“Atam icra başçısı olmamışdan öncə müğənni olub” - “Ata ocağı”nın aktrisası - MÜSAHİBƏ

OXUNUB: 633 GÜNDƏM ŞOU-BİZNES

Gənc aktrisa Natəvan Abbaslı "Ölkə.Az”-ın suallarını cavablandırıb. 

-Natəvan xanım, istərdim söhbətimizə tanıtımla başlayaq...

-Aktrisa kimi fəaliyyət göstərirəm, həmçinin aparıcı kimi çalışıram. Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirmişəm. Fəaliyyətimə internet kanalında aparıcı kimi başlamışam, hazırda "Yeniçağ”da xəbər təqdimatçısıyam. Universitet vaxtlarından seriallara çəkilirəm. 

-Belə bir deyim var ki, ən yaxşı aktyorlar rejissorlardan olur. Rejissorluğu bitirib aktrisa kimi fəaliyyət göstərməyiniz bu düşüncədən irəli gəlir, yoxsa təsadüfən belə alınıb?

-Deməzdim ki, təsadüfən, yaxud o düşüncəylə belə alınıb. Mən universitetə sənəd verdiyim il həm aktyorluq, həm də rejissorluğun qabiliyyət imtahanından keçmək mümkün idi. Mən də hər iki ixtisasın qabiliyyət imtahanından keçmişdim. Ancaq sonda qərara gəldim ki, rejissorluq təhsili alım. Buna baxmayaraq, fikrimdə hər zaman aktrisalıq olub, rejissor olmağı düşünməmişəm.

-Bəlkə rejissorluğun adı daha prestijli görünüb deyə...

-Tam olaraq prestijlə bağlı deyil. Amma özünüz də vurğuladınız ki, rejissor özü də aktyorluğu bacarmalıdır. Ümumiyyətlə götürsək, bu iki peşənin tədrisində elə də kəskin fərqlər yoxdur. Yeri gəlmişkən deyim ki, universitetə yeni qəbul olduğum illərdə üçüncü və dördüncü kurs tələbələrinin tamaşalarında aktrisa kimi iştirak edirdim. Diplom işim Dostoyevskinin "Bəyaz gecələr” əsəri olub. Həmin əsərdə qrup yoldaşlarım çıxış edirdilər, özüm isə aktrisa kimi hətta xırda obrazda belə deyildim. 

-Diplom tamaşası hazırlamısınız, tələbə yoldaşlarınızın tamaşalarında rol almısınız. Nə əcəb  teatr istiqamətinə yönəlmədiniz? Ola bilərmi ki, serialların, kinonun teatrla müqayisədə daha tez populyarlaşdıra bilmək gücü sizi özünə çəkdi? 


-Populyarlıq bizim gördüyümüz işin bir hissəsidir. Biz istəsək də, istəməsək də, əgər ekrandayıqsa, bu, olacaq. Zövq məsələsinə gəlincə, tamaşa qurmaq çox maraqlı və zövqlü prosesdir. Sadəcə mən fərqinə vardım ki, oynamaq mənə daha çox zövq verir, nəinki qurmaq. 

-Xarakter və peşəni əlaqələndirərək bir sual vermək istəyirəm. Seçdiyiniz peşə rejissorluq, çalışdığınız sahə aktyorluqdur. Amma halbuki təhsil olaraq aktyorluğu seçmək imkanınız da olub. Bu, həm də xarakterdən irəli gəlirmi? Yəni bir şeyi istəyərək imtina edə bilmək...

-Əslində, bu, dəyişkən xarakterdən irəli gəlir. Bəlkə də aktyorluğu seçsəydim, bu gün rejissor kimi fəaliyyət göstərərdim. 

-Əfsanəvi sənətkar Rasim Balayevlə müsahibəmizdə soruşmuşdum ki, oynadığı obraz aktyora, aktrisaya nə dərəcədə sirayət edə bilər. Bildirmişdi ki, aktyorun üzərinə oynadığı obrazdan "toz”qonur.  Sizin bu məsələyə öz baxışınız necədir?

- Düşünürəm ki, oynadığımız obrazlar bizə nəsə qatır və həmin obrazda bizdən də nəsə olur. Məsələnin digər tərəfinə gəlincə, hər bir insanın xarakterində mənfi nəsə var. Sadəcə ağlımızdan istifadə edib mənfi tərəflərimizi göstərməməyə çalışırıq. Düşünürəm ki, Rasim müəllim düzgün vurğulayıb.

-Bildirdiniz ki, hər obraz aktyora, aktrisaya nəsə qatır. Bir aktyor davamlı olaraq mənfi obrazlar canlandırırsa, bu onun xarakterinə hopa bilərmi? Yəni, belə bir narahatlığınız varmı? 

- Sirayət edə biləcəyini düşünmürəm. Bu sualı yaxşı ki verdiniz. Çünki mənə tez-tez yazırlar ki, niyə ancaq mənfi rollar oynayırsınız?  Bəli, "Solğun çiçəklər” serialında oynadığım Pəri rolu mənfi idi və əsərin originalında da mənfi obraz kimi düşünülüb. Ancaq tamaşaçı o obrazın mənfi olmasının səbəblərini görmür və tamaşaçıya maraqlı da deyil. 

-Necə düşünürsünüz klassikləşmiş əsərlərin serial formasında ekranlaşdırılması doğrudurmu? Məsələn, Türkiyədə "Çalıquşu” serial kimi çəkildi və uğursuz oldu deyə tez dayandırdılar. Eyni zamanda bizdə də oxşar misallar çəkmək olar...

-Əgər yaxşı təqdim olunursa, heç bir problem yoxdur, əksinə yaxşıdır. Çünki həmin əsərləri oxumayan gənc nəsil var. 

-"Solğun çiçəklər”ə özünüz baxırdınız?

-Təbii ki, baxırdım. 

-Sonradan özünüzdə tutduğunuz qüsurlar olurdu?

-Mən heç vaxt özümdən məmnun qala bilən insan deyiləm. Amma bəyəndiyim səhnələr də var idi.

-Olurmu ki, eyni səhnə bir neçə dubla çəkilir və beyninizdə rejissorun seçdiyi dublla razılaşmırsınız? Həm də nəzərə alsaq ki, təhsiliniz də rejissorluq üzrədir. 

-Belə məqamlar olur. Düşünürəm ki, birinci dublda bunu yaxşı etmişdim, görəsən ikincidə də alınacaqmı. Amma heç vaxt etirazımı bildirməmişəm. Çünki o, rejissordur və mən onun tapşırığını icra etməyə gəlmişəm. 

-Sizcə, aktyor, aktrisa rejissora şərt qoya bilərmi?

- Hər bir insanın "qırmızı xətt”i olduğu kimi, eynisi hər bir aktyor və aktrisada da var.

-Məsələn?

-Məsələn, mən saçımın rəngini dəyişmək istəmərəm. 

-Tutaq ki, saç rənginizin qırmızı olmağını istəməzsiniz...

-Bəli, istəmərəm. O qədər önəmli obraz olmalıdır ki, mən öz prinsipimdən vaz keçim. 

- Yəni saç rəngləmək önəmli pripsip sayılır? 

-Ümumiyyətlə aktrisa üçün sima və görünüş çox önəmlidir. Düşünürəm ki, biz simamıza çox müdaxilələr etməməliyik. Simanda dəyişiklik edib hamı kimi olursansa, niyə səni çəksinlər? 

-İstərdim yenidən teatr mövzusuna qayıdaq. Məşhur deyim var ki, teatr asılqandan başlayır. Sizcə, bəs kino hardan başlayır?

-Öncədən onu deyim ki, bədii filmdə rol almamışam. Məsələn, "Solğun çiçəklər” səkkiz bölümlük bədii televiziya serialı idi. Orada avadanlıqdan tutmuş, iş prosesinə qədər hər şey filmdəki kimi idi.  "Kino hardan başlayır sualına gəlincə, o barədə konkret fikrim yoxdur. Ümumiyyətlə, konkretləşdirməyi xoşlamıram.

-Filmin yaradıcı heyətinə baxıb gedişatı təxmin edə bilirsinizmi?

-Bəli, hansısa işə dəvət ediləndə maraqlanırsan ki, filmi kim çəkir.

-Sizcə, yaşınıza və təcrübənizə görə bunlarla maraqlanmaq tez deyil? 

-Fikrim bundan ibarətdir ki, çox işdə olmaq yox, yaxşı işdə olmaq lazımdır. İndiyə kimi dörd ekran işində çalışmışam və şansım gətirib ki, hər biri çox yaxşı alınıb. İlk peşəkar işim "Solğun çiçəklər” olub. 

- Kastinqdən keçmişdiniz, yoxsa birbaşa dəvət idi?

-Xeyr, kastinq olmamışdı, amma bilirdim ki, məndən əvvəl də aktrisaları sınayıblar. Yəni, getdiyim gün seçildim. İkinci çəkildiyim serial ATV-də yayımlanan "Qan qohumları” serialı oldu, Sain Qəhrəman çəkmişdi. Ardınca yayda ARB-də 12 bölümlük "İdarə” serialında oynadım. Həmin serialın mövzusu günümüzün reallığına çox uyğundur. Həmin ərəfədə isə "Ata ocağı” serialına dəvət aldım və hazırda çəkilirəm. 

-Yeri gəlmişkən. "Ata ocağı”nın rejissoru Rüfət Şahbazov istedadlı insandır və serial özü də səhv etmirəmsə dördüncü mövsümdür ki, kifayət qədər yüksək reytinq verir. Belə bir oturuşmuş heyəti olan serialda sonradan parlamaq gənc aktrisa üçün ikiqat çətindir...

-"Ata ocağı”nda universitetdən kəsilmiş 17-18 yaşlı ərköyün qızı oynayıram. Ailənin tək övladıdır və özündən razı olsa da, mənfi obraz deyil. Tamaşaçılar mənfi obraz kimi  qəbul etsə də, gedişat göstərəcək ki,  Reyhan mənfi obraz deyil. Sadəcə çox "delavoy”, öz fikirləri və xarakteri olan qızdır. Adətən o yaşda olan qızların fikri dəyişkən olsa da, Reyhan elə deyil. Mənim də öz obrazımda ən sevdiyim tərəfi məhz budur. Deyə bilərəm ki, bir neçə seriyadan sonra daha maraqlı proseslər başlayacaq.

-Sirr deyil ki, bəzi hallarda rejissorlarımız qeyri-peşəkar, yaxud gənc modellərdən pul alaraq onları seriala çəkirlər. Hətta bu barədə dəfələrlə mətbuatda da yazılıb. Siz çəkildiyiniz dörd serialın hər birindən qonorarınızı almısınız, yoxsa tanınmaq xatirinə çəkildiyiniz də olub?

-Xeyr, qonorarsız çəkilməmişəm və çəkilmərəm (gülür) .

-Hətta sizi indi olduğunuz yerdən bir neçə pillə irəli aparacaq ekran işinə də qonroarsız çəkilməzsiniz?

-İnsan gördüyü işin, çəkdiyi zəhmətin qarşılığını almalıdır. Əgər bizim qazanc yerimiz bu sahədirsə, niyə ödənişsiz çəkilməliyik? Zatən bu işi görürsənsə, efirə çıxdığın üçün müəyyən kütlə sizi tanıyır.

-Sizi tanıyırlarmı?

-"Solğun çiçəklər”in efirə getdiyi zamanlarda ilk dəfə kimsə yaxınlaşanda çox təəccüblənmişdim. Hətta yaxınlaşan insan da təəccüblənmişdi.

-Necə düşünürsünüz, "Solğun çiçəklər”dən "Ata ocağı”na qədər olan iki seriallıq məsafəni şərti olaraq "basamak” adlandıra bilərikmi? Çünki digər iki serial bu seriallar qədər məşhur deyil, yaxud məşhur olmadı. 

-Mən elə düşünmürəm. Digər iki serial da kifayət qədər uğurlu alınmışdı və çox ürəklə işləmişdim. 

-Zövq almayacağınız işdə çalışarsınız?

-Bəlkə də çalışaram. Düzdür, biz sırf zövq almaq üçün çəkilmirik, amma bu da işimizin bir parçasıdır. Setə nə qədər yaxşı uyğunlaşsaq, o qədər yaxşı iş ortaya qoya bilərik.

-İstərdim ki, bir az da maliyyə məsələlərindən danışaq. Adətən yaşlı nəsil aktyorlar gileylənir ki, illərimizi vermişik, amma maddi olaraq heç nə qazanmamışıq. Gənc nəsil isə bu aqibəti yaşamamaq üçün istedadını skeyç və vaynlarda xərcləyir. Sizin nə zamansa özünüzü bu kimi nisbətən xırda işlərdə sınamağınız mümkündürmü?

-Sırf maddiyyat üçün vayn və videoçarxlara çəkilmək istəmərəm. Düzdür, yaxşı vaynlar və çarxlar çəkilir. Amma bunu maliyyə üçün etmərəm. Qonorar məsələsinə gəlincə, digər ölkələrlə müqayisədə qonorarımız çox aşağıdır. Amma ümid edirəm ki, yaxın gələcəkdə düzələcək.

-Amma məncə belə ümidli olmayın. Çünki dövlət bu sahəyə təxminən 5-6 il ciddi vəsait ayırdı və o vəsaitin böyük hissəsi belə demək mümkünsə, havaya sovruldu. Ona görə də indiki durum eniş dövrünün başlanğıcı sayıla bilər...

-Düşünürəm ki, hər halda inkişaf olacaq. Bu sahədə uzun müddətdir olmasam da, eşitdiyimə görə nisbətən fərq var.

-Reklama çəkilmisinizmi?

-Xeyr, amma təklif olarsa, çəkilmək istəyərəm. 

-Çəkilə bilməyəcəyiniz reklam varmı? Məsələn, bir dəfə hansısa məşhur demişdi ki, günəbaxan tumlarının reklamına çəkilmərəm.

-Reklam sahəsində olmadığım üçün şərtləri bilmirəm. Amma ağlıma gəlmir ki, deyim, hansısa məhsulun reklamına çəkilmərəm.

-Bayaq bildirdiniz ki, saçımı rəngləmərəm....Düşünürəm ki, aktrisanın, aktyorun simasının həddindən artıq yaddaqalan olması da uğursuzluqdur. Çünki çəkildiyi digər obrazlar yadda qalmır və hamı onu ilk roluyla xatırlayır. Məsələn, Valeh Kərimov 30 ildir "Moşu” obrazından çıxa bilmir...

-Məncə, burada söhbət daha çox obraz olaraq yadda qalmaqdan gedir.

-Amma siz bu gün Reyhanı oynayırsınız və simanınz çox yaddaqalandırsa, sabah Fatmanisəni oynasanız da, sizi Reyhan kimi tanıyacaq və xatırlayacaqlar...

-Düşünürəm ki, o obrazı da canlandıra bilərəm. Məncə, əvvəl oynadığım obrazlar mənə mane olmaz. Üç rolum imkanlı ailənin qızıdır, amma "İdarə”ki qəhrəmanım özü öz imkanıyla nəsə etməyə çalışan qızdır. Çox istərdim ki, fərqli obrazlar oynayım. Bu, həm də mənim inkişafım üçün vacibdir. 

-Mütaliəyə zaman ayıra bilirsinizmi?

-Əvvəl daha çox vaxt ayıra bilirdim. İndi vaxt baxımından bir az kasadlıq var. Daha çox klassik əsərləri oxumağı xoşlayıram. Sonuncu oxuduğum əsər "Atalar və oğullar” olub. Bəzən həm çəkiliş meydançasında, həm də redaksiyada olmalıyam. Düşünürəm ki, bu vaxta qədər heç bir problem olmayıb və olamayacaq.

-Sizcə, aparıcı Natəvan daha uğurludur, yoxsa aktrisa?

-Aparıcılığa aktrisalıqdan əvvəl başlamışam.

-Birinə vəfa borcunuz var, biri isə sırf peşənizdir...

-Çətin seçimdir və seçim qarşısında qalmaq istəməzdim. İndiyə kimi seçim qarşısında qaldığım anlar olub.  Amma sonradan balans yaratmışam. 

-Konkret seçim olarsa ki, ya redaksiya, ya da çəkiliş meydançası, o zaman seçiminiz nə olar?

-Müdirimlə danışaram (gülür). Əgər müdirim icazə versə, çəkiliş meydançasını seçərəm.  

-Bu sahədə kimlər sizə dəstək olub?

-Bundan öncə çalışdığım işlərdə dəstək olanlar da olub, indi də var. "Solğun çiçəklər”də Simuzər xanım mənə çox dəstək olub. Hətta sonradan mənə dedi ki, əvvəlcə mənə burnu havada biri kimi gəlirdin. Ancaq münasibətimiz çox yaxşı alındı. İndi də mənə dəstək olur, səmimi şəkildə fikirlərini bildirir.

-Bəs mane olmaq istəyənlər də varmı?

-Təbii ki, var, amma mən bunu açıq şəkildə hiss etməmişəm. Bəzən də görürsən ki, verdiyi yaxşı məsləhət deyil, başqa məqsədlə məsləhət verir.

-Yeri gəlmişkən, zahirən özündənrazı görünüşünüz var.  Bu, xarakterin zahiri təzahürüdür, yoxsa sadəcə görünüşdür?

-Sadəcə bu sahədə yeni olduğum üçün insanlarla birdən-birə çox səmimi ola bilmirəm. Mübahisə etməyi xoşlamıram. Birdən səmimi olaram, sonra onun dediyi söz xoşuma gəlməz və mübahisə yaranar. Ona görə araya "divar” qoyuram. Həyatda heç kim heç kimdən üstün deyil. Bu sözü hətta ən yaxın rəfiqəmdən də eşitmişəm. Əslində yaxşı insanlarla ünsiyyət qurmağı çox sevirəm. 

-Dil bilgiləriniz varmı? Məncə, indi xaricdə nələrəsə çəkilmək üçün bu çox vacibdir.

-Hazırda ingilis dilini öyrənirəm, rus dilini isə orta səviyyədə bilirəm. Ölkədən kənarda çəkilməyi də çox istərdim. Dil öyrənməyim sırf xaricdə çəkilmək yox, özümü inkişaf etdirmək üçündür. 

-Adətən sənət adamlarının şəxsi həyatları qaydasında olmur. Bu sizi narahat edirmi?

-Bu sferada olmaqdan həqiqətən xoşbəxtəm. On il sonra belə nələrsə itirəcəyimi düşünmürəm. Bu, mənim indiki baxışımdır. Şəxsi həyata gəlincə, mənimçün bir işdə inkişaf etmək məndən asılıdır, şəxsi həyat isə şans məsələsidir. Çünki işimin yaxşı olması üçün çox çalışaram, amma kiminsə mənim yanımda qalması üçün çalışmaram. İnsan nə istədiyini bilməlidir. Qərar verməliyəm ki, məni kareyram daha çox xoşbəxt edər, yoxsa şəxsi həyatım?

-Hazırda sizi hansı daha çox xoşbəxt edir?

-Karyeramın inkişaf etməyi xoşbəxt edir. Daha çox və daha böyük işlər görmək istərdim. Şəxsi həyatımla bağlı heç bir çaba sərf etmirəm. Əksinə şəxsi həyatımı qurban verərəm...(gülür) Əgər bir insan qazandıqlarımı onun üçün qurban verməyimi istəyirsə, etmərəm. Çünki insanı necə tanıyırsansa, o cür də qəbul etməlisən. 

-Azərbaycanda kifayət qədər sənət ailələri var. Bu istiqamətdə düşüncəniz nədir?

-Bəlkə də eyni sahədən olsa, insanlar bir-birini aha yaxşı anlaya bilər. Şəxsi fikrimə qalsa, səbrsiz insanam, hadisələrə tez reaksiya verənəm. Ona görə düşünürəm ki, öz adamını tapmaq, bəlkə də tez qərar verməmək lazımdır. Düşünürəm ki, şəxsi həyatın olması nə dərəcədə vacibdir?Mənimçün işimin olması vacibdir, amma türklər demiş eşimin olması yox...(gülür).

-Bir çox aktrisalarda zərərli vərdişlərin oluğunu bilirik. Belə bir ortam sizi narahat etmir ki?

-Mən sağlamlığıma düşkün insanam. Yeməyimə, idmanıma diqqət edirəm. 

-Davamlı olaraq eyni çevrədəsinizsə, bunlardan qaçmaq mümkündür?

-Mənim ətrafımda zərərli vərdişi olan insanlar var və ünsiyyətimiz var. Amma onun vərdişinin mənə heç bir aidiyyatı yoxdur. Ən yaxın rəfiqəm də siqaret çəkə, içki içə bilər. Buna pis baxmıram. Mənim çox yaxınım olsa, məsləhət verə bilərəm ki, bu sənə ziyandır.

-Nə zamansa teatrda oynamaq, yaxud tamaşa qurmaq, rejissor kimi qısametrajlı film çəkmək kimi düşüncəniz varmı?

-İndi yox, amma nə zamansa edə bilərəm. Məsələn, mən tamaşa qurmağı çox xoşlayıram. Bayaqkı sualınızı cavablandırarkən də hiss etdim ki, o hissləri yenidən yaşamaq üçün darıxmışam. Film çəkməkdən daha çox, tamaşa qurmağı xoşlayıram. Bəlkə film çəkməmişəm deyə belə düşünürəm.

-Televiziya proqramlarında qonaq olmusunuzmu?

-Bəli, "Qan qohumları” ərəfəsində ATV kanalına dəvət etmişdilər. 

-Sizcə, aktrisa sosial xarakterli verilişlərdə iştirak etməlidirmi? Məsələn, mən aktrisalar tanıyıram ki, sonuncu dəfə 3-4 il əvvəl hansısa filmə, seriala çəkilib, tamaşada oynayıb, amma gündə üç verilişdə qonaq olur...

-"Bu sənətin sahibi bunu etməlidir” kimi düşüncəm yoxdur. Ola bilər ki, hansısa aktrisa sosial olmağı, haqqında çox danışılmasını xoşlayır. Özümə gəlincə, verilişlərə dəvət olunmaq istəyərəm. Amma oradakı boşluğu doldurmaq üçün yox, sırf öz peşəmlə bağlı danışmaq istərdim. 

-Gənc aktrisalar bəzən ailənin icazəsi olmadan səfərlərə getməkdən imtina edirlər, yaxud bölgə çəkilişlərinə gedə bilmirlər. Məsələn, evdən, ailədən uzaq br aylıq çəkiliş üçün harasa getməyinizə cazə varmı?
 
-Atam icra başçısı olmamışdan öncə müğənni kimi fəaliyyət göstərib. Amma ondan savayı qohum-əqrəbada incəsənət adamı olmayıb. Mənə o cür qadağa yoxdur və ailəm də başa düşür ki, bu, mənim işimdir. Atam dünyagörüşlü insandır. Uşaqlıqdan bizə aşılayıb ki, öyrənin, inkişaf edin, xarici ölkələrə gedin. Bu gün xarici ölkəyə getmək istəsəm, ailəm, bacılarım mənə dəstək verməyə hazırdırlar. Hətta bu barədə düşünmüşəm. Bir ay yox, bir il də hardasa çəkilə bilərəm. Çünki mütəmadi evdəkilərlə əlaqə saxlayıram və güvənsizlik problemi yoxdur.

- Sonda istərdim ki, tay-tuşunuz olan və bu sahəyə addım atmaq istəyən gənclərə müraciət edəsiniz. Çünki təcrübəniz çox böyük olmasa da, ayağınızı sənət qapısından içəri qoymuş sayılırsınız. 

- Daimi olaraq nəsə öyrənsinlər və onlara rahat olan yolla öyrənsinlər. Məsələn, tələb olanda deyirdilər ki, filan insanın kitabında aktyorluğun incəlikləri barədə yazılıb.  Amma mənim fikrimcə belə şey yoxdur. Düzdür, oxusam da, rahat olan və öyrənə bildiyim yolla getmişəm. Özlərini inkişaf etdirməyin ən doğru bildikləri yollarını sınasınlar. Mən də özümü müxtəlif üsullarla sınamışam.

 

 


RƏYLƏR