"Atam məni 17 yaşımda 800 manata satdı"- Gecələri küçədə keçirən Günelin DƏHŞƏTLİ HƏYATI

OXUNUB: 906 SOSİAL

Hər gün sevgilisi, nişanlısı, həyat yoldaşı tərəfindən döyülən, zorakılığa məruz qalan, hətta öldürülən qadınlar haqqında xəbərləri oxuduqca insan dəhşətə gəlir. Qadınların əksəriyyəti xoşbəxtlik üçün, sevgisi naminə hər şeydən keçib, ailə qurur. Bəzən isə qızların nə istədiyini düşünmədən onların həyatı ilə bağlı qərarlar verilir.

Cəmi bir dəqiqə sonra başına nələrin gələcəyini heç kim bilmir. Hələ bir də ailə qurub ana olandan sonra qadınların hansı əziyyətlərə sinə gərdiyini hər adam anlaya bilməz. Budəfəki həmsöhbətimiz də məhz belə qadınlardandır.

Günel deyir ki, həyat ona bəzən insanı bədbəxt edənlərin, uçurumdan itələyənlərin elə öz dogma valideynləri olduğunu sübut edib.

Publika.az-ın yolu yenə "Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyindən düşdü.

Əvvəlcə ağlıma ilk gələn Ayşən oldu. Görən hələ də burdadırmı? O dəfəki söhbətimizdən sonra nə düşünür, nə edir? İçəri girəndə mənzərə eyni oldu. Yenə hər kəs bir işin qulpundan yapışıb başını qatırdı. Keçən dəfə bizi qarşılayan xanım məni görən kimi "o dəfə gələn jurnalist qız gəlib” - deyə, içəriyə xəbər verdi. Oturub bir neçə dəqiqə gözlədik. Elə bu an içəriyə bir xanım gəldi. Əlində sini, üzərində 3 stəkan çay, yanında da konfetlər. Əvvəlcə sığınacağın işçisi zənn edib, ona əziyyət çəkməməsini deyərək, təşəkkür etdim. Amma o, oturacağı yaxına çəkib, yanımda əyləşdi. Sözü olduğunu dedi.

"Adımı başqa cür qeyd etsəniz olar? Qorxuram atam məni tapıb, öldürər…"

Öyrəşmişik axı, qız övladları hər zaman ataya meyilli olar. Ataları tərəfindən daha çox sevilib, əzizlənər. Atanı özlərinə dağ bilib, ona sığınar… Amma bir çoxumuzun ümid yeri bildiyimiz o dağ Günelin başına yıxılmış qaya parçasından başqa bir şey olmayıb…

İlk cümləsi də belə oldu: "Atam öz xoşbəxtliyi üçün məni bədbəxt elədi”.

"Adım Güneldir. Kənddə böyümüşəm. Özümdən kiçik bir qardaşım var Ailəmizdə atam bizi çox incidirdi. Bəlkə də, çalışırdı bizim üçün ən yaxşısını etsin, amma hər şey tam əksinə olurdu. Mənim 15 yaşım tamam olandan qapımıza elçilər gəlməyə başladı. Mən isə hər dəfə bu yaşda ailə qurmaq istədiyimi, təhsil almaq arzusunda olduğumu deyirdim. Başa düşürdüm ki, bu kənddə adətdir. Qızları erkən yaşda ərə verirlər. Amma anamın mənə dəstək olacağına ümid edirdim. Hər evdə söz-söhbət olur. Hər dəfə atamla anam mübahisə edəndə, anam deyirdi "çıxıb gedəcəm”, atam da "get, qapı açıqdı” cavabı verirdi. Amma inanmırdım ki, anam övladlarını atıb gedər. Çox əziyyət çəkirdi, bilirəm, amma bizi də özü ilə aparaydı. Sonradan bilmədim nə oldu, nə olmadı, bir gün səhər oyandıq gördük ki, anam yoxdur. Üstündən bir həftə keçmədi ki, atam evə başqa qadın gətirdi. Axşam hər zamanki kimi süfrə açıb atamın evə gəlməsini gözləyirdik. Süfrə başına keçəndə bizə dedi ki, tanış olun bu sizin yeni "ananızdı”. Heç nə demədim, sakit durdum. Bir neçə gün sonra Qobustandan olan bir nəfərə məni məsləhət görüblər. Deyiblər ki, bəs belə bir qız var, dindardı, təmiz adamdı və s. Heç 1 ay deyildi o qadının bizim evə gəldiyi, amma atama deyirdi ki, qızı ərə ver, getsin. Həmin ərəfələrdə də bu oğlanın ailəsi qapımıza gəldi. Oturub danışdılar, atam dedi, namaz qılan ailədilər, pis olmazlar, səni o oğlana verəcəm. Nə qədər yalvar-yaxar etdimsə, məni eşitmədi. Mənə dedi ki, "ögey ananla bir evdə, sən yaşda qız alınmır. Biz də təzə birlikdə yaşamağa başlayırıq, bir az başa düş. Axır-əvvəl ailə qurmalısan, 1 ay tez, 3 ay gec, nə fərqi var?”

Günel danışdıqca barmaqlarını bir-birinə dolayır, dişlərini qıcayırdı. Sanki onu qışın bu günü buz dolu vannaya qoyub küçədə saxlamısan. Sonradan danışdıqlarını eşitdikcə, bu titrəmənin əslində heç də sıradan bir həyəcan olmadığını anladım. Danışdıqca ağlayır, peşmançılıq çəkirdi. Canının yandığı gözlərindən oxunsa da, onu bu həyata sürgün edən öz ağılsızlığı olmamışdı axı. Bəlkə də, onu da yandıran məhz bu məqam idi. Bir az toxdayıb, davam elədi:

"Məni bu oğlana ərə verdilər. Gəlin köçəndə də heç bir xəyalım yerinə yetməmişdi. Bizim kənddə bəzi atalar qızlarını başlıq puluna satırlar. Məni də atam 800 manata bu oğlana "satdı”. Bəlkə də atam mənə imkan versəydi, təhsil alıb, bir işə girib işləsəydim, hər ay evə 800 manat qazandıracaqdım, kim bilir ki? Həyatımın 7 ili "bəlkə", "bəlkə" deməklə keçdi. 17 yaşımda atamın təzyiqi ilə məcbur ailə qurdum. Elə toydan 2 gün sonra qara günlərim başladı. Qayınanamla birlikdə yaşayırdıq. Evdə mən, yoldaşım, kiçik baldızım qalırdıq. Tezdən durduq yemək yeməyə, süfrəni hazırladım, amma məni süfrəyə oturmağa qoymadılar. Qayınanam dedi ki, süfrədən qalx. Elə bildim zarafat edir. Birdən özü durdu ayağa başladı başını divara çırpmağa ki, mənim sözümü eşitmirsən, sən kimsən, nəçisən? Təhqir ardınca təhqir eşitdim. Yoldaşım isə məni müdafiə etmədi. Dedi, anam düz deyir, söz eşit, yoxsa sənin üçün pis olacaq. Hər günüm bax belə keçirdi. Sonradan baldızlarım mənə dedi ki, anamıza çox fikir vermə, özündən asılı deyil. Xəstə düşmüşdü. Bir az da kök qadın idi. Hər dəfə onu tək qaldırırdım. Gücüm çatmırdı. 2 dəqiqədən bir deyirdi gəl, mənim yerimi dəyiş. Bir neçə ay sonra hamilə qaldım. Onun ucbatından az qala uşağımı itirəcəkdim”.

Günelin bu evlilikdən bir qızı, bir oğlu var. Hər dəfə danışdıqları onu göz yaşlarına boğanda, gözünü əlləri ilə silib mənə deyirdi ki, "Könül, bilirsən, hər şeyə rəğmən mənim bir qızım, bir oğlum var. Mən anayam…” Qeyri-ixtiyari hiss etdim ki, gözlərim dolur. Mən Güneli tam başa düşə bilmərəm, amma mənə elə gəlir ki, oxucularımız arasında ana olan xanımlarımız onun nə demək istədiyini anladı. Beləcə, söhbətimiz daha ağrılı-acılı hadisələrə doğru davam etdi:

"Üzr istəyirəm, hamilə olduğum vaxtlarda, yoldaşım evdə olmayanda, üstümə şər atırdı. Mənə hədə-qorxu gəlirdi ki, qoy gəlsin, gör səni necə döydürəcəm. Yoldaşım evə gələndə deyirdi ki, arvadın pəncərədən ona-buna baxır, telefonda saatlarla kiminləsə danışır. Bunların heç birini etməmişdim, bir Allah şahiddir. Yoldaşım isə heç nə soruşmadan, üstəlik hamilə olduğumu bilə-bilə məni döyürdü. Bir onu düşünürdüm ki, uşağımı qoruyum. Əlinin altından qaçırdım ki, ağır zərbələr almayım. Yoldaşım məndən 8 yaş böyük idi. Sevib ailə qurmamışdım, amma adətimiz var, ata evindən çıxdınsa, getdiyin evdən meyidin çıxmalıdır. Ata evinə qayıda bilməzsən. Qonşuluqda olan gəlinlər məni görəndə halıma yanırdılar. 7 qat el mənə acıdı, amma atam acımadı”.

Hıçqıra-hıçqıra ağlamağa başladı. Sonra anidən dayandı. Hərdən onun bu hərəkətləri məni qorxudurdu, amma sonra anladım ki, uşaqlarına görə səsini boğur. İstəsə də, uşaqları onun səsini eşidə bilməzdilər, çünki onlar yuxarıda, Günelə verilən balaca otaqda yatırdılar. Amma yəqin ki, bu da analıq instinktindən irəli gələn davranışlardan biri idi:

"Bilirsiz, mən ürək rahatlığı ilə ağlaya da bilmirəm. Uşaqlarım gözümdə yaş görən kimi, mənə qoşulub ağlamağa başlayırlar. Onun dərdindən istəmirəm səsimi eşitsinlər. Yoldaşım məni döyəndə birinci heç kimə, heç nə demədim ki, hər ailədə belə söz-söhbətlər olur. Sonra hər gün daha da möhkəm döyməyə başladı. Evə girən kimi, kəmərini belindən çıxardıb başlayırdı məni döyməyə. Heç bir səbəb tapa bilmirdim. Yemək vaxtında hazır olurdu, əyin-başına diqqət edirdim, ev-eşiyi silib-süpürürdüm, anasının nazı ilə oynayırdım. Mən də insanam, 5 dəqiqə bir kənarda dincəlməyə qoymurdular. Sonra övladım dünyaya gəldi. Düşündüm ki, insandı, övlad sevgisi dəyişər. Hər şey yaxşı olar. Amma lap betər oldu. Məni qışın soyuğunda qucağımda 1 aylıq uşaqla küçəyə atdı. Nə qədər yalvardım ki, heç olmasa, uşağı götür, hava soyuqdu. Götürmədi. Balamı yun paltarımın altına salıb, sinəmə sıxdım ki, donmasın. Özüm də həyətdə kiçik anbar kimi bir yer vardı, küləkdən qorunmaq üçün ora qısıldım. Səhərə qədər çöldə qaldım. Tezdən yoldaşım işə gedəndə baldızım bizi içəri çağırdı. Soyuqdan əlim-ayağım tutmurdu. Mənə etdiklərinə dözərdim, amma uşağıma qarşı belə davranmasına dözə bilmədim. Atamın yanına getdim, başıma gətirdikləri oyunları bir-bir danışdım. Atam mənə dedi ki, getmisən, dözməlisən. Axı məni sən zorla o adama verdin, mən başqaları kimi qaçmamışam, ağılsızlıq etməmişəm. Tək günahım valideynimin sözünü yerə salmamağımdır. Sən də mənə sahib çıxmırsan. O qədər yalvarmağıma baxmayaraq, atam mənə bircə bunu dedi: "Uşaqlarınla bu evə gəlməyi ağlının ucundan da keçirmə. Ögey anan hamilədi, başı səs götürmür”.

Yenə kor-peşman ər evinə qayıdan Günel ailəsindən əlinə üzüb həyatına davam edir:

"Atam məni evdən qovandan sonra, gedəcək yerim yox idi. Evə qayıtdım və 7 il bu zülmə dözdüm. İkinci övladım da dünyaya gəldi. Uşaqlarımı gözümün qabağında kəmərlə döyürdü, ac-susuz saxlayırdı. İnanın, bədənim yara-bərə içərisində idi. Heç bilmirdim ki, özümü qızımın qabağına atım, yoxsa oğlumun. Bu dəfə dedim konkret bitdi. Uşaqlarımı da götürüb çıxdım evdən. Bir müddət ana tərəfdən uzaq qohum var, onların evində qaldım. Sonra da eşitdim ki, belə bir yer var. Gəldim bura. Bura ilk dəfə müraciət edəndə yer olmadığı üçün məni götürməmişdilər. Amma bir neçə aydan sonra məni çağırdılar ki, gələ bilərsən, bir neçə nəfərlik yerimiz boşalıb. Heç vaxt ağlıma gəlməzdi ki, belə bir şeyə sevinim. Amma çox sevindim ki, başımın üstündə bir dam olacaq. Atam və qardaşım burda olduğumu bilmir. Atam özü dövlət işində işləyir, bilsə məni öldürər”.

Günel deyir ki, yoldaşı onunla evli ola-ola ikinci dəfə ailə qurub:

"Mənimlə boşanmamış eşitdim ki, ikinci dəfə ailə qurub. Mən də boşanma üçün ərizə vermişdim. Oğlumun 4, qızımın isə 6 yaşı var. O qadın da həmin evdə dözə bilmədi, ayrıldı, aliment kəsdirdi. Məhkəmə mənə də aliment kəsmişdi. O qadının pulunu ödəyirdi, amma mənə bir qəpik də vermirdi. Sonra başladı ayaqlarıma düşdü, yalvardı-yaxardı ki, sənin qədrini bilmədim, nə eləmişəmsə, bağışla, ailəmizi dağıtmayaq. Mən də övladlarıma görə, yenə dedim evimdi, qayıtdım. İstəmədim sabah mənə deyilən "atan-anan boşanıb, sən belə həyata layiqsən” sözlərini kimsə qızıma desin. Birinci məhkəmədən aliment müraciətimi geri aldırdı. Həmin gün evə gələncə məni huşumu itirənə qədər döydü ki, sən kimsən mənə aliment davası açırsan. Burdaca səni öldürərəm, itirib-axtaran olmaz. Uşaqları çağırırdı, 5 dəqiqə gec eşidəndə, gec cavab verəndə, gözlərinin yaşına baxmırdı, kəmərlı döyürdü. Bir dəfə də uşaqları döyməyə başladı, əlindən almaq istəyəndə məni qoydu otaqda uşaqlarımı götürüb qaçdı. Neçə ay səssiz-səmirsiz evdə oturdum. Anası mənə zülm elədi. 4 ay hər gün mən balalarımın yolunu gözlədim. Qorxdum polisə deməyə ki, uşaqlarıma ziyan verər. Cəmiyyətimiz də həmişə günahı qadınlarda görür. Qorxdum ki, deyərlər cavan gəlin qalıb polis məntəqələrində. Sonra çarəsiz qalıb, hər şeyi gözə alıb polisə müraciət etdim ki, 4 aydı övladlarımı aparıb, nə danışmağa qoyur, nə görüşməyə. Polis gücü ilə uşaqlarımı geri aldım və birdəfəlik əlaqəni kəsdim. Görən dedi ki, sən 2 uşağa bu halda necə baxacaqsan, at üstlərinə özləri baxsınlar. Elə o gün, bu gündür buradayam”.

Başına gələnləri bizimlə bölüşdükcə, yüngülləşirdi Günel. Gözlərinin yaşı qurumuşdu. Qorxa-qorxa ondan yenidən ailə qurmaq fikrinin olub-olmadığını soruşdum. Cavabı aşağı-yuxarı təxmin etdiyim kimi oldu:

"Mən Allaha inanan adamam. Bilmirəm qədərimdə məni daha nələr gözləyir. Amma bu dəqiqə ailə qurmaq niyyətim yoxdur. Tək istəyim, bir iş tapıb, uşaqlarımı da götürüb balaca bir evə köçüm. Onları böyüdüm. Özlərini tək hiss etməsinlər. İndi mənə çox ağır gəlir yaşadıqlarım, amma nə bilim, bəlkə elə xeyirlisi bu imiş? Bəlkə qalsaydım, öləcəkdim, övladlarım da kim bilir kimlərin əlində qalacaqdı. Allah buyurub ki, hər bir çətinlikdən sonra mütləq asanlıq gəlir. Qızımın artıq 6 yaşı var. Gələn il məktəbə başlayacaq. İstəmirəm əskiklik hiss etsin. Paltarını, çantasını, qələmini, nə bilim, bütün ləvazimatları hazır olsun istərdim. Mən özüm-öz ayaqlarım üstündə dayanıb, uşaqlarıma baxacam, hər kəsə sübut edəcəm ki, uşaqlarıma baxa bilirəm. Atamı da heç vaxt bağışlamayacam. Çünki mənim başıma gələnlərin tək səbəbkarı odur. 800 manat pula mənim və günahsız uşaqlarımın həyatını satdı”.

Söhbətimiz demək olar ki, yekunlaşırdı. Günel bir söz işlətdi. Sonra tez də əlavə etdi ki, bunu yazmayın, ürəyim yandığından dedim. Amma düşünürəm ki, bu söz çox insanın gözünü açacaq. Günel deyir ki, iş üçün hara müraciət edirsə, onu tanımadan-bilmədən, təkcə sığınacaqda yaşadığına görə, oğru, əxlaqsız qadın gözü ilə baxırlar. Bunu isə heç cür qəbul edə bilmir.

Qeyd: Materialda istifadə etdiyimiz şəkillər sığınacaqdakı qadınlara aiddir.

İcmal.Az

RƏYLƏR