"Allahım, öldürmə məni, qızım var..." - Deputat yazır....

OXUNUB: 2714 GÜNDƏM Özəl Seçilmiş
Həkim dostum danışır: " Bir gün xəstə gətirdilər, təzyiqi düşmürdü. Ümumi müayinə oldu+ bəzi iynə-dərman. Yenə düşmədi. Düzdür, qan analizində roye və s göstəricilərin miqdarı normadan artıq idi, amma bunu son dərəcə qızmar istilərə və s səbəblərə bağladıq. Üstəlik, adam əsaslı müayinə üçün şərait yaratmırdı, "heç nəyim yoxdu, məndə həmişə təzyiq yuxarı olur” - deyərək özünü də, bizi də təlqin eləməyə, inandırmağa çalışırdı.

Və nəhayət, sonunda bunu UZİ, ardınca isə rentgen eləməyə razi sala bildik. Daxili orqanlarla bağlı bir qərar verə bilək deyə. Ətraflı baxdıq. Ağciyərdə ağır mərhələyə adlayan xərçəng varmış. Adam zatən xəstəxanaya gələndən siqareti əlindən düşürmürdü. Öz dediyinə görə gündə 4 qutu siqaret çəkirmiş + demə atası da ağciyər xərçəngi səbəbilə vəfat edibmiş. Yəni, genetik faktor da varmış. Amma özü də xəstəliyi yetərincə provokasiya edibmiş.

Bir müddətdən sonra xəstə real vəziyyət barədə məlumatlı oldu. Dərhal da stupor vəziyyəti aldı. Dondu. Sonra qəribə mimikalar sərgilədi. Ardinca cibindəki siqareti çıxarıb filter tərəfdən dənə-dənə qırmağa başladı. Qıra-qıra isə dilinin altında bu sözləri deyirdi: "Allahım, and verirəm, bir də bu zibilin tüstüsünü uzaqdan belə almaram, amma öldürmə məni. Qızım var. Ona ata lazımdı. Məni ona bağışla”. Dedi və hönkürdü. O qədər sarsıdıcı hönkürdü ki, mən Allah olsam onu bağışlardım.

Sonra ailə gəldi. Xəstənin xahişi bu idi ki, onlar xərçəng haqda məlumatlı olmasın. Sonra özü deyəcək. Və...kənardan baxdım, ilk təmasda qızına sarılıb, onun saçlarını oxşadı, sonra hər iki üzündən öpdü, sonra yenə sarıldı....

Biz həmişə övladımızı nə zaman öpürük? – Səfərə gedəndə, qayıdanda, darıxanda, sevinəndə, fəxr edəndə. Amma o adamın göz bəbəyində ruh rəsmi, kəfən rəsmi, ayrılıq rəsmi vardı. Sanki övladına son dəfə sarılıb öz ayaqları ilə qəbrə düşürdü, öz üzərinə torpaq atırdı, baş daşı qoyurdu...

Xəstə bir ay sonra öldü. Yəni, xəbər çatdı ki, ölüb. Zatən gözlənilirdi, vəziyyəti ağır idi. Mənsə o adamın bir ay ərzində yaşadıqlarını təxmin eləməyə çalışırdım. Nə qədər ağır düşüncədir: insanın öz övladını məktəbdə "son zəng”ə uğurlaya bilməyəcəyinə, toyunda alnından öpüb öz əli ilə gəlin köçürə, nəvələrini boynuna çıxara bilməyəcinə bu qədər əmin olması...”

*
Bir siqaret tüstüsü bu qədər məhrumiyyətə dəyərsə, o zaman dayanmayın, alın saysız-hesabsız qutuları, çəkin içinizə vazkeçilməz tüstü qullablarını.

Yox əgər dəyməzsə, o zaman durun əzizlərim. Gec olmadan durun.

Bizim bu həyatda övladlarımıza edə biləcəyimiz ən böyük yaxşılıq çox yaşamaq, sağlam olmaq və onların başı üzərində dağ kimi dayanmaqdır. Uşağa, ailəyə öz günahımızdan və məsuliyyətsizliyimizdən dolayı yetimlik bəxş edəcəyiksə bunun qarşılığında ha çoxlu pullar olsun, ayaqlarının altında ha bahalı maşınlar şütüsün, ha bahalı evlər, səltənətlər qalsın, yenə yeri və əvəzi ödənməyəcək. Dolmayacaq!

Sərvət siz özünüzsünüz, varlığınızdır, nəfəsinizdir.

Hörmətlə,
Elşən Musayev
Millət vəkili
 
İcmal.Az

RƏYLƏR