Azay Quliyev yenidən ATƏT PA-nın “İpək Yoluna Dəstək Qrupu”nun sədri seçilib

OXUNUB: 566 SİYASƏT
Bu gün Lüksemburqda başlayan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlamentlərarası Assambleyasının (ATƏT PA) 28-ci illik sessiyası çərçivəsində ATƏT PA-nın "İpək Yoluna Dəstək Qrupu”nun (Silk Road Support Group — SRSG) 6-cı iclası keçirilib.

İcmal.Az xəbər verir ki, bu qrupa sədrlik edən ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev özünün giriş nitqində iclas iştirakçılarını salamlayıb və Özbəkistan nümayəndə heyətinin də SRSG-yə qoşulduğunu bəyan edib.

İclas iştirakçıları qrup sədrinin SRSG-nin fəaliyyətinə dair hesabat məruzəsini dinləyib və təsdiq ediblər.

Qrupda təşkilati məsələlərə də baxılıb. Azay Quliyev yeni müddətə təkrarən qrupun rəhbəri seçilib. İsveçrəli deputat Filippo Lombardi və onun Serbiyadan olan həmkarı Stefana Miladinoviç qrupun sədr müavinləri seçiliblər.

Qrupun işində ATƏT PA-nın sədri Georgi Tsereteli, təşkilatın baş katibi Roberto Montella və ATƏT PA-nın xəzinədarı Doris Barnet iştirak və çıxış ediblər. Georgi Tsereteli öz çıxışında bu cür təşəbbüslərin əhəmiyyətini qeyd edib. O vurğulayıb ki, dəstək məhz siyasi xarakter daşıyır, çünki belə proqramlar bütün ATƏT məkanında iqtisadi əməkdaşlığın, sülhün və təhlükəsizliyin möhkəmlənməsinə istiqamətlənib.

AFR nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın xəzinədarı Doris Barnet də dəstəyini ifadə edərək Almaniyanın da bu qrupa qoşulmaq istədiyini bəyan edib. O qeyd edib ki, yalnız Şərqlə Qərbin ikitərəfli və qarşılıqlı fəaliyyəti sayəsində uğur qazanmaq mümkündür.

Monteneqro parlamentinin spikeri İvan Brayoviç də qrupa dəstəyini ifadə edib və bu cür təşəbbüslərin birləşdirici rolunu vurğulayıb.

İsveçrə nümayəndə heyətinin başçısı Marqareta Kiner Hellen iclas iştirakçılarına sentyabrın 5-7-də Alplardakı Andermattedə keçiriləcək SRSG İsveçrə Beynəlxalq konfransının proqramı barədə məlumat verib.

Türkiyə nümayəndə heyəti qrup iştirakçılarını konfranslardan birini gələn ilin aprelində İstanbulda keçirməyə dəvət edib. İtaliya nümayəndə heyəti isə bu tədbirlərdən birini 2020-ci ilin noyabrında onların ölkəsində keçirməyi təklif edib.

Xatırladaq ki, SRSG 2017-ci ildə ATƏT PA-nın Minskdə keçirilən 26-cı sessiyasında yaradılıb. Fəaliyyətinə 17 dövlətin iştirakı ilə başlayan qrupun üzvlərinin sayı bu gün 25-ə çatıb. Bu, Böyük İpək yolunun beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin bariz nümunəsidir.
 

 

İcmal.Az

RƏYLƏR