AŞ PA-nın sabiq sədri: "İctimai təşkilatlar məni Azərbaycanı və ayrı-ayrı deputatları ittiham etməyə çağırırdılar"

OXUNUB: 720 index-manşet SİYASƏT

"İctimai təşkilatlar məni Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) bəyanatla çıxış etməyə, Azərbaycanı və ayrı-ayrı deputatları ittiham etməyə çağırırdılar".

İcmal.Az-in məlumatına görə, bunu Ukrayna mətbuatına müsahibəsində AŞ PA-nın keçmiş sədri Ann Brassör qurumun korrupsiya ilə bağlı hesabatını şərh edərkən deyib.

A.Brassör bir müddət əvvəl təşkilatda irimiqyaslı korrupsiya barədə söz-söhbətlərin olduğunu qeyd edib:

"Mən birinci hesabatı yaxşı xatırlayıram. Orada maraqlı məqamlar olsa da, sübutlar yox idi. Sübut olmayanda isə ehtiyatlı olmaq lazımdır. İctimai təşkilatlar məni AŞ PA-da bəyanatla çıxış etməyə, Azərbaycanı və ayrı-ayrı deputatları ittiham etməyə çağırırdılar. Mən bundan imtina etdim, çünki bu, çox təhlükəli yoldur”.

Qeyd edək ki, bir müddət əvvəl Strasburqda AŞ PA-da korrupsiya iddialarını araşdıran Müstəqil Kənar İstintaq Orqanı (IBAC) Assambleya Bürosuna öz məruzəsini təqdim edib. İstintaq Orqanı Azərbaycana qarşı korrupsiya iddiaları ilə bağlı heç bir fakt aşkarlamayıb və son nəticədə təşkilatın ölkəmizlə əlaqədar fəaliyyətində AŞ PA deputatlarının, xüsusilə məruzəçilərinin işində neytrallıq tələblərinin pozulmadığı qənaətinə gəlib.

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov öz bəyanatında bildirmişdi ki, AŞ PA-da növbəti antiazərbaycan kampaniyasının başlanması heç də təəccüblü görünmür və təsadüfi xarakter daşımır: "Qərbdə Azərbaycana qarşı ardıcıl və məqsədyönlü şəkildə fəaliyyət göstərən dairələr, onların nəzarətində olan təşkilatlar və media ölkəmizdə keçirilən mühüm tədbirlər ərəfəsində daha da fəallaşır və ciddi-cəhdlə həm Azərbaycanı, həm də həmin tədbiri qaralamağa çalışırlar. Məlumdur ki, 2018-ci il başlayandan Azərbaycan bir çox beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etmiş, ölkənin həyatında mühüm əhəmiyyət kəsb edən hadisələr baş vermişdi. Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ekspertlərin tam əksəriyyəti tərəfindən İlham Əliyevə etimad referendumu kimi dəyərləndirildi".

İcmal.Az

RƏYLƏR