“Azenko”nu kim çökdürür? – Pirverdiyevin mirası yoxa çıxır

OXUNUB: 1341 GÜNDƏM İQTİSADİYYAT

"Azenko” Açıq Səhmdar Cəmiyyətində (ASC) işçilərə 2 aydır ki, əmək haqqı verilmir. Bu barədə şirkətin əməkdaşlarından biri məlumat verib.

Onun sözlərinə görə, buna səbəb "Azenko” ASC-nin fəaliyyətində durğunluğun yaranmasıdır. "Etibar Pirverdiyev vəzifəsindən çıxarılandan sonra "AzərEnerji” ASC tərəfindən "Azenko” iş verilmir. Buna görə şirkətin işçiləri işsiz və maaşsız qalıblar. Xahiş edirik müafiq orqanlar bizim problemi həll etsinlər”, - mənbə bildirib.

Qeyd edək ki, "Azenko” ölkədə tikinti-quraşdırma işlərini yerinə yetirən ən böyük şirkətlərdən biridir.

Şirkətin "AzərEnerji” ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevə məxsus olduğu, onun yaxın qohumları tərəfindən idarə olunduğu bildirilir. Düzdür, sonrada əlindən alndığına dair məlumatlar da yayıldı.

Ancaq hər halda Etibar Pirverdiyev "AzərEnerji”yə rəhbərlik etdiyi dövrdə həm enerji sektorunda, həm də başqa sahələrdə ona həvalə edilən tikinti-quraşdırma işləri "Azenko” ASC vasitəsilə həyata keçirilirdi. Bu zaman həyata keçirilən işlərin dəyəri dəfələrlə şişirdilərək dövlət büdcəsinin 10 milyonlarla manat vəsaiti mənimsənilirdi.

Məsələn, 30 milyona başa gələn Dövlət Bayraq Meydanının tikintisi "Azenko” ASC tərəfindən həyata keçirilmişdi. Bir müddət sonra tikintinin keyfiyyətsiz  olduğu, pulların böyük hissəsinin mənimsənildiyi ortaya çıxdı. Eləcə də "AzərEnerji”nin sifarişi ilə görülən işlərin dəyəri də dəfələrlə artıq yazılmaqla, keyfiyyətsiz şəkildə yekunlaşdırılırdı. 2018-cı ildə baş verən enerji böhranı zamanı bu fakt öz təsdiqini tapdı.

Belə görünür ki, həmin enerji böhranına görə yalnız Etibar Pirverdiyev deyil, "Azenko” ASC də cəzalandırılıb. Əlbəttə, dövlət vəsaitinin talanmasında iştirak edən şirkət rəhbərliyinə artıq iş etibar edilməməsi başadüşüləndir. Ancaq şirkətdə çalışanların, zəhməti ilə  çörəyini qazanan fəhlələrin, mütəxəssislərin günahı nədir, bilmirik.

Ancaq onu bilirik ki, "AzərEnerji”nin yeni prezidenti Baba Rzayevin ASC-də həyata keçirilən bütün tikinti-quraşdırma işlərini qardaşına və digər yaxınlarına məxsus şirkətlərə həvalə etdiyinə dair məlumatlar yayılıb. Bəlkə də qohum-əqrəbanın tələbatı çox olduğundan, hörmətli Baba müəllim "Azenko”ya iş tapıb verə bilmir… 

AzPolitika.info

RƏYLƏR