AP üzvləri Ermənistandan mülki əhalini hədəfə almağı dayandırmağı tələb ediblər

OXUNUB: 1109 SİYASƏT

Avropa Parlamentinin üzvləri fransalı Rəşidə Dati, sloveniyalı İvo Vayql və latviyalı İveta Qriqule Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat barədə mətbuata açıqlama veriblər.

İcmal.Az-ın Trend-ə istinadla məlumatına görə, parlamentarilər Ermənistandan zorakılığı dayandırmağı və mülki şəxsləri hədəfə almamağı tələb ediblər: "Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində iki mülki şəxs həlak olub. Biz qurbanların ailə üzvlərinə dərin hüzünlə başsağlığı verir və bütün Azərbaycan xalqına dəstəyimizi bəyan edirik”.

Qeyd olunur ki, günahsız insanların ölümü, qeyri-insani akt dayandırılmalıdır. Münaqişənin həllində beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmalıdır. Zorakılıq heç vaxt həll yolu ola bilməz.

Açıqlamada bildirilir ki, ATƏT-in Minsk qrupu tərəflərdən hərbi aktları dayandırmağı tələb edir: "Biz isə ATƏT-dən mülki əhalinin müdafiəsi, eləcə də, Azərbaycanın ərazi bütövlüyünə riayət edilməsi istiqamətində daha konkret öhdəlik götürməsini tələb edirik”.

Parlamentarilər Ermənistandan əsassız və qeyri-qanuni siyasi tələblər üçün mülki əhalini hədəfə almağı tez bir zamanda dayandırmağı tələb ediblər.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

İcmal.Az

RƏYLƏR