vətən müharibəsində öz torpaqlarını işaldan azad edib və ondan sonra qəbul edilən bir neçə üçtərəfli sənədlərdə Qarabağın hər hansı bir statusundan söhbət getmir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Qarabağa hər hansı bir status verilməsindən söhbət gedə bilməz və bu məsələ müzakirə mövzusu deyil. Qarabağda yaşayan erməni əhalisi isə Azərbaycan tərkibində, Azərbaycan vətəndaşlığını qəbul edərək yaşaya bilərlər. Belə olan halda ABŞ səfirinin əsassız iddiası bir sıra suallar doğurur və qərəzdən başqa bir şey deyil.

Məsələ ilə bağlı Trend-in sualını cavablandıran Milli Məclisin deputatı Elşən Musayev bildirib ki, Amerikanın Ermənistandakı səfiri Linn Treysinin erməni mətbuatına verdiyi ziddiyyətli müsahibədə deyilən fikirlərlə qətiyyən razılaşmaq olmaz. "Üstəlik, bu ziddiyyətli müsahibə kifayət qədər yaxşı olan ABŞ-Azərbaycan münasibətlərinin fəlsəfəsinə, ruhuna da uyğun deyil.

"Xanım səfirin nə beynəlxalq hüququn "xalqların öz müqəddaratını təyin etmək” prinsipinə, nə status məsələsinə, nə də ümumiyyətlə Qarabağ mövzusuna münasibəti anlaşılan deyil. Hətta bu müsahibəni oxuyan adamda belə bir təəsürat yarana bilər ki, Treysi ümumən gedişatdan xəbərdar deyil. Amma onun diqqətinə bəzi reallıqları mütləq çatdırmaq lazımdır. Reallıq isə budur ki, Azərbaycan 44 günlük Vətən müharibəsində öz əzəli torpaqlarını işğaldan azad edib, öz suveren hüququndan istifadə edib və ən nəhayət: BMT-nin qətnamələrini özü icra edib. Məhz özü. Təkbaşına!

Möhtərəm Prezidentimiz İlham Əliyev dəfələrlə qeyd edib ki, bu münaqişə artıq keçmişdə qalıb və bundan sonrakı mərhələdə xalqlar sülhə hazırlanmalıdır. Amma xanım Treysinin müsahibəsini oxuyan adam elə zənn edər ki, sanki 20 il öncədir və hər şey əvvəlki kimidir.

Hesab edirəm, xüsusən diplomatlar müsahibə verərkən incə məqamları nəzərə almalı və diqqətli olmalıdırlar”, - deyə deputat bildirib.

Politoloq Ceyhun Əhmədli isə Trend-ə açıqlamasında bildirib ki, ABŞ-nin Ermənistandakı səfiri Linn Treysi qərəzli açıqlamaları ilə son vaxtlar gündəmdən düşmür.

"Ermənipərəst mövqeyini gizlətməyən L.Treysi irrasional bəyanatları ilə postmünaqişə reallıqlarını gözdən salmağa çalışır. Görünür, 44 günlük müharibədən sonra Azərbaycan və Türkiyənin öncüllüyü ilə regionda formalaşmış yeni geosiyasi konfiqurasiya Linn Treysinin təmsil etdiyi dövləti qane etmir. Onun status məsələsi ilə bağlı sərsəmləməsi ilk növbədə münaqişənin hələ də bitmədiyi görüntüsünü formalaşdırmağa xidmət edir. Bəlli məsələdir ki, Qərbdəki bəzi dairələr münaqişə vəziyyətinin qalmasında maraqlıdır. Çünki münaqişə yoxdursa, həmin qüvvələrin regionda təsir imkanları tamamilə aradan qalxmış olur. Sülh və əməkdaşlıq onlar üçün arzuolunmazdır. Belə olmasaydı, Qərbdəki həmin dairələrin yeni reallıqlardan çıxış edərək Azərbaycan və Ermənistan arasında etimad quruculuğu prosesinə dəstək vermələrinin şahidi ola bilərdik.

Amma əksini görürük. Sülh və əməkdaşlıq imkanlarını təşviq etmək əvəzinə, münaqişə vəziyyətini bərqərar etməyə çalışırlar. Linn Treysi və onun arxasında dayanan qüvvələrin qərəzli açıqlamalarının arxasında məhz bu məkrli plan dayanır”, - deyə politoloq bildirib.

O qeyd edib ki, status məsələsini hansısa formada qabartmaq müharibəni stimullaşdırmaq anlamına gəlir. "Çünki Azərbaycan xalqı və dövləti öz ərazisində hansısa bölgəyə özəl bir status vermək barədə qətiyyən düşünmür. Statusun istənilən forması bizim üçün qəbul edilməzdir. 44 günlük müharibə status məsələsini tarixin arxivinə göndərib. İndi regionda yeni reallıqlar hökm sürür və təbii olaraq, status məsələsi siyasi gündəlikdə yoxdur. Digər tərəfdən, Linn Treysinin diqqətinə çatdırmaq lazımdır ki, artıq Azərbaycan ərazisində "Dağlıq Qarabağ" adlı inzibati vahid yoxdur. Olmayan bir şeyin statusu haqqında danışmaq isə yumşaq desək, vaxt itkisidir”, - deyə politoloq əlavə edib.

RƏYLƏR