Azərbaycan kosmik sənaye ölkələri arasında mövqeyini getdikcə möhkəmləndirir

OXUNUB: 1065 SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və müasir tariximizin önəmli layihələrindən biri olan "Azerspace-1” peykinin 2013-cü ildə orbitə çıxarılması ilə ölkəmiz azsaylı dövlətlərin təmsil olunduğu "kosmik klub”a üzv seçildi. Bu məqamda xatırlatmaq yerinə düşər ki, respublikamızda bir çox digər sahələrdə olduğu kimi, kosmik sənayenin əsasları da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ulu öndərimizin təşəbbüsü ilə 1974-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində "Kosmik cihazqayırma konstruktor bürosu” yaradılıb və burada kosmik tədqiqatların aparılmasına başlanılıb. 
Təəssüf ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda cərəyan edən siyasi proseslərin destruktiv təsirləri kosmik sənayeyə də təsirsiz ötüşmədi, bu sahədə ixtisaslaşan kadrların ölkədən axınına, əldə olunan bilik və təcrübənin itirilməsinə gətirib çıxardı. 
Lakin 1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızda xaos və anarxiya aradan qaldırıldı, xarici və daxili düşmənlərin ölkəmizi parçalamaq, müstəqil dövlətimizi məhv etmək planları puça çıxarıldı, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, aparıcı dövlətlər tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması reallaşdı. İqtisadiyyatın dirçəldilməsinə başlanıldı. Elm sahəsinə diqqət və qayğı artırıldı. Azərbaycan Milli Elmlər Akademiyasının ləğvinin qarşısı alındı. 
Dahi öndərimizin müdrik siyasətini son 15 ildə uğurla davam etdirən Prezident İlham Əliyev digər sahələrlə yanaşı, kosmik sənayenin yaradılmasına və inkişafına, informasiya texnologiyalarının yüksəlməsinə xüsusi önəm verib. Üçüncü peykimizin uğurla orbitə buraxılması, Azərbaycanın regional kosmik sənaye mərkəzinə çevrilməsi bunun parlaq ifadəsidir.
Tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycan artıq orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridir. Bu sahəyə xüsusi diqqət yetirilməsi də təsadüfi deyil. Çünki informasiya-kommunikasiya texnologiyalarının inkişafı uğurlu gələcəyimizin təminatıdır. Bununla Azərbaycan, həm də telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını aradan qaldırır. Onu da bildirim ki, kosmik sənayedə əldə edilən nailiyyətlər ölkəmizin qeyri-neft sənayesinin davamlı inkişafına da böyük töhfə verəcək.
Azərbaycan Prezidenti bu uğur münasibəti ilə xalqa ünvanladığı təbrikdə qeyd etdiyi kimi, qısa müddət ərzində dünyanın kosmik klubunun dəyərli üzvünə çevrilən respublikamız qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edir, ölkəmiz dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir.
Yeri gəlmişkən, bu gün respublikamızda müsbət göstəriciləri ilə diqqət çəkən "Azərkosmos” ­ASC-nin fəaliyyəti barədə də qısaca danışmaq istərdim. Adıçəkilən ASC qlobal peyk xidmətləri bazarı fonunda regional peyk operatorudur. Lakin peyk xidmətləri bazarında fəaliyyət göstərdiyi ötən müddət ərzində əlverişli mövqe qazana bilib. ASC-nin fəaliyyəti Strateji İnkişaf Planı əsasında qurulub, burada korporativ idarəetmənin ən son yenilikləri tətbiq edilib. Bütün bunların nəticəsi olaraq, "Azerkosmos” kommersiya fəaliyyətinə başladığı dövrdən ötən müddətdə peyklərin istismarından böyük həcmdə gəlir əldə edib. Əldə olunan gəlirlər peyklərin maliyyələşdirilməsi üçün alınmış kreditlərin ödənilməsinə yönəldilib.
"Azerkosmos” ASC-nin cari ilin birinci yarısında xidmət ixracını həyata keçirdiyi ölkələr sırasında Fransa, Malayziya, BƏƏ, Almaniya, Gürcüstan əsas yer alıb. 
"Azərkosmos” ASC fəaliyyət göstərdiyi dövrdə xarici iqtisadi əməkdaşlığa xüsusi diqqət yetirib, kosmik sahədə Azərbaycan və ABŞ arasında sıx əlaqələr yaradılıb. "Azerspace-1” və "Azerspace-2” peyklərinin ABŞ-ın kosmik sahədə aparıcı şirkətləri olan "Orbital Sciences Corporation” və "Space Systems/Loral” (SSL ) tərəfindən yüksək etibarlı platformalar əsasında istehsal olunması bunun bariz ifadəsidir. 

Azər VERDİYEV, 
Qlobal Araşdırmalar Liqası
İctimai Birliyinin sədri, politoloq

 

İcmal.Az

RƏYLƏR