"Ağıllı arılar" Azərbaycanda böyük bir layihəni necə yaratdılar - MÜSAHİBƏ

OXUNUB: 3466 MARAQLI SOSİAL
Azərbaycanda qeyri-neft sektorunun inkişafından, insan kapitalına, müasir texnologiyalara diqqətin artırılmasından hamı danışır. Həm ölkə prezidentinin qərarları, həm müxtəlif dövlət orqanlarının inkişaf strategiyası, həm də ölkədəki müxtəlif islahatlar göstərir ki, IKT sektorunun inkişafı prioritetdir. Pandemiya dövründə də ənənəvi sahələrin iflası, IKT sektorunun isə əksinə,daha çox əhəmiyyət kəsb etməsi də göstərdi ki, gələcək məhz rəqəmsal iqtisadiyyata söykənməlidir. 

    Amma Azərbaycanda böyük potensialı olan layihələrin azlığını təəssüf hissi ilə də olsa, qeyd etmək məcburiyyətindəyik. Bu sahədə böyük nəticə göstərə bilmiş, beynəlxalq standartlara cavab verən yaxşı İT-layihələrimiz o qədər də çox deyil. Bu dəfə biz həmin layihələrdən biri olan Smartbee komandası ilə görüşdük. Azərbaycan kimi kiçik ölkədə bu cür uğurlu nəticə əldə edən layihə haqqında onların kollektivinə suallarımızı ünvanladıq. 

    Suallarımızı əvvəlcə şirkətin direktoru və əsas yaradıcısı olan Fərid Kərimov cavablandırdı. 


    Smartbee layihəsi haqqında ümumiyyətlə nə deyə bilərsiniz?

    Smartbee MarTech (marketing technologies) sahəsində fəaliyyət göstərən şirkətdir. Hazırda 14 nəfərlik komandası olan Smartbee intenetdə vahid pəncərədən reklam yerləşdirmək üçün həm reklamverənlərə, həm də yayınçılara yaxşı imkanlar yaradır. Hazırda sistemə 130 veb-sayt, 80 reklamverən qoşulub.  Reklamverənlər hər sayt ilə ayrı-ayrılıqda danışıq aparmaqdan, qiymət razılığına gəlməkdənsə bir pəncərə kimi Smartbee-də reklam verir. Sistem avtomatik olaraq ona daxil olan saytların arasında reklamları bölüşdürür.Qısaca desək, Google Ads sisteminin lokal versiyasıdır.  

    Hər saniyə minlərlə sorğunu emal edən sistem real-time rejimində reklam kampaniyasının gedişatı haqqında məlumat verir. Layihəni ərsəyə gətirmək üçün on minlərlə sətir kod yazılıb.
Sistemin əsas nüvəsini (core) heç bir xarici sistemdən və mənbədən istifadə etmədən tamamilə özüm yazmışdım,. Əvvəlcə təkbaşına və həvəskar şəkildə əsas işimdən sonra evdə axşamlar işləyirdim. Amma sonradan böyümək üçün komandanın vacibliyini başa düşdüm. Hazırda 14 nəfərlik komandamız var. Back-end proqramçılar, fron-end developerlər, product-manager və s. olandan sonra start-upımız sürətlə böyüməyə başladı. Hazırda Azərbaycanda traffikinə görə ən böyük yerli platformaya sahibik. 

    Bu layihə hansı problemləri həll etmək üçün hazırlanmışdır?

    Google Ads sistemi Azərbaycan dilini rəsmi olaraq dəstəkləmir. Ona görə də, yerli sayt sahibləri, vebmasterlər öz saytlarını monetizasiya edə bilmir, saytlarına gələn traffiki pula çevirə bilmirlər. Yerli saytların bundan əziyyət çəkdiyini görərək qərara gəldik ki, elə bir sistem yaradaq ki, onun vasitəsilə həm çoxsaylı AzNet saytları həm öz traffikinə görə ödəniş alsın, həm də reklamverənlər rahat şəkildə bir nöqtədən reklam verə bilsin.

    Məsələn, MasterCard, Nestle və s. kimi müştərilər xaricdə oturaraq hər bir yerli saytla ayrı-ayrılıqda danışıq aparmır. Buna onların nə vaxtı çatar, nə də ki, insan resursları. Amma Smartbee sayəsində onlar sistemə girib büdcəni və reklam kampaniyasının məlumatlarını yerləşdirir, qalanını avtomatik olaraq sistem özü müştərinin və saytın yerinə edir.  

    Elə sayt var ki, orada reklam yerləşdirmək baha, eləsi var ki, onda ucuzdur. Hər saytın özünün fərqli qiymətinin olması da müştərilər üçün kifayət qədər çətinlik yaradır. Amma bizim sistem vasitəsilə reklamverənlər vahid bir qiymətə yerli auditoriyanı hədəfləyə bilir. Buna görə də, pulunun qədrini bilən, effektivlik axtaran yerli şirkətlər də bizim sistemə böyük maraq göstərir. Biz həm reklamverənin işini asanlaşdırır, həm qiyməti hamı üçün sərfəli edir, həm də prosesləri texnoloji cəhətdən daha təkmil edirik. 

    Şirkətin yaradıcılarından olmuş, rəqəmsal marketinq sahəsində ekspert Tural Kərimov da bəzi suallarımızı cavablandırdı. 

    Bu startap layihəsinə Azərbaycanın yerli bazarında tələbatı varmı?

    Sistemin hazırki müştərilərini 2 qrupa ayırmaq olar:

    1. Beynəlxalq reklamverənlər və tanınmış agenliklər: Mars, RedBull, Nivea, Mondelez İnternational və s.


    2. Yerli reklamverənlər: Azerfon, Ağ Şəhərdəki tikinti şirkətləri, Texnomart mağazalar şəbəkəsi və s.


    Tarix göstərdi ki, həm beynəlxalq, həm də yerli reklamverənlər bu platformaya böyük maraq göstərir. Reklam kampaniyasını bir paneldən rahat izləmək, onu istənilən vaxt söndürüb-yandırmaq, reklam kreativlərini rahatlıqla dəyişmək marketinq sahəsində çalışanların işini asanlaşdırır. İnsanlar indi rahatlığı, komfortu xoşlayır. Elə Smartbee də bu rəqəmsal reklam kampaniyaları çox asanlaşdırır. 

    Qeyd etmək lazımdır ki, beynəlxalq şirkətlər sistemə daha çox maraq göstərir nəinki yerli şirkətlər. Çünki beynəlxalq reklamverənlər daha tələbkardır, kampaniyanın effektiv olmasını daha ciddi şəkildə yoxlayır. Amma yerli şirkətlərimizdə olan marketoloqların bilik və bacarığı heç də beynəlxalq reklamverənlərdəki kimi deyil.
Sevindirici haldır ki, vəziyyət getdikcə düzəlməyə doğru gedir. Artıq yeni nəsil yetişir, şirkətlərdə rəqəmsal marketinqdən yaxşı başı çıxan marketoloqlar işləməyə başlayır. Smartbee sisteminə sərf edir ki, yerli bazarımızda olan marketinq mütəxəssisləri daha peşəkar, daha tələbkar olsun. Çünki onlar keyfiyyətli iş görsələr, effektivlik axtarsalar, gec-tez bu digital-alətlə əməkdaşlıqda maraqlı olacaq. 

    O zaman deyə bilərikmi ki, sistemdən əsasən böyük reklamverənlər istifadə edir? Kiçik reklamverənlərə bu sistem maraqlıdırmı?

    Hazırda dövriyyənin 90%-i böyük reklamverənlərin, agentliklərin payına düşür. Amma kiçik biznes sahibləri, adi fiziki şəxslər də reklam verməyə başlayıb. Məsələn, gözəllik salonu işlədən usta, öz bloqunu tanıtmaq istəyən influencer,özünə müştəri axtaran stomatoloq, hətta deputatlığa namizədlər də sistemdə qeydiyyatdan keçib ödəniş edir. Məhz elə kiçik büdcəsi olan reklamverənləri fikirləşərək biz o vaxt online ödəniş sistemini qoşmuşduq. Əvvəllər ödənişlər əsasən bank köçürmə yolu ilə olurdu, indi isə regionlarda yaşayanları və adi vətəndaşları da düşünərək işlərini asanlaşdırmaq üçün online ödənişi aktivləşdirmişik.
    Fikrimizcə, getdikcə adi fiziki şəxslərin payı artmağa doğru gedəcək.



 

    Fərid, kadr məsələsini necə həll edirsiniz?

    Mən həmişə deyirəm ki, ölkədə iş problemi yoxdur, işçi problemi var. Hazırda ölkəmizdə işini dərindən bilən,  xüsusilə də İT sahəsində peşəkar olan mütəxəssisləri tapmaq, tapandan sonra onlarla işləmək çox çətindir. Bizim bu cəhətdən bəxtimiz gətirib. Komandamızda həm işini çox əla bilən ekspertlər, həm də yenicə başlayan junior-lar var. Komandada ən yaşlımız elə direktor Fərid Kərimovdur, onun da 35 yaşı var. Əksəriyyətimiz gənc yaşda olan, yeniliyə meylli, kaprizləri az olan şəxslərik. 

    Həm iş, həm də məsuliyyət çoxdur: kodda adi bir vergülü yazmayanda bütün sistemdə problem çıxa,böyük itkilərlə üzləşmək mümkündür. Odur ki, stressi azaltmaq üçün maksimum dərəcədə yumordan istifadə edirik. Bütün çətin anlarda, fors-major situasiyalarda yumorun və komandada xoş atmosfer qurmağın hesabına çətinliklərin öhdəsindən gəlməyə çalışırıq. 

    Yaxın gələcəkdə bu layihənin modernləşdirilməsi üçün hansı planlarınız var?

    Görüləcək işin həcmi çox böyükdür. Çünki bizim sistemimiz rəqiblərindən dəfələrlə kompleks, dəfələrlə mürəkkəb bir alət olduğu üçün onu ayaqda saxlamaq, inkişaf etdirmək də çətindir. Vaxtımızın böyük hissəsi bug-ların aradan qaldırılmasına, problemlərin həllinə gedir. 

    Reklamverənlər də sakit dayanmır, daim yeni funksiyalar istəyir. Elə bir həftə olmur ki, həmin həftədə nəsə yeni bir funksiya əlavə etməyək. Biz belə fikirləşirik ki, 2021-ci ilin oktyabr ayına qədər reklamverənlərin istəyəcəyi funksiyaların hamısını da olmasa, 95%-ni sistemdə tətbiq edək.
Hər şey pandemiya dövrünün necə gedəcəyindən asılıdır. Konronavirus vaxtı reklamverənlərin çoxu aktiv olmur, o qədər böyük reklam kampaniyaları həyata keçirmir. Dolayısılya bu bizim sistemə də təsir edir. 

    Hədəf olaraq oktyabr ayından sonra Azərbaycan bazarından kənara çıxmağı, regional oyunçu olmağı planlaşdırırıq.
 

RƏYLƏR