Avtomobil sığortalayarkən aldadılmamaq üçün beş məsləhət

OXUNUB: 791 SOSİAL

İcbari Sığorta Bürosu avtomobil sahiblərinə müraciət edib. 

Bürodan İcmal.Az-a verilən məlumata görə, avtomobil sahibləri icbari sığorta müqaviləsi bağlayarkən aldadılmamaq üçün bəzi məqamlara diqqət yetirməlidirlər.

1. Məlumatda bildirilir ki, vətəndaş icbari sığorta üzrə sığorta haqqını hesablamaq üçün əvvəlcə İcbari Sığorta Bürosunun veb-saytında olan Sığorta Kalkulyatorundan istifadə etməlidir.

2. Avtomobil sahibləri sığorta agentlərinin icbari sığorta növləri üzrə təklif etdiyi müxtəlif "endirimli aksiyalara və kampaniyalara” uymamalıdırlar. Bunlar həm qanunaziddir, həm də müştərinin sığorta təminatını təhlükə altına ala bilər.

3. Avtomobil sahibləri icbari sığortanı bilavasitə sığorta şirkətlərinə müraciət etməklə və ya lisenziya əsasında qanuni fəaliyyət göstərən peşəkar sığorta agentləri və ya sığorta brokerləri vasitəsilə əldə etməlidirlər. Bununla lisenziyası olmayan, təsadüfi gəlir əldə etmək məqsədi güdən işbazlardan qorumuş olacaqlar.

4. Elektron icbari sığorta müqaviləsi bağladıqdan sonra sistemə daxil edilən məlumatların doğruluğundan əmin olmaq üçün sığortaçıya müraciət edərək müqaviləyə dair çıxarış tələb edilməlidir.

5. Ən əsası, avtomobil sahibləri endirimli icbari sığorta təklif edən sığorta vasitəçiləri ilə bağlı İcbari Sığorta Bürosuna və Maliyyə Bazarlarına Nəzarət Palatasına məlumat verməlidirlər. 

Bu sığorta bazarında neqativ halların, eyni zamanda müştərilərin endirim adı ilə aldadılmasının qarşısını almaq üçün önəmli addımdır.

İcmal.Az

RƏYLƏR