“AGbank”ın Azərbyacana gətirilən "18 milyard avro inqilab pulu"na şərikliyini məhkəmə araşdırdı

OXUNUB: 619 Özəl Seçilmiş Önəmli HADİSƏ TƏHLİL
Nərimanov rayon məhkəməsində hakim Kəmalə Əmırxanovanın sədrliyi ilə "AGbank” ASC-nin Tofiq Rəcəbova qarşı iddiasına baxılıb. İddiaçı tərəf 2015-ci ilin noyabrında keçmiş xüsusi xidmət zabiti Tofiq Rəcəbovun ictimailəşdirdiyi sənədlərdə bank rəhbərliyinin adının hallanmasına etiraz ediblər. 

Məhkəmə bankın iddiasını qismən təmin edib və "müsavat com” saytı vasitəsilə dərc olunan 6 yanvar 2016-cı il tarixli, müəllifinin Tofiq Rəcəbov olduğu qeyd olunan "Azərbaycana inqilab üçün 18 milyard dollar gətirilmişdi” başlıqlı yazıda "AGBank” ASC haqqında yayımlanan işgüzar nüfuzu ləkələyən məlumatların təkzib edilməsini cavabdeh Tofiq Zəbulla oğlu Rəcəbovun üzərinə vəzifə olaraq qoyub. Cavabdeh Tofiq Zəbulla oğlu Rəcəbovdan iddiaçıya dəymiş zərərə görə 1000 manat tutularaq "AGBank” ASC -nın hesabına köçürülməsi də qət edilib. Tofiq Rəcəbov "AGbank”la bağlı fikirlərini təkzib edir. Bununla belə digər şəxslərlə bağlı fikirlərinin üstündə qaldığını da bildirir. 

Yada salaq ki, Tofiq Rəcəbov Eldar Mahmudovun da içində olduğu nazirlər dəstəsinin Azərbaycana inqilab üçün 18 milyard avro gətirildiyini açıqlamışdı. AFN.az saytında bu haqda "18 milyard "inqilab pulu”nun sənədləri üzə çıxdı”-ŞOK TƏFSİLAT” sərlöhvəli yazı oxucuların diqqətinə çatdırlmışdı. 

Həmin yazıdan sitat: "Təqaüddə olan xüsusi xidmət polkovniki Tofiq Rəcəbov "Azərbaycana inqilab üçün 18 milyard gətirilmişdi” iddiasını səsləndirəndən sonra bir çoxları onun dediklərinə şübhə ilə yanaşdılar. Sosial şəbəkələrdə mövzu günlərlə müzakirə edildi. Bu qədər məbləğin ölkəyə hansı yolla gətirildiyi haqda müzakirələr aparılmağa başladı. İddianın reallıqdan uzaq olması haqda uzun-uzadı fikirlər səsləndirildi. Tofiq Rəcəbov isə ortaya dediklərini təsdiqləyən sənədlər çıxardı: "Bu yaxınlarda mən biznesimlə əlaqədar İsveçrədə idim. Orada bir neçə adamla görüşdüm. Onlar təklif etdilər ki, bəzi məsələləri prezidentə çatdırmaq lazımdır, ölkəyə təhlükə var. Yəni bəzi nazirlər qrup halında birləşiblər. Xarici ölkələrin, xüsusən Avropanın və böyük dövlətlərin siyasi rəhbərliklərinə çıxış axtarırlar. Özlərinə dayaq axtarırlar ki, gələcəkdə hakimiyyətə yiyələnsinlər, öz əmlaklarını qorusunlar. Bakıya qayıdan kimi dərhal yazıb çox yüksək səviyyəli bir vəzifəliyə verdim. O da aparıb bunu verib Eldar Mahmudova. O da mənə çatdırdı ki, istəyirsən bu həyatda yaşayasan, bir də ağzına belə şey gətirmə. Akif Çovdarov qapımızı pusdururdu, oğlumu güdürdülər. Demişdilər ki, danışsan, oğlunu tutub yox edəcəyik. Bunlar 2 il əvvəl olub. 2013-cü ildə prezident seçkisindən əvvəl. Həmin pullar çevriliş etməyə xərclənməli idi. Həmin pullardan mənə də təklif etmişdilər. Demişdilər ki, zavodların var, o pulları zavodlarına ayıraq. Pulu seçkidən 2-3 ay əvvəl verməli idilər. Başa düşdüm ki, çevrilişə hazırlıq gedir. Mənim söylədiklərim real informasiyalara əsaslanır. Yazı dərc olunandan sonra yalnız Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsindən maraqlanıblar. Onlara da demişəm ki, bu məsələnin araşdırılması onların səlahiyyətlərini aşır. Çünki işdə MTN-in yüksək çinli zabitlərinin adı hallanır, yüksək vəzifə daşıyan, bu gün də yüksək vəzifədə olan şəxslərin adları var. Bu işdə AZAL prezidenti Cahangir Əsgərovun da marağı olub. Əgər onun marağı olmasaydı, içində o qədər pul olan təyyarə Bakı Hava Limanına enə bilməzdi. Əlimdə dediklərimi təsdiqləyən sənədlər də var.

Sənədlərdə Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevlə işçisi Rəşad Qasımovun imzaları, möhürləri var. Pulu onlar qəbul ediblər. Bu gün də 18 milyard avro ortada yoxdur. Oğurlayıblar, ölkədən çıxarıb xaricdə banka yerləşdiriblər. Ötən müsahibəmdə bu işin təşkilatçıları haqda demişdim. Bu adamlar pul ölkəyə gəlməzdən əvvəl hazırlıqlarını görüblər. Pulun gələcəyindən xəbəri olan vəzifəliləri də "görüb”lər. Düşünməyiblər ki, məsələ nəzarətdən çıxıb ölkə rəhbərliyinə qədər gedib çıxa bilər. Pulun bura gətirilməsi məxfi əməliyyat kimi olub. Onların ağlına gəlməzdi ki, kimsə bundan xəbər tuta və məlumatı ötürə bilər. Bunu mənə deyəndən sonra MTN-də çalışan yaxın dostum vasitəsilə yazıb ötürdüm. Məcbur qalıb həmin pul ölkəyə gətirilən kimi burada tutdular. Əməliyyat mənim informasiyama əsasən keçirilmişdi. Məcbur qalıb pulu Cahangir Hacıyev qol çəkib Beynəlxalq Banka götürdü. Pulu Beynəlxalq Banka mədaxil ediblər. Faktiki isə həmin pul mədaxil olunmayıb, oğurlayıb xaricə göndəriblər”.

Tofiq Rəcəbov həmin vaxt açıqlamasında pulun xaricə göndərilməsində Çingiz Əsədullayevin vasitəsilə "Azəriqazbank”dan istifadə olunduğunu açıqlamışdı. Göründüyü kimi məhkəmə sırf "AGbank”la bağlı hissədə Tofiq Rəcəbovun üzərinə təkzib verməsi vəzifəsini qoyub. Tofiq Rəcəbov deyir ki, məhkəmə qəranına hörmətlə yanaşır, "AGbank”la bağlı hissədə üzərinə qoyulan vəzifəni icra edir və fikirlərini təkzib edir. Eyni zamanda qeyd edir ki, Azərbaycana 18 milyard avro inqilab pulu gətirilib və məsələ bu günə qədər araşdırılmayıb. 

RƏYLƏR