Avropada AXC-nin 100 illiyinə həsr olunmuş tədbirlər başladı - FOTO

OXUNUB: 657 SİYASƏT

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100-cü ildönümü münasibətilə 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi bu əlamətdar hadisənin ölkə daxilində və xaricində qeyd olunması ilə əlaqədar Avropanın bir sıra şəhərlərində, o cümlədən Lüksemburqda, Strasburqda (Fransa) və Cenevrədə (İsveçrə) silsilə tədbirlərə start verilib.

İcmal.Az xəbər verir ki, ilk tədbir Lüksemburqdakı Qarabağ mədəniyyət mərkəzində baş tutub. 

Diplomatik korpusun, yerli diaspor təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbiri Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Fuad İsgəndərov açıq elan edib. 

O, AXC-nin yaranma tarixindən, müasir dövrdə ona verilən qiymətdən, ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən bəhs edib.

Daha sonra Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təmsilçisi Kamal Dadaşov XX əsrin sonlarında Azərbaycanın müstəqilliyini yenidən bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında keçdiyi sürətli inkişaf yolundan, ölkənin neft strategiyasından danışıb, prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bugünkü durumu, inkişaf yolu, ölkənin milli brendi SOCAR barədə məlumat verib.

Gənc fəal, tədbirin təşkilatçılarından olan Aydın Əhmədov isə çıxışında Azərbaycanda turizmin inkişafından, ölkənin turizm potensialından söhbət açıb. O, diqqətə çatdırıb ki, son dövrlərdə Azərbaycana turizm axınının güclənməsi birbaşa bu sahədə aparılan islahatların nəticəsidir.

Qeyd edək ki, mayın 15-də Lüksemburqda start götürmüş tədbirlər bu gün Strasburqda davam etdirilib, mayın 18-də isə Cenevrədə təşkil olunacaq.

 

İcmal.Az

RƏYLƏR