Aslan İsmayılovun Mingəçevirlə bağlı paylaşımına RƏSMİ CAVAB: "ƏRAZİ ÖZƏLLƏŞMƏYİB"

OXUNUB: 757 index-manşet HADİSƏ
7NEWS.az xəbər verir ki, tanınmış hüquqşünas Aslan İsmayılov öz rəsmi profilində Mingəçevir şəhəri ilə bağlı ciddi problem paylaşıb. Yazıda qeyd olunur ki, Mingəçevir şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin ərazisi özəlləşdirilib, yerində obyektlər tikiləcək və xan çinarları kəsiləcək: "İzləyici şəkilləri göndərib yazır: "Eşitdiyimə görə Mingəçevir şəhər Gigiyena və Epidemologiya Mərkəzi özəlləşdirilib yerində obyektlər tikiləcək. Bu park düz şəhərin mərkəzində, diş poliklinikasının önündə yerləşir. Kim tikirsə xeyirli olsun. Amma o ərazidə yüzlərlə 25-30 illik xan çinarları var və onları məhv edəcəklər. Amma icra hakimiyyəti o ərazini park, uşaqlar üçün meydança edə bilər. Bura şəhərin mərkəzində 2 hektara qədər ərazidi və universitetin yanıdır. Eşitdiyimə görə mağazalar tikmək istəyirlər". Mingəçevirdə yaşayanlardan bu ərazini diqqətdə saxlamalarını xahiş edirəm."
7NEWS.az olaraq Mingəçevir Şəhər İcra Hakimiyyəti və Mingəçevir şəhər Gigiyena və Epidemologiya Mərkəzi ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən bildirdilər ki, sözügedən ərazinin özəlləşdirilməsi barədə onlara heç bir məlumat daxil olmayıb. Əlavə olaraq bildirildi ki, dövlət əmlakının özəlləşdirilməsi prosesi İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində deyil. Bu barədə qurumun rəsmisi Tofiq Əsgərov bildirdi ki, bu kimi əsassız məlumatların yayılması şəhərdə aparılan irimiqyaslı abadlıq və quruculuq işlərinə kölgə salmaq məqsədi daşıyır: "Son bir il ərzində Mingəçevir şəhərində dörd yeni park salınıb, minlərlə ağac əkilib, yeni yaşıllıq zolaqları yaradılıb və bu proses bundan sonra da davam edəcək"
Mingəçevir şəhər Gigiyena və Epidemologiya Mərkəzinin direktoru Validə Məmmədova isə sorğumuza verdiyi açıqlamada bildirdi ki, Aslan İsmayılova səhv məlumat veriblər: "Bu qurumun direktoru mənəm, bütün hüquqi sənədlər isə məndədir. Hüquqi olaraq bu ərazi Səhiyyə Nazirliyinin balansındadır. Burada hər hansı özəlləşmədən söhbət gedə bilməz. Bu ərazi bizim Mərkəzin nəzdindədir, nəinki ağaclar kəsiləcək, əksinə gələcəkdə yeni yaşıllıq zolaqların salınmasını planlaşdırıq"

RƏYLƏR