Aynur Camal: “Paşinyan hər dəfə Şuşaya gedəndə bunun ağzı əyilir, təzyiqi qalxır...”

OXUNUB: 577 SİYASƏT
Mənimçün ən qəbulolunmaz bilirsiz, nədir? Özü rəsmən fırıldaqçıdır (duymaya alışdığımız şəkildə desək, "moşennik”, üstəlik də xırdasından, primitivindən); yetim-yesirə sözün həqiqi mənasında atıb, aldadıb, "Avropalarda cənnət” vəd edib, pulunu alıb, yeyib, üstündən də sözün həqiqi mənasında su içib. Enlənə-enlənə, boylana-boylana gəzir. Müxalifətçilərlə oturub-durur, türkiyəlilər demiş, takılır, ara-sıra toplantılarına qatılıb şəkil çəkdirərək "demokratik” poz verir. Qarabağ məsələsi hər hansı formada, hər hansı səbəbdən aktuallaşanda sinəsinə döyür, saçını yolur, başına döyür. Paşinyan hər dəfə Şuşaya gedəndə bunun ağzı əyilir, təzyiqi qalxır, özünü didir ki, niyə müharibə başlamır, bu da gedib döyüşsün, xalqın qisasını erməni işğalçılardan alsın... Vətənpərvərlik, vətənsevərlik əlbəttə, gözəl hissdir. Amma səmimi olanda! Misal üçün, bunu araşdırsan, məlum olacaq ki, oğlu hərbi xidmətdə olmayıb, bəlkə heç bu ölkədə də yaşamır. Araşdırsan, o da məlum olacaq ki, böyüdüb yetişdirdiyi övladları da özü kimi moşennikdir. Övlad valideynin əsəridir, pasportudur, vizit kartıdır. Bir insana qiymət verəndə övladlarına baxaram mən. Baxıram bunlara və heyrətlənirəm, təəssüf edirəm. Çünki nə də olsa, eyni xalqın nümayəndələriyik. Bu məxluqlar ya qanmır, ya da genetik kodlarla yükləndikləri elə budur; anlamırlar, ya da anlamaq istəmirlər ki, Vətən elə İnsandır. Sən bu Vətənin insanının sonuncu ümidini öldürüb, sonuncu inamını qırıb Şuşanı tələb edə bilməzsən. Sən bu ölkənin insanlarını bəsit şəkildə aldadıb bankdan götürdüyü, evini satıb əldə etdiyi sonuncu manatını əlindən alıb belə rahat-rahat, özündən razı-razı gəzib-dolana, bu xalqın pencəyindən ətrafa qeyrət və əzəmət səpələnən oğlu ola bilməzsən. Sən əziksən, sənin yetişdirdiyin övladlar da min təəssüf ki, əzikdir. Nə sən, nə onlar heç vaxt bu toplumun aydını, ziyalısı, qəhrəmanı, Qarabagsevəri, vətənpərvəri ola bilməzsiz. Siz olsaz-olsaz, vətənşüvən ola bilərsiz, necə ki, sosial şəbəkələrdə görürük, gözümüz-könlümüz ağrıyır. Siz öncə adam olun, adam. Və aldatdığınız insanların pulunu qaytarın! Onların qabarlı əlləri, qubarlı ürəyinə bir dəfə, bircə dəfə baxmaq kifayətdir ki, adam sizə acıya, sizdən iyrənə. Qarabağı isə siz almayacaqsız. Torpaq almaq, Vətəni işğaldan azad etmək, Qarabağ üçün Şəhid olmaq Kişi işidir, namus, qeyrət, ləyaqət məsələsidir...

RƏYLƏR