“Az-Granata” ilk milli rakımızın istehsalına başladı — Azərbaycanda İLK

OXUNUB: 3683 MARAQLI

Bu barədəsaytımıza "Az-Granata” şirə və şərab emalı zavodunun direktor müavini, texnika elmləri doktoru, professor Vüqar Mikayılov məlumat verib.

V.Mikayılov deyib ki, hazırda zavodda rakı içkisi hazırdır və qablaşdırılma işləri həyata keçirilir:

"Qablaşdırma işləri aparmaq üçün şüşə və qapaqlar zavoda çatdırılıb. İçkilərin qutusu da sifariş verilib. Yəqin ki, iki həftə ərzində "Türk” adlanan rakının istehsalı baş tutacaq. Bu, Azərbaycan tarixində ilk rakı istehsalıdır”.

V.Mikayılov qeyd edib ki, "Türk” rakısının üzərində Şirvanşahlar dövrünə aid olan dəmir dəbilqə fotosu əks olunub:

"Bunun da mənası var. Həmin dəbilqə Şirvanşahlar hökmdarının başına qoyduğu qızıldan hazırlanan dəbilqədir. Biz bununla türkçülüyümüzü göstərmək istəmişik. Yəni, rakı da türklərə aid olan içkidir, bunun tarixi türklərlə bağlıdır”.

Professor bildirib ki, "Türk” rakısı ən müassir texnologiyalarla hazırlanır:

"Bu rakı 45 faizlik spirtlə istehsal olunacaq. Onun üzərinə su tökəndə isə 19 faizlik spirtli içkiyə çevriləcək. Bu isə araqdan və digər içkilərdən yüngül spirtli olduğu üçün insan orqanizminə də mənfi təsir göstərməyəcək. Ona görə də misal var ki, adam rakı içəndə zəhərlənmir. Əksinə, rakının insan orqanizminə faydaları var. Rakı mədə-bağırsaq xəstəliklərinin müalicəsində də mühüm rol oynayır”.

V.Mikayılov deyib ki, hələlik bir markada rakı buraxılacaq:

"Bu da "Türk” adı ilə rakıdır. Bunun bir şüşəsinin qiyməti isə 15 manat təşkil edəcək. Biz daha çox ölkə tələbatını ödəmək üçün istehsalı düşünürük. Ancaq Türkiyə bazarına da satılması nəzərdə tutulur. Bilirsiniz ki, Türkiyədə rakı içkisi çox populyardır. Azərbaycanda istehsal olunacaq "Türk” rakısı isə heç də Türkiyə istehsalı olan rakılardan geri qalmayacaq. Əksinə, daha keyfiyyətli hazırlanacaq. Ona görə də biz ilk xarici bazar kimi Türkiyəni nəzərdə tutmuşuq”.

RƏYLƏR