Atası ilə Fransanı heyran qoyan azərbaycanlının MÜSAHİBƏSİ - VİDEO - FOTO

OXUNUB: 1305 MƏDƏNİYYƏT

Fransada caz akademiyasına qəbul olmuş yeganə azərbaycanlı cazmen, bəstəkar və pianoçu, virtuoz Etibar Əsədli ilklərə imza atmaqda davam edir. O, Azərbaycanda ilk dəfə bütün milli alətləri "Kontakt" virtual alətlər üzərinə yazıb proqramlaşdırıb. Onun bu əməyi nəticəsində artıq hər kəs canlı çıxışlarında, film musiqilərində və aranjimanlarında milli alətlərimizdən istifadə edə biləcək. Etibar eyni zamanda dünyada ilk dəfə pianonu Azərbaycan muğam musiqisinə uyğun olaraq kökləyərək əsərlərimizi fərqli bir formada təqdim edir.

 Ölkəmizi xaricdə uğurla təmsil edən Etibar Əsədli publika.az-ın suallarını cavablandırıb:

- Etibar bəy, yad ölkədə özünüzü necə hiss edirsiniz?

- Hər şey qaydasındadır. Orada magistr təhsili alıram. Bu məktəbdə ilk və yeganə təhsil alan azərbaycanlı mənəm.

- Bildiyim qədərilə klassik musiqi üzrə təhsil almısınız, caza maraq haradan yaranıb?

- 11 il Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Zərifə Məmmədyarovadan dərs almışam. Onun üzərimdə əziyyəti böyükdür. Caz və bəstəkarlığa olan həvəsimi hiss edən kimi məni bu istiqamətə yönləndirdi. Daha sonra Bakı Musiqi Akademiyasına həm bəstəkarlıq, həm də piano üzrə daxil olmuşam. Ancaq bəstəkarlığı seçib Arif Məlikov, Ceyhun Allahverdiyevin təcrübəsindən yararlanmışam. Dörd il ərzində sırf klassik bəstəkarlıq təhsili almışam. Həmin illərdə simfonik orkestr üçün əsərlər, sonatalar yazmışam. Diplom işim də simfonik orkestr üçün uvertüra olub. Əsgərliyə gedib qayıtdıqdan sonra isə Parisə köçdüm.

- Səhv etmirəmsə, sonuncu dəfə Emin Kərimi ilə Röya Ayxanın konsertində çıxış etmişdiniz...

- Bəli, elədir. O konsertdən bir neçə ay sonra buraya gəldim. Fransaya gəlməmişdən öncə fransız dilim sıfır idi. Qərar verdim ki, Parisə gedib bir il ərzində dil öyrənib, musiqi akademiyasına qəbul olunmalıyam. 2015-2016-cı illərdə ancaq dil öyrəndim. Eyni zamanda Fransadakı festivallarda konsert verirdim. 2016-cı ildə "Centre Des Musiques Didier Lockwood" caz akademiyasına daxil oldum. Oraya hər il cəmi iki ifaçı piano üzrə daxil ola bilər. O yerdən birini mən qazandım. Bu, mənim üçün çox çətin oldu...

- Belə bir deyim var: "Qələbəyə gedən yolda çəkilən əziyyət müqəddəsdir". Bəs siz belə bir uğurunuz üçün hansı mərhələlərdən keçdiniz, əziyyətləriniz nə oldu?

- Oraya Fransa üzrə bütün pianoçular gəlir. İlk olaraq sən öz işlərindən ibarət albomunu təqdim edirsən. İkinci mərhələni keçəndən sonra səni canlı ifaya çağırırlar. Üç saat ərzində həm ifa etməli, həm bütün musiqi biliklərini nümayiş etdirməlisən. Caz tarixindən tutmuş musiqi ilə bağlı ən kiçik detallara qədər suallar verirlər. Bu mərhələləri keçib, həmin yeri qazandım. Bundan öncə təhsil aldığım məktəblərdə caz fakültəsi olmadığına görə mənə çox çətin idi. Bu arada, fransız dilindən də imtahan verib, keçdim. İndi ikinci kursdayam. Gələn ilin mayında təhsilimi bitirirəm. Buna baxmayaraq dövlət tədbirlərində iştirak edirəm, öz konsertlərimi verirəm.

- Bildiyim qədərilə, Fransa xaricində də konsertlər verirsiniz...

- Bəli, İtaliyada, İsveçrədə, Koreyada, Türkiyədə, Litvada, Almaniyada konsertlərim olub. Bakıdan başqa hər yerdə konsert vermişəm (gülür).

- Bəs Bakıda niyə konsert vermirsiniz?

- Bunun üçün mənə təklif gəlməlidir. Bizdə elədir ki, müğənni konserti özü edir. Bir nəfər çıxıb demir ki, gəl sənə konsert təşkil edim. Mən ora gəlib, cibimdən bütün xərcləri çəkib konsert vermək istəmirəm. Çünki burada onu etmirəm. Təklif olsa ki, filan qədər qonorar var, komanda ilə işləyəcəksən, gələrəm. Amma gəlim bilet paylayım, əziyyət çəkim. Hansı ki, bu tamaşaçı mənə dəyər verməyəcək. Götürək Yaşıl Teatrı, yaxud Heydər Əliyev sarayını ora kimlər yığışıb gələcək? Caz musiqisi hələ o bazarı əldə etməyib.

- Dediniz kurslara gedirsiniz, dərslər alırsınız. Bunlar hamısı maddiyyat tələb edir. Sizə çətin olmur ki? Konsertlərdən qazandıqlarınızla keçinə bilirsiniz?

- Paris dünyanın ən bahalı şəhərlərindən biridir. Təzə gələndə çox çətinlik çəkdim. Dili bilmirdim, ətrafım yox idi. Dil öyrənəndən sonra musiqiçilərlə münasibət qurdum. Məktəbə daxil olandan sonra orada xeyli insanla tanış oldum. Burada belə bir şey var ki, yaxşı musiqiçi deyilsənsə, heç kim sənlə münasibət qurmaq istəmir. Xoşbəxtlikdən musiqi səviyyəm onlarla ünsiyyət yaratmağıma imkan verir. Mən də müxtəlif musiqi biliklərimi həmin insanlarla bölüşür, fərqli sintezlər edirəm. Burada fransız musiqiçilərdən ibarət öz triomu yaratmışam. Atam da - Sahib Əsədli xanəndədir. Onun muğamı ilə cazı sintez edirik. Atamın burada olması mənim üçün göydəndüşmədir. Bütün konsertlərdə trio şəklində - bass gitarada Linley Mart, zərb alətlərində Tilo Bertolo ilə birgə ifa edirik. İkinci hissədə atamla muğamı səsləndiririk. Bu insanlara çox maraqlı gəlir. Onlar zövqlə muğamımızı dinləyirlər. Çünki bu, onlar üçün nadir tapıntıdır. Çətinliyim həm də Azərbaycanın bu ölkədə bir o qədər də tanınmaması idi. 

- Atanız da oraya köçüb?

- Bəli, atamla ikimiz yaşayırıq. Anam Bakıdadır, bacım isə İstanbulda yaşayır. Biz ildə üç dəfə görüşürük. Atam məndən öncə Fransaya gəlmişdi. Burada bizneslə məşğul idi. Neçə ildir oxumurdu, mən Fransaya gələndən sonra sənətinə davam etməyə başladı.

- Ailənizlə gec-gec görüşürsünüz. Orada yaşayan azərbaycanlılarla münasibətiniz necədir? Dostlarınız var?

- Burada Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzi var. Bundan başqa Aytən Muradova adlı bir xanım buradakı gənclərimizə, o cümlədən də, mənə dəstək olur. Öz tanışlarım da var. Düzü, qəribçilik çəkmək üçün elə də vaxtım olmur (gülür).

- Səhv etmirəmsə, babanız da musiqiçi olub...

- Bəli, biz musiqiçi ailəsiyik. Mən də uşaqlıqdan bu mühitin içində böyümüşəm. Babam və anam gözəl piano ifa edirlər.

- Azərbaycana qayıdıb fəaliyyətinizi burada davam etdirmək fikriniz varmı?

- Mən Azərbaycana Avropada lazımam, Bakıda yox. Belə düşünürəm. Azərbaycanda caz musiqisinin tamaşaçısı azdır. Bizdə hər şey toy biznesi üzərində qurulub. Rəqsdən tutmuş aparıcılara qədər hər kəs özünü toya görə tənzimləyir. Toyda isə caz musiqisinə ehtiyac yoxdur. Eyni zamanda, bizdə caz sevənlər var, amma cazın tədrisi yoxdur. Biz Rafiq Babayev və Vaqif Mustafazadənin sayəsində cazı tanımışıq. Ənənəvi caz isə sırf Amerikada yarandığına görə tamam başqa anlayışdır. Bizim tamaşaçılarımız isə hələki onunla tanış deyillər.

 

- Sizin "Baku Project" adlı bir işiniz var idi. "Cover" mahnılar ifa edirdiniz...

- 2014-cü ildən başladıq. Trio şəklində Ruslan Hüseynov və Elvin Bəşirovla "Baku Project"i yaratdıq. Azərbaycanda "cover" (işləmə) musiqisində boşluqlar var idi, fikirləşdik ki, köhnə mahnılara müraciət edib, onları yenidən sevdirə bilərik. İlkin parçanı özüm ifa etdim, daha sonra Samira Əfəndiyevaya təklif etdik. O da bizim təklifimizi maraqla qarşıladı. Biz müxtəlif ölkələrdə yaşadığımıza görə virtual işlər görürdük. Bir qədər çətin olsa da, davam etməyə çalışdıq, ancaq layihəni dayandırmaq məcburiyyətində qaldıq.

- Azərbaycanda ilk dəfə bütün Milli alətləri "Kontakt" virtual alətlər üzərinə yazıb proqramlaşdırmısınız. Bu səyiniz nəticəsində artıq hər kəs canlı çıxışlarında, film musiqilərində və aranjimanlarında Milli alətlərimizdən istifadə edə biləcək...

- Bu layihəyə ilk dəfə 2015-ci ildə başladım. Bunun üçün birinci proqramlaşdırmanı öyrəndim. Altı ay vaxt sərf etdim. Öyrənmək istəyirdim ki, bu alətlərin səsini necə klaviatura üzərinə yazmaq olar. Bu da musiqiçi işindən daha çox proqramist işidir. Sonra Bakıya gəldim iki həftə ərzində bütün milli alətlərin səsini yazdırdım. Bu çox uzun məsələ idi. Hər bir alətin səsini həm forte, həm piano və müəyyən nüanslar şəklində səsləndirmək lazım idi ki, mən bərk vuranda bərk, yaxud əksinə səslənsin. Hər alətin xüsusiyyəti fərqli olduğuna görə bu çox çətin idi. Hər bir alətdən 400-500 səs aldım və bu səsləri bir-bir klaviatura üzərinə yazdım. 12 əsas alətimiz var, onları bir də əsl qaval daşının səsini "Kontakt" virtual alətlər üzərinə yazıb proqramlaşdırdım. Qobustana gedəndə bütün aparatları, mikrofonları apardım. Həmin yer turistik deyil, çox kənardadır. Həmin daş əsl qaval daşıdır. Orada şərait yaratdım. Qaval daşından 200 səs aldım və yazdırdım. Artıq Qaval daşının səsini yazdırmaq üçün Qobustana getmək lazım olmayacaq. Bütün alətlərin səsi hazırdır. Sadəcə onun satışa çıxması üçün patent almaq və plagiat versiyasının qarşısını almaq üçün xüsusi kodlaşdırma lazımdır. Bu proses üçün isə maddi güc gərəkdir. Mən də indiyədək öz cibimdən bu layihəyə pul tökmüşəm. Bütün musiqiçiləri tək-tək çağırıb, ödənişlərini etmişəm. Ancaq indi gücüm çatmır. Çap məsələsi, kodlaşdırma üçün pul və sponsora ehtiyac var.

- Proqramdan təkcə aranjimanda istifadə edə biləcəklər?

- Hər cür istifadə edə bilərlər. Təsəvvür edin bir sintezatordur. Onun üstündə bütün milli alətlərimizin səsi var. İfa zamanı istədiyiniz alətin səsini çıxarda bilirsiniz. Mən konsertlərim zamanı ud və balaban səslərindən istifadə edirəm. Çox gözəl də səslənir.

- Sponsorluqla bağlı hansısa musiqi ilə məşğul olan bir quruma müraciət etmisiniz?

- Birinci büdcə olmalıdır ki, o kodlaşdırmanı başa çatdıram. Daha sonra o qurumlara müraciət edəcəm. Köməklik edən olacaqsa, lisenziya alıb dünya üzrə satışa çıxaracam. Ən pis halda özüm istifadə edəcəm ki, əsərlərimdə, konsertlərimdə başqa alət ifaçısı gətirməyəm.

- İnanmıram ki, bu layihəyə laqeyd yanaşsınlar...

- Məncə, Azərbaycan buna hazır deyil. Çox aranjimançılar yazıb ki, bu alətləri necə əldə etmək olar? Amma mən belə təqdimat etmək istəmirəm. Dostcasına kiməsə hədiyyə etmək fikrim də yoxdur. Aylarla əziyyət çəkmişəm.

- Gələn il akademiyanı bitirirsiniz. Yeni hədəfləriniz nələrdir?

- Mənim kimi sənətçi üçün ən böyük şans hansısa leybl, şirkət tərəfindən götürülüb dünyaya təqdim olunmaqdır. Bunun üçün isə sənin yaxşı işlərin olmalıdır. Məqsədim böyük şirkətlərlə işləməkdir. Mübarizə aparıb, istədiyimi əldə edəcəm.

- Səsiniz də var. Bundan da istifadə edərək Fransada "The Voice" kimi yarışmalara qatılıb, asan yoldan şöhrət əldə edə bilərsiniz.

- Oxumaq kimi məşğuliyyətim yoxdur, yalnız ürəyim istəyəndə bunu edirəm. Bu, mənim işim deyil. Müğənni kimi heç vaxt ifa etməyəcəm. O, ayrı bir məktəb, ayrı bir yoldur və çox çətindir. Son zamanlar bu sənət çox ucuzlaşıb. Bizdə belədir ki, bir az səsi varsa, ondan müğənni edib ortaya çıxara bilərik. Bu isə müəyyən bir çərçivədə mümkündür. Avropada sən ağzını açan kimi hansı səviyyədə olduğun bilinir. İstənilən müğənni gəlsin, əgər səsin yoxdursa, sən heç kimsən. Heç kim onu qəbul etməyəcək.

- Ötən il "Project" adlı albomunuzu görmüşdüm, insanlar çox bəyənmişdi.

- Hazırda ikinci albomumu yazdırıram. Birinci "Project" adlı albomum 2017-ci ilin əvvəlində çıxıb. İkinci albomumda isə çox fərqli məqamlar var. Bu il üç ay ərzində pianonu necə kökləmək lazımdır, onu öyrəndim. Onu açarla kökləyirsən. Azərbaycan muğamında elə notlar var ki, onları piano ilə əldə etmək olmur, çünki pianoda hamısı düz notlardır. Ud və skripkada bu ara notları vermək olur. Həmin notlar isə ürəyə toxunanlardır. Mən də öz pianomu Azərbaycan muğamları üzərinə köklədim. Albomun adı "Muğam"dır. Bütün muğamlardan istifadə etmişəm. Avropada insanlara çox təəccüblü gələcək. Çünki dünyada ilk dəfədir bunu həyata keçirirəm. Konsertlərimdə isə bir müddətdir köklənmiş pianodan istifadə etməyə başlamışam.

- İstər Azərbaycanı təmsil etmək adına, istərsə də öz hədəflərinizə görə bir neçə sahədə müəyyən biliklərə yiyələnmisiniz. Başqalarından fərqləndirən özəllikləriniz sizdə təkəbbür yaratmır ki?

- Yox, sadəcə, mən uşaqlıdan beləyəm. Musiqidən başqa video, foto, səsyazma, montaj, sosial media işləri ilə maraqlanmışam. Bilmədiyim işlərə görə kurslara gedirəm, kitablar oxuyuram. Bütün bu işlərə görə özüm hər şeyi edə bilərəm. Keçən il biznes və sosial media ilə bağlı kitablar oxumuşam. Bunlar mən də heç bir təkəbbür filan yaratmır.

- Bir çox işlər görürsünüz. Həm kursa getmək, həm konsertlər vermək, həm də digər işlər vaxt aparır. İstirahətə necə zaman ayırırsınız?

- İstirahətə yalnız Bakıya gələndə vaxt ayırıram. Gəlirəm ailəmlə bir-iki həftə görüşüb, Azərbaycanın gözəl yeməklərindən yeyirəm. Bakıda enerji yığıb, geri qayıdıram. Artıq 6 aydır Azərbaycan yeməyi yemirəm. Ancaq italyan, fransız və türk mətbəxindən nəsə yeyə bilirəm. Bişirməklə də aram yoxdur. Bütün günü bayırda qidalanıram. Düzü, atamla buranın yeməklərinə öyrəşmişik. Ancaq damağımızda Azərbaycan yeməklərinin dadı qalıb./milli

İcmal.Az


Etibar & Sahib ASADLI - 613

RƏYLƏR