Azərbaycan belə talanır: 70 yaşlı məmurun milyonluq seyrəngahı... - FOTOLAR

OXUNUB: 1007 İQTİSADİYYAT
İyulun 11-də Prezident İlham Əliyev "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin  (AZAL) sədri Cahangir Əsgərovu 70 yaşı - yubileyi ilə əlaqədar "Şərəf” ordeni ilə təltif edib. 

Bu mükafatdan sonra araşdırmaçı jurnalistlər Cahangir Əsgərovun vəzifədə olduğu vaxtda əldə etdiyi sərvəti ilə bağlı məlumatlar yayıblar.

Cahangir Əsgərov 24 ildir ki, AZAL-ın prezidentidir.
 
Həbib Müntəzir: "Vəhsudan düşərgəsi" adlanan ərazidə özünə dəbdəbəli düşərgə tikdirib"

Araşdırmaçı Həbib Müntəzir yazır ki, AZAL dövlət konserni rentabelsiz fəaliyyətinə görə hər il dövlət büdcəsindən yüz milyonlarla vəsait alır, dövlət konserninin maddi texniki bazsasında bütün məsrəfləri dövlətin üzərinə yükləyir:
 
Foto: Həbib Mütntəzir

"Cahangir Əsgərov Azərbaycanın dövlət büdcəsini dağıtmaqla yanaşı, vətəndaşlara avia biletləri qonşu dövlətlərə nisbətən 10-12 dəfə baha qiymətə satmaqla da gəlirlərini artırıb. Bu da onun mənə məlum olan ikinci dəbdəbəli sarayı:

İsmayıllı rayonu, Bədo Bulağının yaxınlığında, 8 hektarlıq ərazidə "Vəhsudan düşərgəsi" adlanan ərazidə özünə dəbdəbəli düşərgə tikdirib. 9 tikilidən ibarət olan seyrəngahda, bir ədəd iri malikanə, bir ədəd isə daha kiçik villa mövcuddur. Digər tikililərin nələr olması haqda məlumatlar yoxdur. Ərazidə 1 hektarlıq göl və helikopter dayanacağı da var", - qeyd edib. 

Jurnalist Əsgərovun düşərgəsinin görüntüsünü də yayıb.

Hafiz Babalı: Paylaşmayın, paylaşdıqca artır"

Bundan sonra jurnalist Hafiz Babalı da ordenli Cahangir Əsgərova mülkləri ilə bağlı araşdırma "hədiyyə edib". 

Hafiz Babalı yazıb ki, Əsgərovun Naftalanda 5 ulduzlu otel və müalicə mərkəzi var: "Ailəsinə məxsus "Garabag Resort and Spa" 5-ulduzlu otel və müalicə mərkəzi var. Sağ tərəfdəki yaşıl dairə vertolyot meydançası, soldakı bir neçə hektar sahədə tikilən villa və hovuz Əsgərov-Həmzəyeva cütlüyünün şəxsi mülküdür. Paylaşmayın, paylaşdıqca artır".

Foto: Hafiz Babalı
 
Əsgərov Batumini necə alıb:  168 otaqlı otelin 100-dən artıq personalı var

Həbib Müntəzir və Hafiz Babalıdan sonra araşdırmaçı Cavanşir Həsənli də AZAL şefi Cahangir Əsgərovun 70 illik yubileyinə "hədiyyə" göndərib. 

O qeyd edib: "Gürcüstanın Batumi şəhərindəki "Grand Gloria" (Böyük Qələbə) otelinin Cahangir Əsgərovun ailəsinə məxsus olduğu heç kimə sirr deyil. Amma bu faktı sənədlərlə bir daha diqqətə çatdırmaq istəyirəm. Gürcüstan Ədliyyə Nazirliyindən əldə olunmuş reyestr çıxarışına görə 31 milyon dollar investisiya dəyəri olan "GRAND GLORİA" oteli 2010-cu fevralın 16-da Tiflisin Krtsanisi rayonu, Gorgasali küçəsi 3 hüquqi ünvanında qeydiyyatdan keçmiş GLORİA LLC-nin mülkiyyətindədir. Qeydiyyat sənədlərinə (404379338 saylı lisenziya) görə nizamnamə kapitalı 3.393.000 lari olan şirkətin 50,76 faizi AZAL prezidentinin arvadı Zərifə Həmzəyevaya, 24,62 faizi qızı Cəmilə Əsgərovaya, qalan 24,62 faizi isə digər qızı Məlahət Əsgərovaya aiddir.

"Grand Gloria"-nın idarəçiliyi Türkiyə vətəndaşı MURAT TANSU-ya həvalə olunub. 168 otaqlı otelin 100-dən artıq personalı var. Gürcüstan hökumətinin ilk başdan Əsgərovlar ailəsi qarşısında qoyduğu şərtə görə, otelin tikintisi (200 nəfər işçi çalışıb) və idarəçiliyində işçilərin 90 faizi Gürcistan vətəndaşları olmalıdır.

GLORİA LLC-nin saytında - http://gloria.ge/en/home - yer alan məlumatlara görə paytaxt Tiflisdəki "TİFLİS PALACE" oteli də AZAL şefinin ailəsinə məxsusdur. Zərifə Həmzəyeva (özünün Zaya adlandırılmasını xoşlayır) və qızları həmçinin Tiflisin Vakhtang Gorgasali küçəsi 3-də yerləşən "TİFLİS VERANDA" restoranının sahibidirlər.

Batumidə, Konstantin Qamsaxurdia küçəsi 8-də, Acarıstan Konstitusiya Məhkəməsi binasının arxasında yerləşən GOLDEN PALACE BATUMİ HOTEL və eyni adlı kazino da AZAL şefinin ailəsinə məxsusdur. Otel əvvəlcə Zərifə Həmzəyevanın mülkiyyətində olub, sonradan GLORİA LLC--nin idarəçiliyinə keçirilib.

Cahangir Əsgərovun qızlarının Londonda da şirkətləri var və təkcə GAZELLI ART HOUSE LIMITED-in aktivlərinin həcmi 31.495.464 funt sterlinq və ya 41 milyon dollardır (1 oktyabr 2018-ci il məlumatı).

Dünyanın ən bahalı aviaşirkətlərindən olan AZAL 2018-ci ili 208 milyon manat "zərərlə" başa vurub, hər il dövlət büdcəsindən bu şirkətə külli-miqdarda dotasiya ayrılır".

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti məlumatlara münasibət bildirməyib. 

Məsud
Arqument.az










RƏYLƏR