Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

OXUNUB: 248 MÜSAHİBƏ AZƏRBAYCAN Video DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

Bakı. 27 aprel. / Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkədə səfərdə olan Türkiyə Respublikası Jandarma Baş Komandanı, ordu generalı Yaşar Gürelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

General-polkovnik Z.Həsənov Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın daim inkişaf etdiyini, strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri əsasında qurulduğunu və əlaqələrimizin davamlı olduğunu vurğulayıb.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə ciddi təhdiddir. Bu problemin tezliklə beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həlli vacibdir.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən ordu generalı Y.Gürel dövlətlərimizin əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq ənənələrinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu vurğulayıb.

Sonra Azərbaycan və Türkiyə hərbi qurumları arasında əlaqələrin inkişaf perspektivləri, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq imkanları, birgə planların işlənilməsi, təlimlərin keçirilməsi, qarşılıqlı səfərlərin təşkili, o cümlədən maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

RƏYLƏR