"Artıq bölgəyə kənardan müdaxilə etmək qeyri-mümkündür" - POLİTOLOQ ŞƏRH ETDİ

OXUNUB: 377 SİYASƏT
"Cənab Prezident "gorbagor" oldu status ifadəsini 44 günlük müharibənin həmən ardından işlətməyə başladı və sözünün üstündə dayanır". Bunu SİA-ya açıqlamasında politoloq Nadir Şəfiyev deyib.

Onun sözlərinə görə, məsələyə obyektiv yanaşaq: "Bir ölkədə ki, müxtəlif milli azlıqlar var və onlar özlərini azərbaycanlı kimi qəbul edirlər. Azərbaycan vətəndaşlığını qəbul edib, azərbaycanlı kimi yaşayırlar. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşür. Belə olan halda təqribən 20 min, maksimum 23 min erməni qalıbsa, Azərbaycanda onlar üçün ayrıca status verilməsi nə qədər məqsədəuyğundur. Nə qədər düzgün, nə qədər məntiqə uyğundur? Əlbəttə ki, məntiqə uyğun deyil.

Nadir Şəfiyev bu haqda fikrini belə izah edib: "Digər tərəfdən hamıya aydındır ki, bundan əvvəl Ermənistan Azərbaycan ərazilərini işğal etmişdi. Qalib tərəf idi. Qalib tərəf kimi bizə diqtə edirdi. Biz məcburiyyət qarşısında nəyləsə barışıb güzəştə getməyə hazır idik. Azərbaycan ərazisində Qarabağın statusu ilə bağlı təkliflər irəli sürürdük. Amma Ermənistan bizimlə razılaşmırdı. Bizimlə danışıqlara getmirdi. Torpaqlarımızı qaytarmırdı. Hətta, statusun verilməsi müqabilində torpaqlarımızı azad etmirdi. Əgər bundan sonra Azərbaycan təqribən 3 min şəhid veribsə, əgər bundan sonra Azərbaycan minlərlə oğlunun fiziki qüsurlu müharibəni başa vurmasını izləyibsə, yəni minlərlə oğlumuz müharibədə torpaqlarımızın azadlığı uğrunda sağlamlığından keçibsə və bundan sonra Azərbaycanın bütün ərazilərinə nəzarət ediriksə, bundan sonra hansı statusdan söhbət gedə bilər? Hazırda Dağlıq Qarabağın statusu ilə bağlı söhbətləri aparan daha çox bəzi xarici dövlətlərdir. Bu da aydındır. Məlum olduğu kimi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradıldı. Minsk qrupunda 11 ölkə var. Onlardan 3-ü BMT-nin təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu 3 dövlət, o cümlədən digər 8 dövlət , o cümlədən onların təmsil etdiyi təşkilat bu münaqişənin həllində heç bir müsbət rol oynamadılarsa, onların indi yenidən bu məsələyə qayıtmasından nə lüzum ola bilər. Burada məsələ geosiyasi mübarizədir. Hamıya məlumdur ki, Qafqaz çox böyük geostrateji önəmə sahibdir. Qafqazın aparıcı dövləti məxsusi olaraq Azərbaycandır. Bu hamıya məlumdur. İstər geostrateji baxımdan, istərsədə hazırkı iqtisadi, siyasi, hərbi vəziyyətinə görə Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətdir. Belə olan halda bu bölgədə nəzarəti əldən vermək istməyən super dövlətlər var. Bu dövlətlər içərisində əlbəttə, Amerika, Fransa və nisbətən kənarda kimi görünsə də Almaniya var. Bütövlükdə isə qərb bu baxımdan maraqlıdır. Bunlar indi anlayırlar ki, onların nəzarətindən Cənubi Qafqaz çıxıb. Cənubi Qafqazda əsas rol oynayan 3 dövlət var. Bu şübhəsiz, süper güc kimi Rusiyadır. Regional güc kimi Türkiyədir və bu güclərin nisbətini müəyyənləşdirən və Qafqazda öz müstəqil siyasəti ilə seçilən Azərbaycandır. Artıq bu bölgəyə kənardan müdaxilə etmək qeyri-mümkündür. Dəfələrlə cənab prezidentin vurğuladığı, Rusiya prezidentinin, Türkiyə prezidentinin vurğuladığı infrastruktur layihələri icra olunmağa başlayarsa, regionun nə qədər böyük potensialı olacaq və region sürətlə inkişaf edəcək. Qərb dövlətləri bunu həzm edə bilmirlər. Çünki region onlardan kənarda inkişaf etməyə başlayır. Bu məsələdə zahirən onlarla bir olmasada, Qafqazda onlarla bir olan qüvvə var. Bu qüvvədə Ermənistan baş naziri və onun komandasıdır. Bu gün məcburiyyət qarşısında hansısa məsələni göz önünə alıb, Azərbaycanla danışığa getməyə hazır olduqlarını Paşinyanın cənab Prezident ilə görüşməyə hazır olduqlarını deyirlər. Amma Paşinyanın ipini üstünə odun yığılması deyil. Buna rəğmən Paşinyanın ipini əlində saxlayan Kremildir. Və Kremil də bunu təkbaşına həyata keçirə bilmir. Ona görə də Azərbaycan ilə, Türkiyə ilə həmrəydir. Hazırda Ermənistanın da bu məsələdə başqa çıxış yolu yoxdur.

Doğrudan da, bu gün Ermənistanda Dağlıq Qarabağın statusu ilə bağlı ancaq müxalif qüvvələr danışır. Deputatlar və digər siyasətçilər danışır. Burada da məqsəd o deyil ki, onlar bu statusu almaq istəyirlər. Onlar da başa düşür ki status filan olmayacaq. Sadəcə olaraq, bu Paşinyana olan bir təsir mexanizmidir. Odur ki, söylənilən məsələ əsil gündəmdir. Reallıqda artıq status məsələsi bitib. ATƏT-in Minsk qrupun yenidən bu bölgəyə qayıtmaq istəyirsə, bunu cənab Prezident də deyib onlar bölgəyə ancaq bir məsələ üçün gələ bilər. İki ölkə arasındakı düşmənçilik ritorikasını, iki ölkə arasındakı düşmənçilik siyasətini aradan qaldırmaq, Ermənistan ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın təmin olunmasına çalışmaq və məxsusi olaraq Azərbaycan ilə Ermənistan arasında uzunmüddətli sülhün yaratmaq üçün gələ bilərlər. Bunun üçün də nə lazımdır? Sərhədlərin delimitasiyası və demarkasiyası həyata keçirilməli, iki dövlət bir-birinin ərazi bütövlüyünü tanımalıdır. İki ölkə bir-birinin ərazisini tanımaq və bir-birinə hücum etməmək barədə müqavilə imzalamalıdır".

RƏYLƏR