ADTGT Bosniya və Hersoqovina Parlamentində beynəlxalq konfrans keçirdi

OXUNUB: 894 QHT
Daha öncə də məlumat verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) icra etdiyi "Avropada Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda tədbirlərin keçirilməsi” adlı layihəsi çərçivəsində Bosniya və Hersoqovinada rəsmi görüşlərdən sonra növbəti önəmli fəaliyyəti həyata keçirdi.

İcmal.Az xəbər verir ki, Bosniya və Hersoqavinanın Nümayəndələr Palatasının konfrans zalında bu ölkədən olan millət vəkillərinin, hökumət rəsmilərinin, alim, ekspert, QHT və media təmsilçilərinin iştirakı ilə yüksək səviyyəli beynəlxalq konfrans öz işinə başladı. Konfransı giriş sözü ilə açıq elan edən Bosniya və Hersoqavinadan olan moderator, QHT rəhbəri Dr. Rizvan Haliloviç mövzu ilə bağlı qısa məlumat verdi və sonra sözü yerli ADTGT-nin Bosniya və Hersoqovinadan olan tərəfdaşı - QHT rəhbəri Jasmin İmamoviçə verdi. ADTGT ilə beş ildir davam edən əməkdaşlığını yüksək qiymətləndirən Jasmin İmamoviç Dağlıq Qarabağ mövzusunda istər Bakıda, istərsə də Sarayevoda həyata keçirilən layihələrin əhəmiyyətini vurğuladı. Daha sonra geniş təqdimatla ADTGT sədri Asif Əsgərli məruzə etdi. Dağlıq Qarabağ probleminin tarixi köklərini, gerçək səbəblərini, real vəziyyəti və Azərbaycanın haqlı ədalətli mövqeyini öz çıxışında ətraflı təqdim edən Asif Əsgərli münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini vurğulayaraq Ermənistan tərəfini beynəlxalq qanunlara əməl etməməkdə, 20 faiz torpaqlarımızı hələ də işğal altında saxladığını bildirdi.

Sonra məruzə ətrafında Zenitsa universitetinin hüquq professoru Dzcavad Dino Bosniya və Hersoqavinanın Rusiyadakı keçmiş səfiri, Tuzla Universitetinin rektoru Prof. Ənvər Haliloviç, Sarayevo universitetinin doktoru Enis Öməroviç və digər rəsmi qonaqlar və ekspertlər çıxış edərək Azərbaycanın ərazi bütövlüyüynə, ədalətli mövqeyinə öz dəstəklərini ifadə edərək dünya birliyini Ermənistana qarşı ciddi tədbirlər görmək istiqamətində çağırışlar etdilər.

Konfrans müzakirələrlə yükunlaşdı və iştirakçılara ADTGT tərəfindən Dağlıq Qarabağ münaqişəsi və həqiqətlərinə dair çap və audio-vizual materiallar təqdim olundu.

Sonda konfransın adından erməni nasist cinayətkarı Qaragen Njdeyə Bolqarıstanda abidə ucaldılmasına etiraz bəyanatı qəbul edildi və bu Bosniya və Hersoqovina KİV-lərinə yayımlandı.
 
 
 
 
 
 
İcmal.Az

RƏYLƏR