ÜAK-ın ləğvi rəsmiləşdi

OXUNUB: 1018 SİYASƏT

Ümumrusiya Azərbaycan Konqresinin birinci instansiya məhkəməsinin və Apellyasiya Kollegiyasının qurumun ləğvi haqqında qərarından Rusiya Ali Məhkəməsinin Rəyasət Heyətinə noyabrın 2-də verdiyi kassasiya şikayəti geri qaytarılıb.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, Ali Məhkəmənin Rəyasət Heyəti ÜAK-ın kassasiya şikayətini geri qaytarıb.

Rusiya Federasiyası Ədliyyə Nazirliyi də öz növbəsində ÜAK-ı Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrindən çıxarıb. Bununla da, ÜAK təşkilat olaraq legitimliyini itirib, ləğvi rəsmiləşib.

Qeyd edək ki, bu il mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-nin qeydiyyatının ləğvi barədə qərar çıxarıb.

Sentyabrın 19-da Ali Məhkəmənin Apellyasiya Kollegiyası ÜAK-ın şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, Rusiyanın 70-dən çox regionundakı Azərbaycan icmasının rəhbərləri qeydiyyatı ləğv edilmiş ÜAK-ın prezidenti, akademik Fazil Qurbanova yeni Azərbaycan diaspor təşkilatının yaradılması və bu təşkilata onun rəhbərlik etməsi üçün müraciət ediblər.

İcmal.Az


RƏYLƏR