“Avromed” 17 milyon ədəd tibbi maskanı kimə satıb? –KORONOVİRUSU PULA ÇEVİRƏNLƏR

OXUNUB: 5219 Səhiyyə GÜNDƏM Özəl HADİSƏ
Çində baş qaldıran və bu gün dünyanın 80 ölkəsini əhatə edən koronovirus epidemiyası bir çoxları üçün ciddi gəlir itkisi olsa da, bəziləri üçün asan qazanc mənbəyinə çevrilib. Daha doğrusu, işbazlar yaranmış fürsəti əldən verməyərək, gedişatı özlərinin qazanc yerinə çeviriblər.

7News.Az Gundemxeber.Az-a istinadən xəbər verir ki, koronovirusla bağlı ilk fakt ortaya çıxdıqdan sonra Azərbaycanda fəaliyyət göstərən və ölkənin ən aparıcı dərman satışı firması olan "Avromed” digər şirkət və firmalardan çox ucuz qiymətə tibbi maskaları və tibbi spirti alaraq, anbarlarına yerləşdirib. Bununla bağlı apardığımız araşdırma zamanı məlum olub ki, təkcə, daxili bazarda anbarlarda qalmış 20 milyon ədədə yaxın tibbi maska sözügedən şirkət tərəfindən alınıb. Həmin ərəfədə qonşu ölkələrdən də nə qədər tibbi maska alındığı məlum deyil.

Beləliklə, ilkin mərhələdə qıtlığın yaradılmasına nail olunub. Ardından isə həmin qıtlığı pula çevirməyə başlayıblar. Və bunu təkcə daxili bazarlarla deyil, həm də dövlət qurumlarının xətti ilə reallaşdırıblar. Bbu barədə bir qədər sonra.

Araşdırmalara görə, "Avromed” əsas inhisarçı kimi çıxış edərək, bazarı tam nəzarətinə almağa nail olub. Və maraqlıdır ki, həmin tibbi maskaların son bir ayda satış həcmi 17 milyon ədəd hesab olunur.

Sual oluna bilər ki, Azərbaycanın daxilində bu qədər tibbi maskanın istifadə olunması bir qədər imkansızdır. Elə "Avromed” də bunu hesablayaraq, xaricdə yaranacaq ehtiyacı da nəzərə alaraq, böyük pullar qazanmaq məqsədi ilə həmin məhsulları toplayıb.

Əldə etdiyimiz məlumatlara görə, "Avromed” indiyə qədər satdığı 17 milyon ədəd tibbi maskanın birini 4.5 qəpiyə əldə edib. Lakin onu ən minimum 25-30 qəpiyə satdırır. Və bu qədər tibbi maskanın təxminən 80 faizi xarici ölkələrə birbaşa və dolayı yolla göndərilib. Daha doğrusu, satılıb. Məsələn, Bakıda 4.5 qəpiyə alınmış tibbi maskanı Honq Konqa 52 sentə satmağın nə qədər qazanc gətirdiyini düşünmək elə də çətin deyil. Və ya müxtəlif İcra Hakimiyyətinə, hətta SOCAR və digər dövlət qurumlarına tibbi maskaların satışını da məhz "Avromed” həyata keçirib. Sumqayıt İcra Hakimiyyətinin Çinə göndərdiyi tibbi maska və spirtin hamısı da məhz sözegdən şirkətdən alınıb.

Düzdür, İqtisadiyyat Nazirliyi baha qiymətə satılan tibbi maska və spirtlə bağlı təcili yoxlamalara başlayıb. Artıq apteklərdə tibbi maskaların satış qiyməti 25 qəpikdən baha deyil. Ancaq buna qədər zəruri olan iş görülüb. 17 milyon ədəd yaxın tibbi maska dəyərindən 15-20 dəfə bahasına satılıb. Və orta hesabla bu da sözügedən şirkətə 10 milyon manatdan çox gəlir gətirib.

Qeyd edək ki, "Avromed” şirkətinin rəhbəri hazırda deputat olan Cavanşir Feyziyevdir. O seçkilərdən dərhal sonra şirkət rəhbərliyindən getdiyini açıqlayıb və yerinə "ASAN Xidmət”də çalışan bir gənci gətirib. Lakin bu formal xarakter daşıyır və şirkəti də faktiki özü idarə edir.

RƏYLƏR