Azərbaycan cəmiyyəti tarixin ən ağır dövrünü yaşayır - AÇIQLAMA

OXUNUB: 743 İQTİSADİYYAT
Prezidentin köməkçisi Anar Ələkbərovun ziyalılarla, ictimai xadimlərlə keçirdiyi görüşdə iştirak etmiş şair Şəhriyar Del Gerani Azərbaycan Xalq Cəbhəsi Partiyası fəallarının tənqidlərinə, təhqirlərinə, ağır sözlərinə tuş gəlib.

Del Gerani isə cavabında qeyd edib ki, ondan prezidentin köməkçisi Anar Ələkbərova məktub yazmağı, həbs olunan partiya yoldaşlarının azad edilməsini bildirməyi gözləyirlər:

"Tamam. Mən də normal insan kimi təmiz Azərbaycan dilində deyirəm ki, mənim ölkədə həbs olunanlar barədə heç bir məlumatım yoxdur, maraqlanmıram, öz darmadağın həyatım, öz yaradıcılığımla məşğulam, maraqsızdır mənə ölkə ərazisindəki cinayət işləri və digər təfərrüatlar. Bunlardan ötrü hüquq mühafizə orqanları, Dövlət Təhlükəsizlik Xidməti var. Amma yenə də həbsin motivlərini, cinayət işini göndərin, maraqlanım, hüquqşünas dostlarla məsləhətləşim, gerçəkdən ədalətsizlik varsa, bir şair kimi, yazıçı kimi Prezidentin köməkçisinə də, özünə də məktub yazım.

Bəs siz nə edirsiniz? Mənim dediklərim qalır bir yanda, yüksək şövqlü arsızlıqla ittihama, aşağılamaya, təhqirə keçirsiniz. Mən bundan artıq nə deyim axı?”

Del Gerani AXCP üzvlərinin həbsinin repressiya kimi qiymətləndirilməsinə etiraz edib:

"Neçə gündür dirəşmisiniz ki, "Ölkədə repressiya var, niyə susursan?" Ay ərköyünlər, ay şıltaq vətəndaşlar, repressiyanın mahiyyəti istedada, işığa, milli aydına qarşı mübarizədir, sizin kimi qaramatlara, millət düşmənlərinə, istedadsızlara qarşı niyə repressiya olunsun ki? Azərbaycan ziyalılarını zaman-zaman repressiya ediblər ki, sizin kimi bir nəsil yetişsin. Bəs sizi niyə repressiya etməlidirlər? Hansı məntiqlə? Absurddur. Komikdir”.

Şairin bu açıqlamalarından sonra sosial şəbəkələrdə müzakirələr açılıb, cəbhəçilər tərəfindən onun ünvanına ağır ifadələr yazılıb...

Prezidentin köməkçisi ilə görüşdə təkcə Del Gerani olmayıb.

Həmin toplantıda iştirak etmiş tənqidçi, professor Qulu Məhərrəmli Musavat.com-a baş verənlərlə bağlı öz münasibətini açıqlayıb.

Professorun fikrincə, kiminsə yüksək vəzifəli şəxslə görüşməsi onun üzərinə öhdəlik qoymur ki, hər hansısa məsələ ilə bağlı mütləq münasibət bildirsin, ortaya mövqe qoysun:

"Eyni zamanda həmin görüşdə iştirak etmiş Şəhriyar Del Gerani və digərlərinin üzərinə belə öhdəlik qoyulmur. Sadəcə, bu, başqa məsələdir ki, insanlar cəmiyyətə gedən proseslərlə bağlı vətəndaş mövqeyi nümayiş etdirməlidir.

Əgər qanunsuz həbs varsa, əsassız işgəncə verilirsə, buna münasibət bildirilməlidir, pislənməlidir. Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycan cəmiyyəti tarixinin ən ağır dövrünü yaşayır”.

Q.Məhərrəmlinin sözlərinə görə, cəmiyyətin, xalqın dövlətlə həmrəliyi var və bu, olduqca ciddi məsələdir:

"Çünki qarşıda Qarabağ kimi ciddi problem, Ermənistan kimi məkrli düşmən var və belə situasiyada çox arzuolunandır ki, cəmiyyətdə sıx həmrəylik olsun.

Bu gün milli maraqlar, dövlətçiliyi yaşatmaq uğrunda həmrəyliyin olması çox vacibdir. Amma hər bir vətəndaş ölkəsindəki hadisələrə fərqli münasibət bildirə bilər.

Bu mövqe subyektiv və obyektiv ola bilər. Ancaq ədalətsizlik, qanunsuzluq varsa, buna münasibət bildirilməlidir. Çünki bir çox hallarda məmur özbaşınalığı mövcuddur, cəmiyyətin müqavimət ilə qarşılaşanda bu və ya digər formada çəkingənlik yaradır”.

RƏYLƏR