AZAL-a məxsus təyyarənin sənədlərində yaranan problem səbəbindən London-Bakı reysi təxirə salınıb

OXUNUB: 749 SOSİAL

Sentyabrın 17-si gecə saat 01:05 radələrində Londondan Bakıya uçmalı olan "J2 008" saylı təyyarə reysi təxirə salınıb.

Sərnişinlər "Report"a açıqlamalarında AZAL rəhbərliyini məsuliyyətsizlikdə günahlandırıblar. Onlar bu cür münasibətlə artıq birinci dəfə qarşılaşmadıqlarını bildiriblər. Qeyd ediblər ki, "Azərbaycan Hava Yolları" reysin təxirə salınacağını əvvəlcədən bildiyi halda sərnişinləri bu barədə məlumatlandırmayıb və nəticədə insanlar müəyyən məsafə qət edərək hava limanına gəlib, burada saatlarla gözləməli olublar.

"AZAL”ın prezidenti Cahangir Əsgərov

"Mən bileti onlayn almışam. Qeydiyyatdan keçən zaman elektron ünvanım orada qeyd olunub. AZAL da nəsə bir problem yarandığı zaman məni və mənim kimi bütün sərnişinləri öncədən məlumatlandırmağa borclu olduğu halda, bunu etməyib. Biz durub gəlmişik aeroporta, neçə saatdır burada gözləyirik. İndi deyirlər ki, reys təxirə salınıb, gedin. AZAL-ın menecmentində olan nöqsana görə sənədləşmə məsələsində problem yaranıb ki, əlavə 1 sutka Londonda qalmalı olacağıq", - deyə sərnişinlərdən biri bildirib.

Onlar həmçinin qeyd edirlər ki, hava limanında gözlədikləri müddət ərzində AZAL-ın heç bir nümayəndəsi ortada görünməyib, sərnişinlərlə maraqlanmayıb.

"Report"un Heydər Əliyev Beynəlxalq Aeroportundan əldə etdiyi məlumata görə, reysin təxirə salınmasına  AZAL-a məxsus sərnişin təyyarəsinin sənədlərində yaranan problem səbəb olub.

Bildirilir ki, Bakıya uçmalı olan sərnişinlər London hava limanından artıq geri qaytarılıblar. Təyyarə sabah saat 18:05-də Bakıdan Londona uçacaq.

 

İcmal.Az

RƏYLƏR