Aygün Bəylərin qətl törədən qardaşının işi məhkəmədə

OXUNUB: 172 SOSİAL

Əməkdar artist Aygün Bəylərin qətl törətməkdə təqsirləndirilən qardaşı Abbas Hümmətov  və digərləri - Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov, Cavid Alxazovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İcmal.Az-ın Lent.az-a istinadən məlumatına görə, işin ibtidai istintaqı prokurorluqda başa çataraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş artıq icraata verilib. Cinayət işinə hakim Cavid Hüseynovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası mayın 19-na təyin edilib.

Qeyd edək ki,  dəstə üzvləri 2013-cü ilin fevral-mart aylarında Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivində yerləşən evdə narkotik vasitə əkib, pul qazanmaq barədə razılığa gəliblər.

Bundan iki ay sonra narkotik vasitənin əkib-becərilməsi barədə Elnur Hümmətovun hüquq-mühafizə orqanlarına məlumat verməsindən şübhələniblər və onu öldürmək qərarına gəliblər.

Elnur Hümmətov 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala qəsəbəsi ərazisində boğulma yolu ilə qətlə yetirilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxslər polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılaraq istintaqa təqdim olunublar.

Adları çəkilən şəxslər cinayətin izini itirmək məqsədi ilə meyiti Qala qəsəbəsində əvvəldən müəyyən etdikləri yerdə basdırıblar.

Elnur Hümmətov 2013-cü ilin iyunun 16-dan polisdə itkin düşmüş kimi axtarışda olub. 2016-cı ilin avqustun 30-da Suraxanı Rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Elnur Hümmətovun qətlə yetirildiyi müəyyən edilib.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə birgə baxış keçirilib və Elnur Hümmətovun meyitinin qalıqları basdırıldığı yerdən ekskumasiya olunub.

Onu da qeyd edək ki, tutulan şəxslərdən Abbas Hümmətov Əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.

İcmal.Az

RƏYLƏR