Aktrisadan etiraf: Zərnigar Ağakişiyeva sevdiyim insanla aramı vurub, bizi ayırdı – FOTO

OXUNUB: 25 ŞOU-BİZNES

İcmal.Az aktrisa Sevil Abbasovanın Milli.Az-a verdiyi müsahibəni ixtisarla təqdim edir:

- Sevil xanım, 22 ildir ki, efirlərdən, mətbuatdan, ümumiyyətlə, bütün insanlardan uzaq düşmüsünüz. Buna xüsusi bir səbəb varmı?

- Öncə sizi və oxucularınızı salamlayıram və 22 ildən sonra məni axtarıb-tapdığınız üçün sizə təşəkkür edirəm. Məni Akademik Milli Dram Teatrına müəllimim Lütfü Məmmədbəyov gətirsə də, işə Tofiq Kazımov götürmüşdü. Tofiq müəllim mənə dedi ki, səni teatra mən götürmüşəm, repertuarınla da mən məşğul olacağam. Ard-arda mənə 4 tamaşada əsas rollar verildi. Elə həmin ilin yayında Göygölə istirahətə gedəndə Tofiq müəllim yolda qəzaya düşüb rəhmətə getdi. Ondan sonra teatrda fəaliyyətim puç oldu. Ərizə yazıb getmək istəyəndə Həsən Turabov qoymadı. Mənə dedi ki, teatrdan çıxma, mən direktor gələndən sonra sənin üçün hər şey yaxşı olacaq. Onun bu sözünə inanıb teatrda qaldım. Amma hər şey əksinə oldu.

Belə ki, Həsən Turabov teatra direktor təyin olunandan sonra məni təkidlə səhnəyə "massovka" kimi çıxmağa təhrik etdi. Nə maaşımda, nə də sənətimdə heç bir yenilik olmadı, uzun müddət yerimdə addımladım. Müəyyən adamlar var idi ki, heç "massa"ya çıxmırdılar. Elə bil təkcə mənimlə prinsipə girmişdilər. Mən teatrda böyük tamaşalarda oynamışdım, niyə "massa"ya çıxmalı idim? O boyda rolları oynayan aktrisa "massa"ya çıxmağa məcbur deyildi! Mən də prinsipə dedim ki, "massa"ya çıxmayacağam. Həsən Turabov dedi ki, səhnəyə çıxmırsansa, o zaman teatrdan çıx get! Dedim ki, gedərəm. O teatra direktor gələndən sonra əsl siması üzə çıxdı. H. Turabov o Turabov deyildi. Onun bu sözlərinə görə teatrı birdəfəlik tərk etdim və bir daha geri qayıtmadım.

- Zərnigar xanımla "Kökdən düşmüş piano" televiziya tamaşasında ana və qızı rollarını oynamısınız. Həyatda Zərnigar xanımdan ana münasibəti gördünüz?

- O həmişə mənə deyirdi ki, anamın etmədiyini sən mənə etmisən. Anadan böyük nə ola bilər ki? Mən ona heç vaxt yad münasibət göstərməmişəm. Ola bilər ki, aramızda bir balaca inciklik olsun. Evdə ana-bala arasında da inciklik olur da.

- Ondan nə üçün incimişdiniz?

- Teatrda 5 ildən bir attestasiya olurdu ki, hansı aktyor qalsın, hansı getsin. Bir aktyor yoldaşım mənə demişdi ki, o hamıya tapşırıb ki, Sevilin teatrdan getməsini istəyin. Nəyə görə? Etdiyim yaxşılıqlara görə? Mən heç istəməzdim ki, teatrda işləyən xadimə də işindən olsun. Çünki o da evinə çörək pulu aparır.

- Ola bilərmi həmin həmkarınız aranızı vurub?

- Xeyr, heç vaxt! Kim desəydi inanmazdım, amma o aktyor kişi adını daşıyan aktyordur! Mən ona hörmət edirəm. O mənə yalandan heç nə deməzdi. O, bu sözü mənə ona görə demişdi ki, dostumla düşmənimi tanıyım. Zaqatalada qastrol səfərində olanda Zərnigar xəstəxanaya düşdü. Mən yemək hazırlayıb yanına gedirdim. Heç kimi onu səhhəti maraqlandırmırdı. Ona baxdığım üçün bütün teatr kollektivi məni daşa basdı! Amma bir Allah bilir ki, ona necə qulluq edirdim. Heç bir insan bunu itirməzdi, o itirdi.

- Rol üstündə həmkarlarınızla qalmaqallar yaşamısınız?

- Mən intriqalardan və qalmaqallardan həmişə uzaq qaçmışam. Amma mənimlə teatrda prinsip aparanlar çox olub. Bir dəfə Məlahət Abbasovanın bir müsahibəsini oxudum. Orada demişdi ki, "Mənsiz dünya" tamaşasında Sevil mənim rolumu əlimdən almaq istəyirdi. Əslində, bu tamaşadakı Simuzər rolunu mən oynayırdım. Turabov məni çağırıb dedi ki, Məlahət də bu rolu oynamaq istəyir. Sən də oyna, o da oynasın. Bunu çox normal qəbul etdim. Mənim istəyib-istəməməyimlə bağlı deyildi.

Əgər Amaliya Pənahova və Mərahim Fərzəlibəyov olmasaydı, Məlahət bu rolu oynayacaqdı. Necə ki, "Əliqulu evlənir" tamaşasında baş rolu Firəngiz Mütəllimova oynadı. Premyeranı mən oynadım, sonra elə oldu ki, Firəngiz teatra gəldi və bütün rolları ələ aldı. Həmçinin Məlahət Abbasova da bu cür edəcəkdi. Amaliya Pənahova qoymadı ki, Məlahət o rolu oynasın.

- Əslində, bu məsələyə aydınlıq gətirməyiniz yaxşı oldu. Çünki Məlahət Abbasova hələ də ona sizin mane olduğunuzu bilir.

- Mənim Məlahət xanıma qarşı heç bir kinim yoxdur. Məlahət gözəl aktrisadır, istedadlıdır. Mən teatrda bütün konfliktlərdən uzaq qaçmışam. Tamaşanın məşqi gedirdi, fasilədə oturub otağımda gözləyirdim, radiodan çağıranda aşağı düşürdüm. Çünki teatrda mənim arxamda heç kim yox idi. Hətta öz müəllimim Lütfü Məmmədbəyov "Leyli və Məcnun" tamaşasına görə məni təbrik edəndə ora-bura baxırdı ki, görsün heç kim yoxdur? Bir aktrisanın adını çəkdi, dedi ki, ona deyəcəyəm ki, bəsdir daha ekranda rolları sizə verdim, indi daha rolları öz tələbəmə verəcəyəm. Heç ondan sonra da mənə rollar vermədi. Adama deyərlər ki, o aktrisadan sən niyə qorxurdun ki, tələbənə rol vermirdin?

- Amma bu teatr sizə heç nə vermədi. Nə ailə həyatı qurdunuz, nə də karyera...

- Anam xəstə olanda yanında təkcə mən qaldım. Onun xəstəliyi mənim başımı qarışdırdı. Anamın 98 yaşı var, 15 ildir ki, o xəstədir, 2 aydır ki, yataq şəraitində müalicə alır.

- Neçə övladsınız?

- Əslində, 6 övladıq, amma anama baxmadıqları üçün digər bacı və qardaşlarımla münasibətimi kəsmişəm. Sənətimi də, ailəmi də anama qurban etdim. Hətta o vaxt Amaliya xanım da məni Bakı Bələdiyyə Teatrına dəvət etmişdi. O, məni oktyabr ayında dəvət etmişdi, elə oldu ki, anamın ayağı sındı, mart ayında getdim. Gec gəldiyimi bildirərək məni teatrda işə götürmədi. Həm də teatr qastrol səfərlərinə gedirdi, mən istəsəydim də, anamı qoyub gedə bilməzdim.

- Çox gözəl xanımsınız, heç elçiləriniz olmayıb?

- O vaxtı aktrisalara yaxşı gözlə baxmırdılar. Indi yaxşıdır, hər şey normal qəbul olunur. AZDRAMA-da elə şeylər görürdüm ki... Düz deyiblər ki, AZDRAMA-da ala qarğa bala çıxarmaz. Bizim dövrümüz sevgi dövrü idi, indi seks dövrüdür! Elçi gəlirdilər, aktrisa olduğumu biləndə geri çəkilirdilər. Bir nəfərlə ailə həyatı qurmaq istəyirdim, elə oldu ki, Zərnigar Ağakişiyeva yenə mənə mane oldu. O, həmin şəxsə mənim xarakterimə yad olan sözlər demişdi. Bu hadisədən sonra bizim ailə həyatı qurmaq arzumuz yerinə yetmədi.

- Bu günə qədər heç sevməmisiniz?

- Ürəyimə yatan adam var idi. Mən də onun çox xoşuna gəlirdim, amma o qadınlara ciddi gözlə baxmırdı.

- Həmin şəxs həmkarınız idi?

- Bəli, həmkarım idi. O, hamı kimi mənə də ciddi yanaşmırdı. Heç evlənmək də istəmirdi, necə ki, indiyə qədər evlənmədi. Qadınlar onun ən zəif nöqtəsi idi.

- Olmaya söhbət Füzuli Hüseynovdan gedir?

- Bəli. Teatrdan çıxandan 9 il sonra ora qayıdıb əmək kitabçamı götürdüm. Füzuli zəng edib görüşmək istədiyini bildirdi. Amma mən görüşmək istəmirdim, çünki depressiyada idim. 13 il mən çətin, depressiv vəziyyətə düşdüm.

- Bugünkü gündə ürəyinizdəki boşluğu nə ilə doldurursunuz?

- Ürəyimdəki boşluğu yalnız filmlərlə doldururam. Mən kinomanam. Bütün əcnəbi filmlərə baxmışam. Gündə bir filmə baxıram.

 

İcmal.Az

RƏYLƏR