Azərbaycan ciddi dəyişikliklərin astanasında: Parlament buraxılır - Referenduma gedilir

OXUNUB: 380 index-manşet SOSİAL

Azərbaycanda qızmar yaydan sonra qaynar siyasi hadisələrin sürətlə bir-birini əvəzləyəcəyi payız fəslinin gəlişi gözlənilir. 2021-ci ilin payızının ölkənin siyasi tarixində ciddi dəyişikliklərlə yadda qalacağı proqnozlaşdırılır.

Bu dəfə payız mövsümü həm də islahatların növbəti dalğasının başlanması ilə müşayiət oluna bilər. Məlumatlara görə, Azərbaycan hakimiyyəti siyasi islahatların çoxdan gözlənilən mərhələsinə start vermək niyyətindədir. Nəzərdə tutulan dəyişikliklərin gerçəkləşdirilməsi ölkə üçün siyasi hadisələrlə zəngin olan qaynar payız vəd edir.

Məlumatlara görə, nəzərdə tutulan islahatlar üçün hüquqi baza yaratmaq məqsədilə bu ilin oktyabr-noyabr aylarında referendumun keçirilməsi planlaşdırılır. Referendumda ölkə Konstitusiyasına bəzi əlavə və düzəlişlərin edilməsi gözlənilir. Sözügedən yeniliklər ciddi siyasi dəyişiklillər üçün hüquqi baza rolunu oynayacaq. Burda söhbət proporsional seçki sisteminin bərpasından gedir. Hakimiyyət proporsional seçki sistemini bərpa etməklə siyasi partiyaların həm cəmiyyətdəki rolunu, həm də dövlət idarəçiliyindəki iştirakını artırmaq istəyir.

O da qeyd olunur ki, referendumdan sonra növbəti parlament seçkilərinə hazırlıq başlayacaq. Məlumatlara görə, qanunverici orqana növbəti seçkilərin 2022-ci ilin fevralında keçirilməsi planlaşdırılır. Bununla da paralmentin indiki tərkibinə fəaliyyətinin 2 illiyini tamamlamaq imkanı veriləcək.

"Yeni Sabah”ı bilgiləndirən mənbə ölkənin siyasi həyatında gözlənilən bu dəyişiklikləri həm də parlamentin indiki tərkibiylə bağlı narazılıqların artmasıyla əlaqələndirib. Onun sözlərinə görə, YAP-çı çoxluğun söz sahibi olduğu indiki tərkib ölkə rəhbərliyinin etimadını doğrultmadığı üçün onun dəyişdirilməsinə qərar verilib. Mənbə deyib ki, proporsional seçki sistemi daha çox siyasi partiyanın və partiyalar blokunun parlamentdə təmsilçiliyinə imakn yaradacaq. Onun sözlərinə görə, yeni hökumət formalaşarkən parlamentdə təmsil olunan siyasi partiyaların da kadr potensialından istifadə ediləcək.

RƏYLƏR