“AXA Mbask” şirkəti müştərilərini aldadır

OXUNUB: 660 Seçilmiş Önəmli GÜNDƏM SOSİAL
Azərbaycanda sığorta işinin təşkili müstəqilliyimizin ilk illərindən formalaşmağa başlasa da, bu sahədə hələ də problemlər qalmaqdadır. Təsadüfi deyil ki, bununla bağlı redaksiyamızın poçtuna mütəmadi olaraq müxtəlif sığorta şirkətləri ilə bağlı şikayətlər daxil olur. Şikayətlərin əksəriyyətini sığorta şirkətlərinin üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması təşkil edir.

Oxşar problemlərdən biri də redaksiyamıza müraciət edən 99 XM 580 dövlət nömrə nişanlı "Land Cruiser” markalı avtomobilin sahibinin başına gələnlərlə bağlıdır. Belə ki, "AXA Mbask” şirkətinin müştərisi olan şikayətçi sığorta şirkətinin süründürməçiliyindən narazı qaldığını bildirib. Şikayətçinin yazdığına görə, "AXA Mbask” sığorta şirkəti müştərinin maşınını tez bir zamanda təmir edəcəyi barədə vəd versə də, buna əməl etməyib. Halbuki, müştəri avtomobilinin hər dayanan günü üçün xeyli miqdarda vəsait itirdiyini və bununla da sığorta şirkətinin onun büdcəsinə xeyli ziyan vurduğunu qeyd edir.

Şikayətçinin dediyinə görə, "AXA Mbask” sığorta şirkəti onun təmir olunacaq avtomobilini "8-ci km” yaşayış massivində yerləşən "Grand Servis”ə göndərib. "Grand Servis” isə 1-2 günə həll olunası təmir işini həftələrdir ki, yubadır. Bir sözlə, "AXA Mbask” sığorta şirkəti özünün süni bürokratik əngəlləri ilə, yəni avtomobili təmir etməməklə və bununla da üzərinə düşən vəzifəni yerinə yetirməməklə müştəriləri aldadır, onlara külli miqdarda ziyan vurur.

Şikayətlə əlaqədar "AXA Mbask” sığorta şirkəti ilə əlaqə saxladıq. Şirkətin əməkdaşı bildirdi ki, şikayətçinin maşını sabah saat 17:00 da təhvil veriləcək. O, maşın təhvil verilən zaman bizə də orada olmağı təklif etdi.

Qeyd: Belə hadisələrlə dəfələrlə rastlaşmışıq. Sabah şirkətin öz vədini yerinə yetirib-yetirməyəcəyini bilmirik. Belə görünür ki, fakt ictimailəşmədikcə belə şirkətlər vətandaşları süründürməyə davam edir.

Diqqətimizdədir və mövzuya yenidən qayıdacağıq.sia.az

RƏYLƏR