Adı “asan”, özü çətin…

OXUNUB: 586 SOSİAL

Ciddi bir problem yaranıb. İki gündür "Asan imza” almaq üçün "Asan xidmət”də onlayn növbə tutmağa çalışıram. Alınmır, çünki bir həftəlik növbələr tutulub artıq. Ona görə də bu günorta (19 sentyabr 2014) getdim ki, canlı növbə tutum, dedilər, daha növbəyə almırıq, çünki 72 nəfər növbədədir. Yəni axşama kimi onlara xidmət göstərəcəklər.

Gəldim Bakı Şəhəri Vergilər Departamentinə ki, orda həll edim məsələni. Burdakı növbədə 389-cu oldum. Saat da ki, 15-i keçib. Öyrəndim ki, hələ 101-ci adama xidmət edilir. Anladım ki, burdan da bir şey çıxmayacaq. Üstəlik, orda biri danışırdı ki, düz 1 həftədir gəlib-gedirəm, növbəm çatmır ki, çatmır.

Bütün bunlar da ondan xəbər verir ki, burada yaranan problemi hökumət nəzərə almalıdır. Çünki biz bütün mümkün vasitələrdən istifadə edərək "Asan imza” almağa çalışırıq, vaxt azlığı üzündən təbii basabas yaranıb və xidmət mərkəzləri də fiziki olaraq bu işi çatdıra bilmirlər. Oktyabrın 1-dək bu məsələ həll edilməsə əmək müqavilələrini qeydiyyatdan keçirməyənlər cərimə ediləcək.

Tamam, olsun, o zaman zəhmət çəkin vətəndaşa şərait yaradın ki, gəlib imza sertifikatını ala bilsin. Biz gəlirik, siz xidmət göstərmək iqtidarında deyilsiniz, amma bu tərəfdən də xəbərdarlıq edirsiniz ki, cərimə olunacaqsınız. Burda bir məntiq varmı? Günah axı bizdə deyil ki, cərimə edilək.

Xidmət mərkəzinə gəliriksə, internet üzərindən müraciət ediriksə və qarşılığında fiziki olaraq xidməti göstərə bilmirsinizsə, deməli, vaxtı uzatmaq lazımdır, deyilmi?

Üstəlik onu da nəzərə almaq lazımdır ki, əmək müqavilələrini qeydiyyatdan keçirənlər başqa bir problemlə də üzləşir. Onlardan bəzilərinin dediyinə görə, server yükləndiyindən sistemə daxil olub müqaviləni qeydiyyatdan keçirmək bəzən saatlarla mümkün olmur (şəxsən yoxlama imkanım yoxdur düzü). Bunun da günahkarı, təbii ki, biz deyilik.

Ümumiyyətlə isə, burda günahkar axtarmağın da tərəfdarı deyiləm. Çünki sistem yenidir, çox güman ki, kadrlar da yenidir və təbii problemlərin ortaya çıxması mümkündür. Bunu da nəzərə alaraq müvafiq qurumlar bu "Asan imza” məsələsini ən azı daha 3 ay, yəni 2015-ci ilin 1 yanvarına qədər uzatsa yaxşı olar. Həm basabas olmaz, həm də insanlar rahat şəkildə məsələni həll edə bilər.

Yeri gəlmişkən, bu cür basabaslar adətən korrupsiyaya, başqa mənfi hallara da səbəb ola bilər. Düzdür, heç bir qurumu korrupsiyada ittiham etmək fikrində deyiləm, amma yenə də bu rahatsızlığın aradan qaldırılması üçün təcili tədbirlər görülməlidir.

Sonda bir məqamı da qeyd etməyi zəruri sayıram: istər "Asan xidmət” mərkəzləri, istərsə də Vergilər Departamenti bu məsələdə əsla günahkar sayıla bilməz. Sadəcə olaraq insanların kütləvi müraciəti belə bir problemin yaranmasına səbəb olub. Hər iki qurumda kənardan apardığım müşahidələrə əsaslanıb deyə bilərəm ki, işçilər öz işlərini mümkün qədər sürətlə yerinə yetirməyə çalışırlar. Amma nə etsinlər ki, normalda gün ərzində 10-15, 20 nəfərə xidmət etməli olduqları halda indi bu rəqəm bir neçə yüzə yüksəlib? Deməli, yenə də müraciətləri seyrəltmək üçün vaxtı uzatmaq lazımdır. Şəxsən mən başqa çıxış yolu görmürəm.

İcmal.az
 
 
 
 

RƏYLƏR