Ağsu rayonunda hüquq boşluğu ...

OXUNUB: 697 SOSİAL
Ağsu rayonuna yeni məhkəmə hakiminin hələ də təyin olunmaması ciddi məhkəmə-hüquq böhranına nədən olub.

Ölkə başçısının 03 aprel 2019 -cu il tarixli məhkəmə -hüquq sistemində islahatlar haqqında məlum fərmanı da xeyli vaxtdır "məhkəməsiz qalan” rayona hakim təyinatını gerçəkləşdirməyib. Sadəcə, Şamaxı rayon məhkəməsinin hakimi Etibar Hümbətov həftədə bir -iki gün əvəzçiliklə Ağsu rayon məhkəməsinin " hakim əvəzi” səlahiyyətlərini icra edir. Təsəvvür edin, 2 rayon məhkəməsinin bir hakimi var!? 10 il öncənin statistikası Şamaxı rayonunda 91 mindən çox, Ağsu rayonunda 77 mindən çox əhalini qeydə alıb . Başqa sözlə, 170 min insan bir hakimə möhtacdır!
Məhkəmə hakimiyyətinin yoxluğu mübahisələrin obyektiv çözümü bir yana qalsın, ümumiyyətlə çözülməsinə gətirib çıxarır və insan hüquqlarının qorunmasında əngələ çevrilib. Gerçəkdə Ağsu rayonunda məhkəmə-hüquq boşluğu yaranıb. Bir il qabaq sahibkar Sabir Mustafayevin yanan çörək sexinə dəyən 190 min manatlıq ziyanın sığortaçısı olduğu "Azsığorta" şirkəti tərəfindən hələ də ödənilməməsinə polis və prokurorluq "mülki mübahisə” bəhanəsilə hüquqi qiymət verilməsini təmin etmir. Məhkəmə isə yoxdur! ! Bu hüquqi özbaşınalıq ("bespredel”) deyilmi? Başqa bir sahibkar əmək müqaviləsi ilə işə götürdüyü sürücü ekspeditorunun etibar edilən malını talamasından polisə şikayət edib və polis obyektiv araşdırma apararaq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179 -cu maddəsi ("Özgə əmlakını talama ") üzrə araşdırmanın Cinayət Prosessual Məcəllənin (CPM) tələbinə uyğun olaraq prokurorluğun səlahiyyətlərinə aid olması nədəni ilə prokurorluğa göndərib. Şübhəli şəxs polisə verdiyi izahatında təqsirini boynuna alıb və hətta notarial qaydada min manat ödəməklə qalan məbləği də hissə-hissə ödəməyə hazır olduğunu bildirib. Di gəl, Ağsu rayon prokurorluğunun müstəntiqi Amin Şəkərəliyev şübhəli şəxsin özünümüdafiə xarakterli izahatını "əsas” tutub və CPM-in 39.1.2 maddəsi , yəni əməldə cinayət tərkibinin olmaması ilə cinayət işi başlanılmasından imtina edib. Müstəntiqin "əsası” bu olub ki, şübhəli şəxs və bacısı izahatlarında ərizəçinin yalan izahat verdiyini bildiriblər. Şübhəli şəxsin polisdə verdiyi etirafedici izahata gəldikdə isə , "polisin onu aldadıb qol çəkdirdiyi "ni prokurorluğun müstəntiqi sübut kimi qəbul edib. Maraqlıdır ki, prokurorluğa izahatında da şübhəli şəxs talama faktını yarıbayarı azaltmaqla etiraf etsə də, müstəntiq bu faktı qərarında göstərib, amma xeyli miqdarda ziyan vurmaqla maddəsini tətbiq etməyib. Müstəntiqin şübhəli şəxsin yaxın qohumunun -bacısının izahatını əsas tutması da cinayət qanunvericiliyinə ziddir. Şübhəlilər özlərinin və yaxın qohumlarının izahatları ilə özlərini təmizə çıxaracaqlarsa, hansı haqq-ədalətdən qanunçuluqdan, istintaqdan , prokuror nəzarətindən danışmaq olar? Düzdür, müstəntiqin qərarından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və məhkəməyə şikayət etmək qanunun tələbidir, amma. ..
"Əmma” budur ki, Ağsu rayonunda məhkəmə binası olsa da, HAKİM axı yoxdur! Məhkəməyə ünvanlanan müraciətlər məhkəmə binasının divarlarına dəyib geri qayıdır. ..

RƏYLƏR