Ana dilimizin demokratik cümhuriyyətə qədər keçdiyi tarixi yol

OXUNUB: 971 SOSİAL

Hər bir xalqın mənəvi sərvətlərinin fövqündə onun ana dili durur. Cəmiyyətdə ana dilinin inkişafı ilə bağlı olan problemlər, onun təkmilləşdirilməsi, saflaşdırılması milli mədəniyyətin əsas məsələləridir. Hər bir xalq öz mənlik şüurunun müəyyən mərhələsində ana dilini özünün fundamental mənəvi dəyəri kimi dərk edir, onun tədrisini, saflığını, öyrənilməsini və cəmiyyətdə işlədilməsini nizamlamağa çalışır.

 

Lakin yuxarıda qeyd olunanlar ən çox milli dövlətçilik şəraitində və birbaşa dövlətin diqqəti, qayğısı və himayəsi ilə baş verir. Müəyyən tarixi dövrlərdə çoxsaylı xarici istilalar və basqılar nəticəsində Azərbaycan dövlətçiliyinin yaranma prosesi ləng və ziddiyyətli getmiş, müstəqillik arzu olaraq qalmış və ölkədə  hakimiyyət idarəçiliyi yadlar tərəfindən həyata keçirilmişdir.

 

Nəticədə ana dilimiz çox zaman şifahi ədəbi dil kimi işlənmiş, əsasən Nəsimiyə qədər dini ədəbi dil olaraq qalmış,  yalnız Nəsimidən sonra yazılı ədəbi dilin sırf  bədii üslubu yaranmışdır.

 

Parodoksal görünsə də, qəbul etməliyik ki, folklor şeir üslübu təşəkkül tapana qədər  şifahi ədəbi dil ana dilinin aparıcı inkişaf  xəttini təşkil etmişdir. Azərbaycan ədəbi dilinin milli şeir üslübu XIV-XV əsrlərdə müasir folklor şeir üslubu əsasında formalaşmışdır.

 

Milli xalq şeir üslubu Azərbaycan yazılı ədəbi dilinin klassik poeziyadan sonrakı üslubu olmuş və müasir ədəbi dilin, xüsusilə onun bədii üslubunun əsasını təşkil etmişdir. Bu mənada folklora əsaslanan bədii üslub ana dili tariximizin köklü anlayışı olaraq, həm dil, həm də ədəbiyyat tariximizin mərkəzi problemlərindən  biri sayılmalıdır.

 

Heç sirr deyildir ki, milli dövlətin olmadığı şəraitdə  ana dili prolemi milli və siyasi məsələyə çevrilə bilmir. Xarakterik haldır ki, Azərbaycanda da ana dili məsələsi milli şüurun oyanışı ilə, milli dövlət qurulması ərəfəsində  ortaya  çıxdı.

 

Bu problemin gündəmə gəlməsinə və kəskin problemə çevrilməsinə güclü təsir göstərən əsas iki amil - müasir təhsil və müasir mətbuatdır. Onların yaranması ilə ana dilinin statusu məsələsi ortaya çıxdı  və onun geniş tətbiqi tarixi zərurətə çevrildi.

 

Ana dili məsələsinin vacibliyi A.Bakıxanovun və M.F.Axundovun böyük xidmətlərinə görə meydana çıxdı. Onlar Avropa və rus mədəniyyətini və tarixini öyrənməklə öz doğma xalqlarının taleyi barədə daha çox düşünürdülər. Buna görə də dövrün qabaqcıl maarifçi ideyalarını yaymaq üçün doğma ana dilində ilk bədii əsərləri onlar yazdılar. A.Bakıxanov bu əsərləri ilk təşəbbüs olaraq Şərq janrlarında, M.F.Axundov isə böyük islahatçı kimi cəsarət göstərərək Avropa ədəbi janrlarında ana dilində yazmaqla ana dilinin yayılmasına yol açırdılar.

 

M.F.Axundovun sadə xalq dilində yazılmış komediyaları ana dilinin statusunda və ümumən xalqımızın bədii şüurunda bir inqilab idi. Böyük vətənpərvərin sehirli qələmi ilə Azərbaycan dili dram dili səviyyəsində ortaya gəldi və bu, sözün həqiqi mənasında ana dilimizin mədəni dillər cərgəsinə adlamasına rəvac verdi.

 

"Əkinçi”nin meydana çıxması isə iki cəhətdən əlamətdar idi. Bir tərəfdən, bu qəzet Azərbaycanda çar hökuməti tərəfindən icazə verilmiş rəsmi maarifçi cərəyanın yaranmasına,  digər tərəfdən sovet dövrünün orta və ali məktəb dərsliklərində geniş əks olunmasına xidmət göstərirdi. Bu qəzet Azərbaycanda maarifçilik ideyalarının yayılmasında böyük rol oynayırdı. Onun səhifələrində böyük bir nəsil xalq müəllimləri, maarifçi mətbuat xadimləri öz əsərləri ilə çıxış edirdi.

 

"Əkinçi” ilə eyni zamanda Azərbaycan ictimai fikri və rəyi formalaşmağa başladı və milli oyanış prosesinin əsası qoyuldu. Qəzetin tarixi xidmətlərinin bu cəhəti sovetlər dönəmində öyrənilmir və məktəblərdə tədris edilmirdi. Çünki milli sözündən təkcə bolşeviklər yox, müstəmləkəçi çar məmurları da qorxurdular. Çar senzurası  "Əkinçi”yə  ciddi nəzarət etsə də, müsəlman aləminin ilk maarifçi qəzeti öz milli işini görürdü.

 

Xalqa onun anladığı sadə xalq dilində müraciətin özü artıq ana dilinə rəsmi mətbuat dili statusu verirdi. Hələlik bircə qəzet dairəsində olsa da, ana dili rəsmi status aldı. Əgər bunun üstünə A.Bakıxanovun, M.F.Axundovun, Mirzə Ağa Təbrizinin səhnə əsərlərini də gəlsək, onda "Əkinçi” qəzetini XIX əsrdə ana dilinin statusunda baş verən ən böyük hadisə saya bilərik.

 

Qori Müəllimlər Seminariyasının yaranması ilə ana dilinin tədrisi başlandı. Düzdür, ana dili dərsləri seminariyada ikinci dərəcəli dil dərsi kimi tədris olunurdu. Seminariyada əsas tədris dili rus dili idi. Lakin Azərbaycan dili də "Qafqaz tatarlarının dili” adı ilə proqrama salınmışdı. Bunun da nəticələri böyük oldu: tədris üçün ilk Əlifba dərsliyi A. Çernyayevski tərəfindən hazırlandı. Ana dilinin qrammatikası tədris edilməyə başlandı.

 

Nəzərə alınmalıdır ki, 1918-ci ilə qədər - yəni Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçənə qədər Azərbaycanda ana dilində orta təhsil sistemi yox idi. Yəni bütün təhsilin, bütün fənlərin ana dilində keçirildiyi məktəblər yox idi. Qeyri-rəsmi mövcud olan mollaxana təhsili fars dilli təhsil ənənəsinə əsaslanır, Yasin və Quran ayələrinin əzbərlənməsindən ibarət olurdu. Ən fərasətli şagirdlər mollaxana təhsili sayəsində fars dilini öyrənir, ərəb dilindən isə ümumi təsəvvür əldə edirdilər.

 

Sadalanan tarixi gerçəklik baxımından 1918-ci ilə qədər Azərbaycan milli düşüncəsinin və maarif hərəkatının əsas hədəflərindən biri ana dilinin statusu uğrunda mübarizə, bu dilə əsaslanan təhsil sisteminin yaradılması idi. Bu məqsədə ancaq 1918-ci ildə, Azərbaycan Cümhuriyyəti yaranandan sonra nail olmaq mümkün oldu.

 

Buna baxmayaraq, bu gün biz Azərbaycanın maarifçi müəllimlər hərəkatını minnətdarlıqla öyrənməli və onların gördüyü vətənpərvər işlərə qiymət verməyi bacarmalıyıq. Nəşri-maarif adlanan xeyriyyə cəmiyyətlərinin əsas təhsil dili rusca olsa belə, rus-tatar ibtidai məktəblərini yaratmaq üçün maarifpərvərlər gecə-gündüz çalışırdılar. Çox zaman çar hökumət orqanları təzə açılan Rus-tatar ibtidai məktəblərinin təsərrüfat xərclərini, xeyriyyə cəmiyyətləri isə onların əməkhaqqını ödəyirdi.

 

Rus-tatar məktəblərində ana dilinin tədrisi proqramdan çox müəllimlərin öz vətənpərvər təşəbbüskarlığının nəticəsi olurdu. N.Nərimanov, C.Məmmədquluzadə, Ü.Hacıbəyov, A.Şaiq, N.Vəzirov ibtidai rus-tatar məktəblərində ana dili müəllimi kimi fəaliyyətə başladılar. Sonradan onlar anadilli müasir mətbuatımızın və ədəbiyyatımızın inkişafında mühüm rol oynadılar.

 

Həmin rolun bir mənası da onların tələbələrinin ana dilində yazan şair və yazıçılar, jurnalist və publisistlər kimi yetişməsində özünü göstərdi. Cəfər Cabbarlı, Əhməd Cavad, Seyid Hüseyn, Mirzə Bala Məmmədzadə və onlarla başqaları əsas tədrisi rus dilində olan orta təhsil məktəblərində - rus-tatar və ibtidai məktəblərdə təhsil almışdılar. Lakin onlar ana dilində bədii və publisistik əsərlər yaza bilirdilər. Bu isə çar rejimi nəzarətində olan orta məktəblərdə dərs deyən ana dili müəllimlərinin xidməti idi. Ümumiyyətlə, Azərbaycanın maarifçi müəllimləri yüksək əxlaq və ideallar daşıyan əsl ziyalılar olmuşlar.

 

İnqilabdan əvvəlki maarifçilər ana dilinin statusu uğrunda çox çətin, bəzən yarı leqal mübarizələr aparmışlar. Milli dövlətin olmadığı şəraitdə ana dilinə dövlət dili, rəsmi dil statusu verilməsi çağırışları məntiqi səslənmirdi. Həm də çar hökuməti orqanları bunu repressiyalarla qarşılayırdı. Çar hökumət orqanlarının Azərbaycanda maarifin inkişafına yönəlmiş tədbirləri sürətlə inkişaf edən neft sənayesini kadrlarla təchiz etmək ehtiyacından doğurdu və birmənalı praktik məqsədlər güdürdü. Vətənsevər maarifçi ziyalılar isə bundan istifadə edirdilər.

 

Lakin o zamankı ziyalıların hamısında ana dili probleminə doğma münasibət yox idi. Bunu  XX əsrin əvvəllərində Azərbaycanda müxtəlif əqidəli ziyalı qrupların olması ilə izah etmək mümkündür. Onları üç qrupa bölmək olar.

 

1. Ərəb və fars dillərində təhsil almış ruhanilər. Onların əksəriyyəti yerli mollaxana təhsilindən sonra ya İranda, ya da Nəcəf, Kərbəla kimi ərəbdilli ali dini təhsil ocaqlarında təhsil almışdılar. Onlar bir növ ana dilində dil açmamış uşaqlara bənzəyirdilər. Onları xalis ruhani ziyalılar da adlandırmaq olar. Onların təhsil dili əsasən fars dili idi, ən yaxşıları Nizami, Hafiz, Sədi kimi klassikləri orijinaldan oxuyur və buna qadir olmayanları savadsız adlandırırdılar. Eyni zamanda, türk- Azərbaycan dilində savad onlar üçün qibtə ediləcək bir şey deyildi. Bu ziyalılar sufı poeziyanı, mərsiyə ədəbiyyatını bilir və sevirdilər, məhz bu bilikləri ziyalılıq və mədəniyyət hesab edirdilər.

 

Onların dünyagörüşünün əsas cəhəti islam təəssübkeşliyi və islam maarifı idi. Onlar sayırdılar ki, müsəlmanların gücü onların islamı və Quranı bilmələrindədir. Savadlarının məhdudluğundan və məlumatlarının azlığından onların çoxu Avropada baş vermiş inqilabların nəticələrini təsəvvür etmir və qiymətləndirə bilmirdilər. Bu ziyalıların gücü onların praktik ruhani olmasında və buna görə xalq içərisində böyük nüfuz daşımalarında idi.

 

Ruhanilər müsəlmanların milli əlamətlərə görə bölünməyini və fərqlənməyini ziyanlı sayırdılar. Onlar ümmətçi idilər, müsəlmanların milli əlamətlər və dildən asılı olmayaraq "ümmət” halında birləşməsini daha xeyirli sayırdılar. Bütün bu xüsusiyyətlərinə görə, onlar ana dili barədə mətbuatda mübahisələr gedəndə müsəlmanlara Quranı öyrənməyi məsləhət görürdülər ki, bu da ana dilinin əhəmiyyətini inkar edən bir mövqe idi. Onlar ana dilinin əvəzinə müsəlman həmrəyliyinə güc verir və Quran ətrafında birləşməyə çağırırdılar.

 

Onlar arasında savadlı ziyalılar, tərcüməçi və publisistlər olsa da, bu ruhani təbəqə milli tərəqqiyə zidd mövqedə dururdu. Onlar çar hökumət orqanları ilə gizli əlaqə saxlayır, siyasətdən uzaqlığı təbliğ edirdilər. Onların təhlükəli cəhəti çarizmin yardımı ilə yaranan müasir məktəb təhsilinə düşmən münasibətləri idi. Onlar hətta müsəlman kimi geyinməyi təbliğ edir, Avropa libasına qarşı çıxır, vaxtı keçmiş mollaxana təhsilini vacib sayırdılar. Onların məktəb təhsilinə mənfi münasibəti M.Ə.Sabirin "Molla Nəsrəddin” jurnalının səhifələrindəki şeirlərdə əsas tənqid hədəflərindən idi.

 

Müsəlman ruhaniliyi ana dilini danmaqla qalmır, millətçi hərəkata da, onun lideri Musavat partiyasına da düşmən münasibət bəsləyirdi. Onlar bir növ çarizmin müttəfiqləri, xalqımızın Avropa yolu ilə tərəqqisinin düşmənləri idi.

 

2. Türkiyədə təhsil alıb qayıdan ziyalılar da ana dilinə münasibətdə doğru mövqe tuta bilmirdilər. Onlar hesab edirdilər ki, Osmanlı ədəbi dili bütün türk xalqları üçün vahid ədəbi dil olmalıdır. Ona görə ki, bu ədəbi dil islam ənənəsinə və islam maarifi ənənələrinə əsaslanır.

 

Osmanlı Türkiyəsində əsas ideologiya islam və ona bağlı olan xalqların birliyi ideyası idi. Buna siyasi terminlə "ittihadi-islam” da deyilirdi: mənası isə bütün müsəlman millətlərin qüdrətli Osmanlı türk sultanlarının rəhbərliyi ilə birləşməsinə çağırış idi. Çoxmillətli Türkiyə imperatorluğunun məfkurəsi kimi bu nəzəriyyə doğru idi və onun əsasında sonralar Azərbaycanda "İttihad” partiyası yarandı. İndiki anlayışla bu partiya müsəlmanların ittifaqı, birliyi deməkdir.

 

Osmanlı dövlətində onun 600 illik tarixi sayəsində müəyyən təhsil sistemi yaranmışdı. İttihadçı Azərbaycan ziyalıları sayırdı ki, boş yerdə yeni təhsil sistemi yaratmaqdansa, hazır Osmanlı təhsil sistemini və onun ədəbi dilini qəbul etmək daha doğrudur. İlk baxışda burada məntiq var idi. Lakin Avropa xalqlarının təcrübəsinə nəzər salanda bu baxışların yanlışlığı ortaya çıxır. Avropanın Almaniya, İngiltərə, Fransa, İspaniya kimi krallıqları əvvəlcə vahid Roma papalığının təhsil sistemindən və latın dilindən istifadə edir, ruhanilər milliyyətdən asılı olmayaraq bu dildə təhsil alır və dini ayinləri icra edirdilər. Lakin adıçəkilən krallıqlar güclənəndən sonra latın dilində dini təhsildən və ədəbi dildən imtina etdilər.

 

Həmin dövrlərdə məhz kralların təkidi ilə Bibliya fransız, ingilis, ispan, alman dillərinə tərcümə edildi və dini ayinlər həmin kralların ana dilində icra olunmağa başladı. Bu milli dövlətlərin həqiqi müstəqilliyi üçün zəruri şərt idi. Türk xalqları da gec-tez bu prosesi keçməli və öz ana dillərində ədəbi dil yaratmalı, Quran oxumalı, milli maarif sistemi qurmalı idilər.

 

Müsəlman aləmində bunu ilk anlayan Türkiyənin qəhrəman oğlu Mustafa Kamal Atatürk oldu və Türkiyədə islahatlar apararaq Quranın ana dilində oxunmasını, Osmanlı ədəbi dilinin doğma türk sözlərinə qayıtmaqla islahatını həyata keçirdi. Lakin Atatürkdən sonra Türkiyə ruhaniliyi yenidən Quranın ərəbcə oxunması ənənəsinə qayıtdı. Bunlar 1920-ci illərin sonu, 1930-cu illərin əvvəllərində baş verdi. Lakin bizim bəhs etdiyimiz 1905-1920-ci illərdə ana dili məsələsi hələ böyük mübahisələr doğururdu. Fyüzatçılar daha çox İstanbulda təhsil almışdılar və öz jurnallarını Osmanlı ədəbi dilində, ərəb-fars sözləri ilə ağırlaşmış halda, adi adamların çətin anladığı dildə dərc edirdilər. Onların rəhbəri ittihadçı Əli bəy Hüseynzadə idi. O, Osmanlı ədəbi dilinə üstünlük verərək, ilk növbədə bu dildə termin bazasının yüksək inkişafı və istənilən elmi fıkirləri asanlıqla ifadə etmək imkanı ilə bağlayırdı.

 

Tiflisdə "Füyuzat”dan fərqli olan "Molla Nəsrəddin” jurnalı çıxırdı ki, sadə xalq dilində dərc olunan jurnalı savadsız və az savadlı adamlar da oxuyub anlaya bilirdi. "Molla Nəsrəddin”in dili və ədəbi mövqeyi bütün türk dünyasında böyük maraq və hörmətlə qarşılandı. Aydın oldu ki, xalq dilində də istənilən elmi və siyasi problemləri işıqlandırmaq olar. Mirzə Cəlilin buraxdığı jurnalın təcrübəsi ana dili mübahisələrinə qüvvətli təsir göstərdi. Bir çox ziyalılar Osmanlı ədəbi dilindən istifadənin guya çarəsizlikdən olması fıkrinə şübhə etməyə başladılar.

 

Nəticədə Osmanlı ədəbi dilinə üstünlük verənlər parçalandı. Bunlar əsasən "Şəlalə” qəzeti ətrafında birləşən və sadə türk dilində, folklor dilində yazmağı təbliğ edən, öyrənməyə çağıran müsavatçı ziyalılar idi. Onlar Mirzə Cəlilin təklif etdiyi dili qəbul etmədən sadə ana dilində yazmaq şüarını irəli sürdülər. Bu konsepsiya Məhəmməd Əmin Rəsulzadənin təsis etdiyi "Açıq söz” adlı qəzetin adında öz əksini tapdı.

 

Lakin "Açıq söz” qəzeti və onun ətrafında birləşən ziyalılar qısa bir vaxtda Azərbaycan dilinin sadə üslubunu yarada bilməzdilər. Ona görə onların xalq dilində yazmaq çağırışları Osmanlı ədəbi dilini sadələşdirməkdən uzağa getmədi. Müasir dillə müqayisədə Məhəmməd Əmin Rəsulzadənin, Mirzə Bala Məmmədzadənin dili Osmanlı ədəbi dilinə daha yaxın olduğundan, müstəqillik illərində onların əsərləri çapa hazırlananda, demək olar ki, müasir dilə uyğunlaşdırılmışdı.

 

1919-cu ildə Müsavat partiyasının ikinci qurultayı Azərbaycan üçün təhsil konsepsiyası qəbul etmişdi. Bu konsepsiya Demokratik Cümhuriyyətin bir dövlət kimi mövqeyini əks etməsə də, tarixi baxımdan maraqlıdır və ana dili məsələsinin necə incə, mürəkkəb olduğunu göstərir.

 

Müsavat Partiyasının ikinci proqramı Azərbaycan türkləri üçün təhsili iki mərhələyə bölür. Birinci mərhələ ibtidai təhsildir və proqram müəlliflərinin fıkrincə, hər millət ibtidai təhsili "öz ləhcəsi”ndə almalıdır. Sənəddə məhz ləhcə termini işlənir və onun qeyri-dəqiq olduğu bu gün hamıya məlumdur. Belə qeyri-dəqiq ifadə, ümumiyyətlə, bir çox müsavat ziyalılarının ümumtürk dili konsepsiyasına bağlılığı ilə əlaqədardır. Onlar hələ 1919-cu ildə də ümumtürk ədəbi dili yaranacağına inanırdılar və bu inamdan çıxış edərək ədəbi dil kimi 7-8 əsrlik tarixi olan Azərbaycan dilini ləhcə hesab edirdilər. Bu termin Krım, Kazan, Qazaxıstan, Səmərqənd türklərinin dillərinə də aid edilirdi.

 

Müsavat proqramına görə, türk xalqlarının ali təhsili milli dillərdə ola bilməzdi. Halbuki Demokratik Cümhuriyyət 1919-cu ildə Bakı Dövlət Universitetini açmışdı və M.Ə.Rəsulzadə onun açılışında nitq söyləmişdi. Bəs bu universitet hansı dildə ali təhsil verməli idi?

 

Proqramda belə hesab edilirdi ki, türk xalqları, o cümlədən, Azərbaycan türkləri ali təhsili ümumtürk dilində alacaqdılar. Bu, onların arzu və idealı idi. Bəs ümumtürk dili deyəndə Müsavat ziyalıları nə başa düşürdülər? Onlar bu məfhum altında birmənalı şəkildə Osmanlı ədəbi dilini nəzərdə tuturdular.

 

Xatırladaq ki, bu gün Osmanlı ədəbi dilindən heç kəs istifadə etmir. Türkiyədə Atatürkün rəhbərliyi zamanı aparılan dil islahatı sayəsində minlərlə ərəb və fars sözləri ədəbi dildən çıxarılıb, onların əvəzinə anlaşıqlı türk sözləri daxil edildi. Eləcə də yeni sözlər yaradıldı. Bu gün İstanbulda orta təhsil alan, qəzet oxuyan türklərin özləri Osmanlı ədəbi dilini yaxşı bilmirlər. Bu faktın özü Azərbaycanda fəaliyyət göstərmiş Osmanlı ədəbi dili və ya ümumtürk dili tərəfdarlarına ən yaxşı cavabdır.

 

Lakin qeyd etməliyik ki, Osmanlı ədəbi dilinin XX əsr mətbuatında, tərcümə üslubunda geniş işlədilməsi Azərbaycan ədəbi dilinin elmi üslublarının təşəkkülünə böyük təsir göstərmişdir. Dillər qohum və yaxın olduğundan İstanbul ədəbi dilinin elmi üslubuna, kitab və  tərcümə dilinə məxsus sintaktik strukturları Azərbaycan dilinə də keçmişdir.

 

Ana dili barədə mübahisələrdə iştirak edən üçüncü qrup ziyalılar Qori Müəllimlər Seminariyasını bitirmiş ziyalılar, xüsusilə ana dili müəllimləri idilər. Onlar nə fars dilini, nə də Osmanlı ədəbi dilini çox da əsaslı bilmirdilər. Həm də bu amil onları ana dili konsepsiyasını müdafıə etməyə sövq edirdi.

 

Bu ziyalılar qrupu sovet dövründə mollanəsrəddinçilər adlandırılırdı. Onlar adıçəkilən jurnal ətrafında toplaşdığından və bu cərəyanın əsas məfkurəçisi Mirzə Cəlil olduğundan ana dili tərəfdarlarına belə ad verilməsi ədalətlidir. Lakin nəzərə alınmalıdır ki, ana dili konsepsiyasını müdafıə edənlər sırasında Qoridə təhsil almamış Mirzə Ələkbər Sabir kimi çoxlu sayda digər ziyalılar da var idi.

 

Mirzə Cəlil özü də Qori Müəllimlər Seminariyasını bitirmiş böyük ziyalı, istedadlı ədib idi. Onun "Molla Nəsrəddin”in ilk nömrəsində yazdığı "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım” cümləsinin özü bir ədəbi manifest idi. "Müsəlman qardaşlarım” ifadəsini elmi dilə çevirəndə bu xalqçılıq, demokratiklik, çoxluğa müraciət demək idi. Mirzə Cəlil jurnalının elə birinci nömrəsindən bilinirdi ki, onun naşiri xalqa üz tutur, xalq üçün, onun maariflənməsi və müasirləşməsi üçün çalışır.

 

Ədib məsələnin köklü əhəmiyyətini nəzərə alaraq ana dili məsələsinə və xalqımızın taleyi probleminə həsr olunmuş konseptual səciyyəli "Anamın kitabı” (1917) pyesini yazmışdır. Burada Mirzə Cəlil ana dili anlayışını insan ağlı üçün müqəddəs olan ana məhəbbəti ilə eyni müqəddəslik səviyyəsinə qaldırır. Bu əsər bədii formada yazılmış estetik-siyasi və fəlsəfı doktrinadır. Əsərdə Azərbaycan dilinin həm islamçı, həm də ümumtürk konsepsiyaları kəskin tənqidə məruz qalır və gülüş obyektinə çevrilir.

 

Məlumdur ki, Qori Müəllimlər Seminariyasını bitirənlərin hamısı xalqçı idi. XIX əsrin sonunda Rusiyada ən qabaqcıl estetik-siyasi cərəyan xalqçılıq idi və rus dilində təhsil almış mollanəsrəddinçilər, maarifçi müəllim və ziyalılar Rusiyada rəsmi dövlət məfkurəsi olan slavyançılığa da yaxın idilər. Slavyançılıq elə xalqçılığın çar hökuməti tərəfındən istifadə olunan rəsmi variantı idi. Çar hökumətinin rəsmi ideoloqları slavyançılığı rus xalqının dünyada xüsusi tarixi missiyası barədə provaslov kilsəsindən gəlmə mistik ideya ilə, həmçinin Osmanlı imperatorluğu tərkibində olan slavyan xalqlarının azad edilməsi siyasəti ilə bağlayırdılar.

 

Amma Rusiyanın raznoçin xalqçıları üçün xalqçılıq ideyaları inqilabi məzmun daşıyırdı. Raznoçin xalqçılar - Belinski, Dobrolyubov, Pisarev və b. ilk növbədə Rusiyada köləliyin, təhkimçiliyin ləğv edilməsinə çalışır və fransızca oxuyub danışan rus zadəganlarını satqın və xalqa qarşı xəyanətkar sayırdılar.

 

Nəzərə almalıyıq ki, mollanəsrəddinçilər rus raznoçinlərinin rus dilinin ölkədə statusu ilə bağlı zadəganlar və çar sarayı ilə mübarizələrindən xəbərdar idilər. Ona görə Azərbaycan ədəbi dilinin necə inkişaf etməsi, necə və hansı üslubda yazmaq məsələsi ortaya çıxanda onlar rus xalqçıları kimi beşikdən eşitdikləri, analarından öyrəndikləri sadə xalq dilini müdafiə edir və bu dildə yazmağı da böyük hünər, xalq qarşısında xidmət hesab edirdilər.

 

Ana dili tərəfdarlarını Osmanlı təhsilli ziyalılardan məişət cəhətdən də müəyyən əlamətlər ayırırdı. Qori seminariyası müdavimləri, bir qayda olaraq, rus məmurları kimi geyinir, onları təqlid edir və onlara oxşamağa çalışırdılar. Ruhani ziyalılar islam qaydaları ilə geyinirdilər və davranırdılar.

 

İstanbul universitetlərindən qayıdan ziyalılar isə Osmanlı məmurları kimi geyinir, fəs qoyur, osmanlı sözləri işlətməklə danışırdılar. Onların çoxu məişətdə təvazökar davranmır, özlərini yerli ziyalılardan yüksək və savadlı tuturdular ki, bunlar Ü. Hacıbəyovun "O olmasın, bu olsun” komediyasında da öz əksini tapıb.

 

İstanbul Universitetini bitirən ziyalılar Türkiyədən gəlib məktəblərdə ana dili müəllimləri, qəzetlərdə redaktor və korrektor kimi çalışırdılar. Lakin onların çoxu mətbuata süni olaraq Osmanlı ədəbi dilini gətirir və bununla mübahisələr üçün meydan açırdılar.

 

Beləliklə, ana dili barədə polemikaların kökləri gedib ziyalıların məişətinə, geyiminə və davranışına qədər çıxırdı. Mətbuatda gedən polemikalarda, bir qayda olaraq, qarşılıqlı hörmət gözlənir, qarşılıqlı təhqirlərə yol verilmirdi.

 

Azərbaycan ədəbi dilinin ana dili konsepsiyası isə iki əsas tarixi amil nəticəsində üstünlük qazandı. Onlardan birincisi Azərbaycan ədəbiyyatını yaradan əsas ədəbi qüvvələrin - H.Zərdabi, N.Nərimanov, N.Vəzirov, C.Məmmədquluzadə, Ü.Hacıbəyov, Seyid Hüseyn, Tağı Şahbazi, S.S.Axundov, C.Cabbarlı və başqalarının məhz bu dildə yazıb-yaratmaları idi. Mətbuat polemikaları mətbuatda qaldı, ana dili isə maarifçi və milli-demokratik mətbuatın və ədəbi prosesin əsası olaraq formalaşdı.İkinci amil isə 1920-ci ildə hakimiyyətin bolşeviklərin əlinə keçməsi idi. Bolşevik İnqilab Komitəsi hakimiyyəti aldıqdan dörd ay sonra, 1920-ci ilin 16 avqustunda, yəni onların  hakimiyyəti zamanı ilk dərs ili başlanmazdan əvvəl "Birinci və ikinci mərhələ məktəblərində dillərin tədrisi haqqında”  N.Nərimanovun imzası ilə Dekret verdilər.

 

Həmin dekretin birinci bəndində elan edilirdi ki, birinci və ikinci mərhələ (yəni birdən beşə və beşdən on birinci sinfə  qədər) məktəblərində təhsil dili şagirdlərin ana dilidir. Bolşeviklərin bu Dekreti ilə ilk dəfə olaraq ana dilimiz ölkədə ümumi təhsil dili statusu aldı. Bu, tarixi hadisə və dönüş idi.

 

Bugünkü, demokratik Azərbaycanın bütün milli-mənəvi dəyərlərinin ilk göstəricisi olan ana dilimiz tarixən çox keşməkeşli dövrlərin tarixi sınaqlarından keçərək xalqın, millətin varlığı, onun milli mədəniyyətinin yaşayıb zənginləşməsi, gələcək nəsillərə ləyaqətlə ötürülməsi naminə özlərini həsr edən ziyalı övladların cidd-cəhdi ilə müxtəlif mərhələlərdən adlayıb bu günümüzədək gəlib çatmışdır.

 

Bu  gün isə Azərbaycan dili dünya azərbaycanlılarının etibarlı ünsiyyətinə, milli-mənəvi varlığımızın, tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin sarsılmaz qalasına, Dövlət siyasətimizin ovxarına, qüdrətli silahına çevrilmişdir.

 

Doğma ana dilimizin milli taleyini yenidən yaratmış xalqın sadiq övladı və sadiq xalq başçısı Heydər Əliyevin ana dilimizi mükəmməl bir konsepsiya kimi müəyyənləşdirməsi bütöv bir xalqın, dövlətin milli varlığının nailiyyəti oldu.

 

2018-ci il, noyabrın 1-də Azərbaycan dilinin qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı milli tərəqqimizə xidmət edən ana dilimiz, onun geniş imkanlarının təkmilləşdirilməsi, cilalanması, saflaşdırılması, dünyamızın qloballaşdığı bir zamanda onun normalarına əməl edilməsi, Azərbaycan dilindən istifadə olunması məsələlərinin diqqətdə saxlanılması günümüzün ən zəruri, vacib məsələsi kimi diqqət mərkəzinə gətirdi.

 

Dövlət rəhbərimizin bu qürurgətirən fərmanı zəngin milli varlığımızın qalası, dünyaya Azərbaycan həqiqətlərini bəyan edən təfəkkürümüzün ovxarı, milli mədəniyyətimizin sarsılmaz sütunu olan doğma ana dilimizə hörmət və ehtiramımızı, məhəbbətimizi artırır, onun saflığını qorumaq, gələcək nəsillərə ləyaqətlə ötürmək üçün hər bir ziyalını, alimi, müəllimi, vətəndaşı bu son dərəcə vacib məsələnin həlli üçün səfərbər edir.

 

Nurlana ƏLİYEVA,

Bakı Slavyan Universitetinin rektoru, professor

 

 

İcmal.Az

RƏYLƏR