Anasına zorlamaq istəyəni bıçaqlayan şəxsə hökm oxundu

OXUNUB: 663 HADİSƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qubada 52 yaşlı qadına təcavüzə cəhd etməkdə təqsirli bilinən 33 yaşlı Bəhruz Paşayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İcmal.Az Trend-ə istinadən xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə B.Paşayev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

B.Paşayev Cinayət Məcəlləsinin 29.149-cu (zorlamaya cəhd) və 157.1-ci (mənzildə yaşayanın iradəsinə zidd olaraq mənzilə daxil olma) maddələri ilə ittiham olunub.

İttihama görə, Quba rayonunun Mirzəqışlaq kəndində, kənd sakini Bəhruz Paşayevlə qonşusu, 52 yaşlı Samirə Məmmədova arasında şəxsi zəmində münaqişə baş verib. B.Paşayev həmin vaxt sərxoş olub və S.Məmmədovaya təcavüz etmək istəyib. Bu zaman Samirə Bəhruzun üzərinə qaynar su töküb. O, Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. B.Paşayevə cərrahiyyə şöbəsində yardımlar göstərilərkən gecə saatlarında özünü onun yaxını kimi təqdim edərək xəstəxanaya daxil olan Vidadi Məmmədov sarğı otağında ona 6 bıçaq zərbəsi vuraraq ağır bədən xəsarətləri yetirib. Yaralı üzərində 6 saat cərrahiyyə əməliyyatı aparıldıqdan sonra onun həyatını xilas etmək mümkün olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Məmmədovanın oğlu V.Məmmədov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

İcmal.Az

RƏYLƏR