“Aşqabat - 2017”də iştirak edən azərbaycanlılar yüksək peşəkarlıqları ilə fərqləniblər.

OXUNUB: 873 İDMAN
Bildiyimiz kimi 17-27 sentyabr tarixlərdə Türkmənistanın paytaxtı Aşqabat şəhərində ¬"Qapalı məkanlarda və Döyüş növləri üzrə V Asiya Oyunları” keçirildi. Oyunlarda 64 ölkədən 4000-ə yaxın atlet iştirak etmişdir. Məlumat üçün bildirim ki, bu həcmdə böyük yarışlara ev sahibliyi etmək Türkmənistan üçün bir ilk idi və yarışları medal sayına görə Türkmənistan I yerdə başa vurdu.
Sözügedən yarışlarda Azərbaycan ölkə olaraq iştirak etməsə də, azərbaycanlı mütəxəssislər yarışların təşkilində iştirak etmişlər. Qeyd edim ki, azərbaycanlı mütəxəssislər yarışların həm əməliyyat komitəsinin fəaliyyətində, həm də Açılış və Bağlanış mərasimlərinin təşkilində iştirak etmişlər. 20 nəfərə yaxın həmyerlimizin iştirakı ilə təşkil olunan məlum Oyunlarda Açılış Mərasimi 17 sentyabr, Bağlanış Mərasimi isə 27 sentyabr tarixinə təsadüf etmişdir.  
Sevindirici haldır ki, artıq Azərbaycanlı mütəxəssislər dünyanın başqa ölkələrində keçirilən beynəlxalq yarışlara mütəxəssis olaraq dəvət olunurlar və onların təşkilatçılıqlarına ehtiyac duyulur. Bildiyimiz kimi, belə həcmdə yarışların təşkili üçün həm xüsusi Komitəsi yaradılır, həm də Açılış və Bağlanış Mərasimlərinin təşkili üçün bu sahə üzrə ixtisaslaşmış şirkət dəvət olunur. "Aşqabat - 2017”nin Açılış və Bağlanış Mərasimlərinin təşkili üçün dünyada olduqca məhşur olan və bu kimi olimpiadaların mərasimlərini təşkil etmiş "BALICH WORLDWIDE SHOW” (BWS) şirkəti dəvət olunmuşdu. Məlumat üçün bildirim ki, BWS bundan əvvəl Torino 2006, London 2012, Soçi 2014, Rio 2016 Olimpiya Oyunlarının Açılış və Bağlanış Mərasimlərini və onlarla dünya çempionatlarının, xüsusi layihələrin şoularını təşkil etmişdir. Bu dünya şöhrətli və peşəkarların çalışdığı BWS heyətinin arasında artıq azərbaycanlılar da var. Bir neçə gün əvvəl Azərtac informasiya agentliyinə müsahibəsində V Asiya Oyunlarının açılış və bağlanış mərasimlərinin kreativ direktoru Fransisko Neqrin bildirmişdir: "Azərbaycanlı mütəxəssislərlə əməkdaşlıqdan çox məmnunam, onlar öz peşəkarlıqları, dünya görüşləri və kreativ ideyaları ilə digərlərindən fərqlənirlər. Azərbaycan irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Həmin mütəxəssislər Bakıda təşkil olunan ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarında böyük təcrübə keçiblər. İrimiqyaslı idman tədbirlərinin təşkilində digər ölkələrin azərbaycanlı mütəxəssislərə müraciət etməsi çox sevindiricidir”.
Bu sözlərin isə məntiqi səbəbi vardır. Hamımıza məlumdur ki, elə bir il yoxdur ki, Azərbaycanda beynəlxalq tədbirlər, yarışlar keçirilməsin. Beynəlxalq yarışların ev sahibliyini əldə etmək uzun inkişaf yolu tələb edir. Cənab Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti olduqdan sonra Azərbaycan bu yolu qısa müddətdə qət edibdir. Bu səbəbdəndir ki, ölkəmiz müvəffəqiyyətlə Avropa, dünya çempionatlarına, qitə yarışlarına ev sahibliyi etmişdir. Azərbaycan bu yarışlar vasitəsi ilə özünün müstəqilliyində qazandığı nailiyyətləri dünyaya göstərmişdir. Hər il Azərbaycanın beynəlxalq hadisələrin mərkəzinə çevrilməsi dünya birliyinin, o cümlədən beynəlxalq təşkiatların bu ölkəyə olan etibarından xəbər verir. Azərbaycan etibarlı tərəfdaş olmağını artıq çoxdan sübut etmişdir. Siyasi sabitliyimiz, multikultural dəyərlərə sahib olmağımız və xalqımızın dözümlülük həyat tərzi bu nailiyyətləri bizə bəxş etdirir. Azərbaycanın beynəlxalq layihələrə, çempionatlara, o cümlədən qitə yarışlarına ev sahibliyi etməsi eyni zamanda yerli mütəxəssislərin hazırlanmasında əvəzsiz rol oynamışdır. Xüsusən, I Avropa Oyunlarından sonra yerli menecerlərimiz Türkiyənin Antalya şəhərinə, Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə, Qazaxıstanın Astana şəhərinə  və bir çox belnəlxalq tədbirlərə dəvət olunmuş, müvəffəqiyyətlə fəaliyyət göstərmişlər. Azərbaycanlı mütəxəssislərin dəvət aldığı ən son layihələrdən biri də yuxarıda qeyd etdiyim kimi, bu yaxınlarda başa çatmış V Asiya Oyunları olmuşdur. Hesab edirəm ki, hər bir beynəlxalq dərəcəli mütəxəssis eyni zamanda öz ölkəsinin simasıdır və öz ölkəsinə maliyyə vəsaiti gətirən təmsilçisidir. 
Belə uğurlu idman siyasəti ilə inanıram ki, Azərbaycan növbəti illərdə Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək şansını qazanacaq və Olimpiya Oyunlarını yerli mütəxəssislər təşkil edəcəklər. Yerli mütəxəssislərin inkişafı yolunda cənab Prezident İlham Əliyevin, Avropa və İslam Oyunları Təşkilat Komitələrinin sədri, birinci xanım Mehriban Əliyevanın əvəzsiz rolu olmuşdur. Məhz bu yarışları ölkəmizə gətirən və onun ən yüksək səviyyədə təşkilinə səbəb olmuş İlham Əliyev və Mehriban Əliyeva bu addımları ilə ölkəmizin ilk olaraq gənclərinə, o cümlədən gələcəyinə böyük sərmayə qoymuşlar. Cənab Prezident İlham Əliyevin çıxışlarında bildirdiyi kimi həqiqətən də, Azərbaycanın neft kapitalı İnsan kapitalına yönəldilir və bugünkü günümüzdə biz bunun şahidi oluruq. Respublikamızın illər əvvəl yarışlara sərf etdiyi vəsaitlər daha dəyərli formada insan kapitalı vasitəsilə qeri qayıdır.
Bir sözlə, ölkəmiz dünyaya öz mütəxəssislərini, düşünən beynlərini bəxş edir. Bugün dünya bazarında Azərbaycan təbii resursları ilə bərabər bilikli, savadlı və təcrübəli insan resursları ilə də güclü rəqabət aparan ölkələrdəndir.

Şəmsi Gülverdi
V Asiya Oyunlarının kütləvi qrup koordinatoru
 
İcmal.Az

RƏYLƏR