“Aqrar Tədarük və Təchizat” ASC kənd təsərrüfatı məhsullarının ixracının təşviqi istiqamətində təlimlərə başlayıb

OXUNUB: 97 İQTİSADİYYAT
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat” ASC kənd təsərrüfatı məhsullarının ixracının təşviqi istiqamətində fermerlər arasında maarifləndirmə tədbirləri keçirir.

Təlim formatında keçirilən tədbirlərə 5 hektardan artıq torpaq sahəsinə malik, tərəvəz əkini və ya bağçılıqla məşğul olan fermerlər cəlb olunur. Təlimlərdə məqsəd fermerləri kənd təsərrüfatı məhsullarının ixracı prosesi barədə məlumatlandırmaq, onların bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirməkdir. 

Azərbaycanın altı bölgəsində keçirləcək təlimlərə bu gün Qax rayonunda start verilib. Qax Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən ixraca təşviq təliminə yerli fermerlərlə yanaşı, Şəki, Zaqatala və Balakən rayonlarından olan kənd təsərrüfatı məhsullarının istehsalçıları qatılıblar. Təlim zamanı fermerlərə məhsul ixracı prosesinin təşkili, bu sahəyə dair qanunvericilik, xarici ölkələrdə idxal olunan kənd təsərrüfatı məhsulları ilə bağlı müəyyən olunmuş standartlar, logistika işinin təşkili və s. mövzular barədə ətraflı məlumat verilib. 

Bu istiqamətdə növbəti təlim martın 4-də Quba rayonunda keçiriləcək. Regionlar üzrə təlimlərin martın 15-də yekunlaşması nəzərdə tutulur.

RƏYLƏR