Ağcabədi sakini: "Polislər məni ailə-uşağımın içində döydülər" – İDDİA + DİN-dən AÇIQLAMA + VİDEO

OXUNUB: 865 GÜNDƏM HADİSƏ
Ağcabədi rayon Şənlik kəndinin sakini Paşayev İsmayıl İmamqulu oğlu sözügedən rayonun polis əməkdaşları tərəfindən döyüldüyünü və heç bir əsas olmadığı halda həbs edildiyini iddia edir.
Yeniavaz.com-a müraciət edən İ. Paşayev iddia edir ki, iki nəfər tərəfindən döyülsə də, Ağcabədi rayon polis şöbəsində işi ört-basdır ediblər:
"Məni Əliyev Etibar Əliyar oğlu, öz oğlu Elmir Əliyevlə birlikdə məni içkili halda döydülər. 102 xidmətinə zəng vurdum, gəlib məni xəstəxanaya çatdırdılar. Pis vəziyyətdə idim. Başıma çoxsaylı zərbələr endirmişdilər. Buna görə mən çox ziyan çəkmişəm, 5 min manata qədər xərcim çıxıb. Hara müraciət edirəmsə baxılmır. Çünki Ağcabədi rayon polis şöbəsinin əməkdaşı bu insanlarla əlbir olub, rüşvət alıb, işi ört-basdır edib. Ə. Etibar hətta saxta Qarabağ əlilidir”.
İ. Paşayev iddia edir ki, məsələ ilə bağlı bir çox dövlət qurumuna müraciət etsə də heç bir faydası olmayıb, əksinə, bu dəfə polis əməkdaşları tərəfindən döyülüb və həbs edilib:
"Mən bu məsələ ilə bağlı çox yerə yazmışam, amma baxılmır, göndərilir Ağcabədi rayonuna, burada da heç kim baxmır. Bunu Ağcabədi rayonunun icra başçısı da bilir, prokuroru da bilir. Hətta bu məsələni Baş Prokurorluq və Daxili İşlər Nazirliyi də bilir. Ötən il, Novruz Bayramından bir gün qabaq məni, ailə-uşağımın içində iki polis əməkdaşına döydürüblər. Günahsız yerə məni 10 sutka həbs ediblər. Hətta məni hədələyirlər, məni öldürtmək istəyirlər. Odur ki, mənə nəsə olsa, bilin ki, bunu Ağcabədi rayonunun polisləri elətdirib”.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yeniavaz.com-a bu barədə verilən açıqlamada bildirilib ki, İsmayıl Paşayevin polisin ünvanına səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir:
"Belə ki, İ. Paşayev ötən il videoda adıçəkilən həmkəndliləri Etibar Əliyev və onun oğlu Elmir Əliyevlə şəxsi münasibətlər zəminində mübahisə ediblər, nəticədə tərəflər bir-birlərinə sağlamlığa zərər vurmayan xəsarətlər yetiriblər. Həmin faktla əlaqədar Ağcabədi RPŞ-nin Təhqiqat Bölməsində araşdırma başlanılıb. Araşdırmaya əsasən onların hər biri İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilib. Məhkəməninin qərarı ilə tərəflərə cərimələr tətbiq edilib. 
Bundan sonra İ. Paşayev E. Əliyevin saxta əlillik alması barədə şər və böhtan xarakterli məlumatlar yaymış, buna görə sonuncu məhkəməyə müraciət etmişdir. İ. Paşayevin qarşı tərəfə təzminat ödəməsi barədə məhkəmədə qərar çıxarılıb. O, qərardan narazı qaldığı üçün məhkəmə zalında ictimai qaydanı pozaraq xuliqanlıq hərəkətlərinə yol vermiş, onun barəsində daha bir qərar çıxarılaraq 10 sutka inzibati qaydada həbs edilmişdir. 
Hal-hazırda tərəflər arasında mübahisə məhkəmədədir”.

RƏYLƏR